Nurlana Əliyevaya qarşı absurd "Primakov teatrı"-

Nurlana Əliyevaya qarşı absurd "Primakov teatrı"- Milli amal və idealın harada tamamlandığını bilməyənlər üçün...

İki gün öncə Nurlana Əliyevanın BSU-nun rektoru vəzifəsindən azad edilməsindən sonra bəzi şəxslər professor Nurlana Əliyevanı tənqid etməyə başlayıblar. Özlərinə və əqidələrinə yoldaş olmalı adamlar haqqında yazmalı olan bəzi saytlar Nurlana Əliyevanı müzakirə edirlər.Sanki sosial kəşf edirlərmiş kimi bu xanımın vəzifədən hansı səbəbdən çıxarılmasına münasibət sərgiləyənlər mənfi emosiyalarını gizlətmək istəsələr belə özləri və əqidə yoldaşlarını ifşa etməkdədirlər.Yenə mövzu Primakov, Dürdanə Əliyevadır.

Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsinin keçirilməsi məsələsində yazılan məqalələrdə şişirtmələr vardı, indi də var. Bu hadisədən kim(lər)sə qazanclı çıxması üçün qərəz yürüdürdü, indi də yürüdür. Yenə də urapatriotcasına bəzi saytlar şüurlara sırımaq istəyirlər ki, Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsi Bakı Slavyan Universitetində keçirilib.Azərbaycan Dillər Universiteti buna icazə verməyib, Bakı Slavyan Universiteti verib.Günahkar da Nurlana Əliyevadır. Bu mövzuda saytlara, “copy-paste”lərə, bir çox üzdəniraq sosial şəbəkə istifadəçilərinə fokuslanmaq istəmirik. Əks təqdirdə, mahiyyətdən kənara çıxmış olarıq. Bir halda ki,bu mövzunu davam etdirmək istəyənlər var, milli maraqlar baxımından öz mövqeyimizi bildirməyi məqbul bilirik.

Xatırladaq ki, bir müddət əvvəl BSU-nun yaydığı məlumatda qeyd olunurdu ki, esse müsabiqəsi Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin layihəsi olaraq, universitetdə deyil, səfirlikdə keçirilib. Yəni, esse müsabiqəsinin ideya müəllifi, həm də təşkilatçısı Rusiyanın Azərbaycandakı səfirliyidir. Universitet bu təşəbbüsdə olmayıb.

Yayılan bu məlumatların ardınca baş verənlərdə “katalizator” rolunu oynayan bir neçə sayt sosial şəbəkələr üzərindən irəli gedərək, Primakovun Bakıdakı sərgisinə qatılmaqda millət vəkilləri – Səməd Seyidov, Sevinc Fətəliyeva və Sahibə Qafarovaya qarşı da böhtan atılmasına, onları ləkələməyə, insanlarda bu şəxslərə qarşı nifrət hissi oyatmağa sosial şəbəkə istifadəçiləri qədər şərik oldular. Millət vəkili Səməd Seyidovun açıqlamasından isə aydın oldu ki, Sevinc Fətəliyeva və Sahibə Qafarova həmin vaxt Brüsseldə olublar. Özü isə ümumiyyətlə, Primakovun Bakıdakı sərgisinə qatılmayıb. Səməd Seyidov: “Görünür ki, bu iddiaları irəli sürən şəxslər mənim “20 Yanvar” şəhidlərini çiynimdə daşıdığımdan, qanlı gecədə şəhid olmuş tələbəm Ülvü Bünyadzadənin adına muzey açmağımdan, doğma qardaşımın ermənilər tərəfindən qətlə yetirildiyindən bixəbərdirlər”.

Göründüyü kimi, əli “20 Yanvar” şəhidlərinin qanına bulaşmasında iddia olunan, Bakıda qırğın törətməkdə təqsirli şəxslərdən biri hesab edilən Yevgeni Primakov haqqındakı esse ətrafında aparılan müzakirələr heç də həmin zaman kəsiyində işimizə yaramırdı, indi də yaramır. Bu mövzu ətrafında məqsədli şəkildə siyasi manipulyasiya edən şəxslər unudur ki, mövzu ancaq və ancaq Rusiya Federasiyasında hakimiyyətdə təmsil olan, Azərbaycana müsbət münasibət bəsləyən çox az sayda şəxsləri də neytrallaşdırmağa xidmət edir. Bu da ermənilərin işinə yarayır. Belə olmasaydı, BSU-nun yaydığı məlumatda üstüörtülü də olsa deyilməzdi: “Bir faktı xüsusi qeyd etmək istəyirik ki, Rusiya Federasiyası Azərbaycanın böyük və qüdrətli qonşusudur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balanslaşdırılmış xarici siyasət kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir dövrün reallıqlarına və tələblərinə uyğun şəkildə yaradıcılıqla davam etdirilməsi nəticəsində Azərbaycan və Rusiya arasında münasibətlər bütün sahələrdə yüksələn xətlə inkişaf edir”.

