ÖLKƏDƏ YOXSULLUQ ARTIR

ÖLKƏDƏ YOXSULLUQ ARTIR 

İqtisadçı Rövşən Ağayev rəsmi statistikanın milli hesablar bölməsinə nəzər yetirib.

 Ekspert yazır ki, Azərbaycanda devalvasiyanın əhaliyə neqativ təsirlərini əks etdirən yeganə rəsmi mənbə milli hesablar olub: “Həmin statistika devalvasiya zamanı və devalvasiyadan sonrakı mərhələdə – 2015-2017-ci illərdə ev təsərrüfatlarının qənaətinin mənfi olduğunu göstərdi. Qənaətin mənfi olması o demək idi ki, əhalinin cari gəlirləri xərclərini qarşılamayıb və adamlar öz ehtiyaclarını ya borc, ya da əvvəlki illərin qənaətlərini əritməklə qarşılayıb.

2015-2017-ci illər üzrə həmin kəsir 3 milyard manata yaxın olmuşdu – yəni əhali həmin üç ildə qazanmadığı 3 milyard manatı qeyd olunan mənbələrdən cəlb etməklə xərcləmişdi.

Yeni statistika göstərir ki, pandemiyadan sonrakı dövr əhali üçün çox ağır keçir. Ötən il əhalinin maliyyə yığımları son 16 ilin ən aşağı həddinə düşüb – cəmi 600 milyon manat. Məsələn, 2012-ci ildə bu rəqəm 8,7 milyard manat olmuşdu.

Təəssüf ki, Azərbaycanda yoxsulluq və gəlir bərabərsizliyi statistikası çox etibarsızdır. Əminəm ki, keyfiyyətli statistika olsa, 600 milyon manatlıq maliyyə yığımının ən yüksək gəlirli 20 faiz zəngin ev təsərrüfatlarına aid olduğu üzə çıxar. Qalan qruplara aid ev təsərrüfatlarının büdcələrinin yenə də böyük kəsirlə üzləşdiyi bəllidir".

"İqtisadçılar Engel qanununu yaxşı bilir – yoxsulluq nə qədər yüksəkdirsə, əhalinin büdcəsində qida xərclərinin də payı o qədər yüksəkdir. Engel əmsalı 40 faizə qədərdirsə, ailə yoxsul hesab edilmir. 40 faizdən yüksək göstərici yoxsulluğa işarədir, xüsusən 60 faiz və daha yüksək göstərici ifrat yoxsulluq sayılır.

Yenə də milli hesablar statistikasına görə, 2022-ci ilin ilk rübü Azərbaycanda Engel əmsalı son 8 ildə ən yüksək həddə çatıb – 56,5 faiz.

2014-cü ildə bu göstərici 50 faiz, 2021-də 54,5 faiz olmuşdu. Bu göstəricinin dinamikası da ölkədə yoxsulluğun artımını dolayı təsdiqləyən göstəricilərdən biridir.

Yüksək inflyasiya yoxsul qruplar üçün çox təhlükəli həddə çatıb. 2021-ci ildə əhalinin gəlirlərinin cəmi 2 faiz artımı müqabillində xərcləri 12 faizə yaxın artıb” -  deyə, R.ağayev bildirir. 

Dövlət Statistika Komitəsi bildirir ki, 2022-ci ilin yanvar-may aylarında istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 12,6 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 17,9 faiz, qeyri-ərzaq məhsulları 6,6 faiz, ödənişli xidmətlər 10,2 faiz bahalaşıb.

Açıqlamaya əsasən, beş ayda pərakəndə ticarət şəbəkəsində alınan mallara xərclənən vəsaitin 52,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının payına düşüb.














Birinci məlumatlanmaq üçün facebook səhifəmizi