Parlament müxalifəti özünü doğruldurmu? – “Razi Nurullayevə gülürlər, Fazil Mustafa isə...”
"Parlamentdə təqribən 7-8 siyasi partiya var və əksəriyyəti də Xalq Cəbhəsinin şinelindən çıxıb. Onların fəaliyyəti daha çox partiya təbliğatından uzağa getmir.
Fazil Qəzənfəroğlu daima normal müxalifət mövqeyi olan partiya sədridir. Razi Nurullayevin təklifləri isə gülüş doğurur, siyasi cəhətdən o qədər də formalaşmayıb”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev son zamanlar siyasi partiyaların müşahidə olunan səssizliyindən, fəaliyyətsizliyindən danışarkən deyib.
O bildirib ki, Azərbaycan müxalifətini parlamentdə təmsil edən partiyaların fəaliyyəti qəmaətbəxş deyil: "Buna görə də xalq siyasi partiyalara inanmır. Parlamentdə olmayan müxalifət partiyalarından bir neçəsi isə fəaldır. Məsələn, Azərbaycan Demokratik Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Ümid Partiyası və.s. Bunların həm ağıllı təklifləri var, həm də mövqeləri sərtdir, zaman-zaman çıxışlar edirlər”.
Müsahibimiz siyasi partiyaları hansısa maraq qarşılığında mövqelərini dəyişməkdə ittiham edib:
"Müxalifət partiyalarının əksəriyyəti bir növ siyasi bazardadır. Təklif var, tələb yoxdur. Ona görə də siyasi partiyaların bir hissəsi konstruktiv möqveyə keçir, bir hissəsi ümumiyyətlə, aqressiv mövqedə çıxışlar edir. Amma o vaxta qədər ki, həmin partiya iqtidardan istədiyini alır. Bunu edən kimi partiya tamamilə geri çəkilir. Təəssüf ki, Azərbaycan müxalifətinin liderlərinin bir hissəsi "makiavellist”dir. Yəni, onlarda əxlaq , vicdan normaları bir kənarda qalır, şəxsi maraqlara xidmət edilən hər cür addım atılır”.
Bu xəbər üçün şərh yazın