Bu isə müəyyən mənada siyasətdən anlayışı olanlar üçün o demək idi ki, tarixə hörmət, indiyə qədər baş verənləri unutmamaq şərtilə, sabaha addımlamaq vacibliyindən irəli gələn bir şəkildə davranmaq, indiki şəraitdə bəzən məqbuldur. O ki qaldı, belə həssas mövzularda ekspertlərimizə, onların bəziləri də həmin vaxt fikir yürüdərkən səhvlərə yol verdilər. Məsələn iqtisadçı ekspert Nazim Bəydəmirli saytlardan birinə Primakov mövzusunda danışarkən əsassız yerdən BSU rektoru Nurlana Əliyeva haqqında çox ədalətsiz davrandı. Buradan isə haqlı sual yaranır.

Niyə, Primakov mövzusunda səfərbər olunanlar Azərbaycan Respublikasının müstəqilliyinin əleyhinə səs verənlərə də eyni şəkildə günlərlə münasibət sərgiləmir? Necə ola bilir ki, Nazim Bəydəmirli və bu mövzuda ədalətsiz danışan digəriləri “Azərbaycan qadını və müasirlik”, “Azərbaycan qadını və idarəçilik, təmsilçilik” kimi anlayışları görməzdən gəlir, ömrünü Azərbaycan təhsilinə, elminə həsr etmiş, onlarla müqayisə olunmayacaq bir şəkildə xalqı qarşısında xidmətləri olmuş, filologiya elmləri doktoru, professor Nurlana Əliyevaya Primakov mövzusunda “kim aparıb o qarını ora qoyub” deyə bilir?.. 

Onda belə çıxır ki, istənilən Azərbaycan kişi N.Bəydəmirlinin təbirincə, cinsindən olan həmvətənimizə sabah qocalanda “qoca kaftar” deməlidi? Beləmi olub, bizim bəy və xanımlarımız haqqında müraciət forması? Mədəni intellektual səviyyəsi olan belə danışarmı?Axı elə məsələlər var ki, orada davranış, müraciət kriteriyaları qorunmalıdır...

Şüurlarda tipik şərq qadını obrazını yenisi ilə əvəzləyən, qadınlarımız çox az saydadır. Onlardan biri də Nurlana Əliyevadır. Onu zamanla bu şəkildə təhqir etmək qəbul edilən deyildi, hazırda da onun haqqında yazan saytların fikri keçərli deyil. Əgər, Nurlana Əliyevanı Yevgeni Primakovun Rusiya səfirliyində keçirilən 90 illik yubileyi ilə bağlı esse müsabiqəsində tələbələrin iştirakına qadağa qoymamaqda qınayırıqsa, ona Dağlıq Qarabağ həqiqətlərinin xarici mətbuatda işıqlandırılmasında, BSU-ya il ərzində təşrif buyuran yüzlərlə xarici qonağın qarşısında erməni vandalizmi, Dağlıq Qarabağın Azərbaycana məxsusluğu mövzusunda apardığı işlərə görə də qiymət verməliyik.

Əgər söhbət məmləkət daxili sinfi məhkumluğa son qoymaqdan, milli amal və idealı üstün tutmaqdan, onun milli qəhrəmanlarına, “20 Yanvar” şəhidlərinə, bu günün özündə də Vətən yolunda şəhid olanlara qiymət verməkdən gedirsə, əhatəli yanaşma tərzi nümayiş etdirilməlidir. Yəni ekspertlərimiz, siyasi partiya rəhbərlərimiz rus şovinizminə qarşı olan Azərbaycan xalqının mütəfəkkir ziyalılarının, qəhrəman oğullarının həmişə sipərinə çevrilib, mövqe bildirməlidilər. O cümlədən, Azərbaycan ədəbiyyatının uzaq vuran artilleriyalarından biri hesab edilən,

Bilsin ana torpaq, eşitsin Vətən

Müsəlləh əsgərəm, mən də bu gündən.

-deyən, sovet illərində Azərbaycanda ifrat beynəlmiləlçiliyin əleyhinə çıxan, Azərbaycanşünaslığın yaranmasında xüsusi rolu olan, “Azərbaycan poeması”nı yazmaqla həyatını təhlükəyə atan, Yevgeni Primakovun da sevmədiyi şair Səməd Vurğun mövzusunda eyni mövqe sərgiləməli idi. Məgər, Səməd Vurğun “Azərbaycan” şeirini yazıb ölkəmizin gözəlliyini vəsf etməklə bərabər, şeirdə ideoloji xətti də seçmədimi? “Azərbaycan” şeirini əzbərdən milyonlar bilsə də, müəyyən kəsim insanlar da var ki, onlar şeirin nə qədər siyasi, ideoloji xarakterdə yazıldığını, vətənin iki yerə bölünərək,Azərbaycançılıq ideologiyasına zərbə vurulduğunu anlamamış deyillər? Həmçinin, o qanlı-qadalı 1938 -ci ildə rus işğalına qarşı “Aslan Qayası” poemasını, 1946-cı il dekabrın 17-də Pişəvərinin qurduğu milli hökuməti qan içində boğandan sonra 40 min Azəri türkünün öldürülməsinə, türkə olan nifrətin hayfını türkcədə yazılmış kitablardan çıxanlara qarşı “İran İrticaları” “Cəllad” şeirini 1947-ci il yanvar ayının 20- də yazmadımı? Ona görə Səməd Vurğundan misal gətirdik ki, bildiyimiz qədər Yevgeni Primakovun sevmədiyi şairlərdən biri də Səməd Vurğun olub.


Elə isə müxtəlif vaxtlarda tariximizi bilməyən “sapı özümüzdən olan baltalar”ın “düşüncəsi ilə” mütəfəkkirlərimizi aşağılamaq, onları əsassız yerdən tənqid, təhqir etmək, hətta onları kommunist ideologiyasına xidmət etməkdə suçlamaq, necə Primakov ideyasına xidmət sayılmayıb? Bunu kimlər edib bəs? Niyə susmusunuz,bu gün Nurlana Əliyevanı tənqid edən sayt rəhbərləri? Milli ideal və amala xidməti Yevgeni Primakov mövzusunda danışmaqla bitmiş hesab edirsiz?


O ki qaldı, “20 Yanvar” hadisəsinə, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyət həm də o zamankı Azərbaycan Kommunist Partiyası rəhbərliyinin üzərinə düşmürdümü? Azadlıq hərəkatını boğmaq məqsədilə Sovet qoşunlarının Azərbaycana çağırılmasına və xalqa qarşı yönəldilməsinə razılıq verən, sabitliyi təmin etməyən, kreslonu qorumaq üçün öz xalqının qanının tökülməsinə yol verən şəxslərdən niyə bəhs etmirsiniz?


Əgər söhbət məmləkət daxili sinfi məhkumluğa son qoymaqdan, milli amal və idealı üstün tutmaqdan, onun milli qəhrəmanlarına, “20 Yanvar” şəhidlərinə, bu günün özündə də Vətən yolunda şəhid olanlara qiymət verməkdən gedirsə, tarixdə baş verən hadisələrdən nəticə çıxarıb, daha əhatəli danışılmalıdır. Yoxsa ki, BSU-nun elmi işlər üzrə prorektoru olmuş,Rafiq Novruzovun rəhbərliyi altında bir qrup tələbənin iştirakı ilə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsinin keçirilməsi məsələsində yazılan məqalələrə görə rektor Nurlana Əliyevanı günahlandırmaq, mətbutəqib etmək absurd idi, indi də kimlər üçünsə elədir. Necə ola bilər ki, Azərbaycan ordusunun yaranmasına imkan verməyən, ordunun yaranmasını milli qvardiya ilə əvəzləyən şəxslərdən bəhs olunmur, adam sabiq prezident kimi 7 min manat təqaüd də alır, rahatlıqla Bakıda gəzir, lazım oldu-olmadı KİV-lərə istənilən mövzuda müsahibə də verə bilir, amma məsuliyyətdən kənar tutulur.


O ki qaldı, bəzi saytların bu mövzuya təkrar-təkrar qayıtmasına, onlar üçün Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsinin kim tərəfindən keçirilməsini bilmək istəmələrinə, yenə də gec deyil, Rusiyanın ölkəmizdəki səfirliyinə sorğu verə bilərlər. Çünki, beynəlxalq praktikada da var, xəbər yeri gəldikdə 3 mənbədən dəqiqləşdirilir.


Qayıdaq Nurlana Əliyevanın  Bakı Slavyan Universitetinə rektor təyin olunduğu zamanlara və onun iki gün öncə vəzifədən azad edilməsindən sonra ittiham  olunduğu məsələlərə.


Məgər, N.Əliyeva təmtəraqlı universitetə rektor təyin olunmuşdu ki, oradakı təmir işlərini o zaman faciəyə çevirənlər,indi onu rüşvət məsələsində ittiham edirlər?! BSU-da vaxtilə akt zalının bərbad vəziyyətdə olmasını, kanalzasiya sularının zirzəmiyə axıdılmasını, orada anarxiyanın baş alıb getməsini bugünkü vəziyyətlə müqayisə etmək məgər o qədər çətindir ki,N.Əliyevanı tənqid edənlər,pərdəarxası hansı oyunların oynanıldığını bilmirlər? 

N.Əliyevaya qədər orada olan maliyyə yeyintiləri o həddə çatmışdı ki, müəllimlərin məzuniyyət pulunu verməyə vəsait yox idi.Dekanlıqlarda attesstasiya komissiyasının protokolu yox idisə, sənədləşmə pis bir halda təzahür edirdisə, əmr kitabları möhürlənib qaytanlanmırdısa, orada bir ədəd ağıllı lövhə, proyektor, 30 ədəd kompyuter yox idisə, gərəkən də odur ki, N.Əliyeva  bu gün Əlavə və Qiyabi Təhsil şöbəsinin müdiri olmuş Dürdanə Əliyevanın mənimsədiyi 150 min manata görə,ittiham edilməsin. Məgər Nurlana Əliyeva da digər universitet rektorları kimi 10 milyon manatları mənimsəyib ki, onu bu gün başqasının mənimsədiyi 150 min manat pula görə,ittiham edirsiz?! Hərçənd bəzi universitet rektorlarının milyon manatlarla dövlət vəsaitini mənimsədiyini də bilməmiş deyilsiniz.Bunları bilə-bilə  Nurlana Əliyeva haqqında tənqid yazmaq media etikasına uyğundu ki,bəzi saytlar özlərinə əl qatırlar,sifariş yerinə yetirirlər? Niyə bir həftə ərzində tələbələrdən 620 min və daha çox rüşvət yığan rektorlar haqqında bir cümlə belə işlədilmir,Dürdanə Əliyevanın mənimsədiyi 150 min manata görə, Nurlana Əliyevanın vəzifədən çıxarılmasını "toy-bayrama" çevirirsiniz? Hələ bir buna bəraət də qazandırırsınız.

 Həqiqətdir ki,yazırsız- " Nurlana Əliyeva xidməti avtomobilindən düşəndə onu 5-6 nəfər müşayət edirmiş,o,Dövlət Pedaqoji kollecinin direktoru olanda bir tələbəyə sessiya 200-300 manata başa gəlirmiş"? Bunlardı, Nurlana Əliyevanın vəzifəsindən azad edilmə səbəbləri? Həqiqətən, bu yalanlarınız ilə ictimai rəyi aldada biləcəyinizi düşünürsünüz?!

Zamanla hərci-mərciliyin tüğyan etdiyi,ağac kötüyü üstündə oturularaq rüşvət yığıldığı,dəhlizlərindən ifunət iyi gəldiyi BSU-nun hazırkı vəziyyətini, ömrünün ixtiyar çağında yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirərək müasir vəziyyətə salan Nurlana Əliyevanın timsalında müqayisə edə bilmirsinizsə ,demək sağlam hislərin tabutuna sonuncu mıxı vurmuş oldunuz.Özü də "köhnə xatirələr" qiyafəsi ilə "səmimiyyət" pərdəsi altında.

FUAD İSGƏNDƏROV

FAKTİNFO.AZ SAYTININ BAŞ REDAKTORU


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər