Professor-müəllim heyətinin narazı salındığı universitetlərdən biri - AzTU

Professor-müəllim heyətinin narazı salındığı universitetlərdən biri - AzTU 

Faktinfo.az xəbər verir ki,professor,müəllim heyyətinin narazı salındığı,incidildiyi universitetlərindən bir də Azərbaycan Texniki Universitetidir.Belə anlaşılır ki,narazılıqlar,incidilmələr məqsədli şəkildə edilir və burada kimlər isə maraqlıdır.Artıq təhsil sektoruna cavabdeh olan şəxslər,nəzarətedici tənzimləyici rəhbərlər də bu kimi halları görməzdən gəlirlər.Gəncə şəhərində yerləşən universitetlər daxil,paytaxtda yerləşən ali təhsil müəissələrinə rəhbərlik edən rektorlar sanki vahid mərkəzdən idarə olunurmuşlar kimi təsir bağışlayır.Həqiqət payı çox olan bu biabırçı mənzərəni seyr edərkən isə görünür ki,rektorlar pul qazanmaq yarışına girişiblər. Bu yarışda isə işlədilən ümumi ifadə "islahat aparırıq" deyimidir.

Faktinfo.az xatırladır ki,bu mənada son günlər davamlı məqalələrin yer aldığı mövzu AzTU ilə bağlıdır.

Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

"Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir".

Məqalənin davamında deyilir: "Bakıya kim qonaq gəlirsə, V.Vəliyev dərhal onu AzTU-ya dəvət edir, əsabələri ilə birlikdə universitet söküntülərinin və xərabəliklərinin ərazisinə onları ekskursiyaya çıxararaq, bu ərazilərdə yaxın gələcəkdə görüləcək “gözəl-gözəl işlərin” planlarından onlara nağıllar danışır.

Qonaqlarla və əsabələri ilə şəkil çəkdirib, AzTU saytına yerləşdirmək, V.Vəliyevin “elmi-tədris fəaliyyətinin” ən mühüm komponentlərindən biridir.

V.Vəliyev AzTU-ya gəldiyi gündən, burada tədrisi “texnikisizləşdirməyə”, iqtisadiləşdirməyə”, humanitarlaşdırmağa başlayıb, texniki kadr hazırlığının əsaslarını dağıdıb. Hələ təkcə texniki kadr hazırlığının əsaslarını dağıtsa yaxşı idi, o, ümumiyyətlə burada tədris adında nə varsa, hamısını tədris prosesindən kənarlaşdırır, ləğv edir. Çalışır ki, tədris planlarından ixtisas fənlərini mümkün qədər çıxarsın, ixtisas fənlərinin sayını azaltsın. 2020-ci ildə Nazirlik tərəfindən ölkə üzrə texniki ixtisasların siyahısı yeniləşdirilərkən, hər 2-3 ixtisas birləşdirilib, bir ümumi ixtisas altında verildi (bu haqda sonra ətraflı məlumat verəcəyik). Yəni indi bir ixtisas üzrə universitetə daxil olan tələbə guya ki, əvvəlki 2-3 ixtisasın mühəndisi olacaq! Bununla belə, həftəlik dərs saatları da əvvəlki 28 saatdan 22 saata (!!!) endirildi. Bununla belə, humanitar fənlər bloku da əvvəl olduğu kimi yerində qaldı. Buna görə də indi tələbələr belə “tədris planı” üzrə hər ixtisasdan yalnız 1-2 məcburi fənni və 2-3 seçmə fənni oxuya bilirlər. V.Vəliyevin daxili qərarı ilə isə heç bir kurs layihəsi, kurs işi olmadan. Yekun buraxılış işləri layihələri də dövlət imtahanları ilə əvəz olundu. Bu il isə bəzi ixtisaslar üzrə ümumiyyətlə dövlət imtahanları da ləğv edildi. Bununla da tələbələr həmin “genişləndirilmiş profilli” ixtisas üzrə mühəndis olacaqlar (???). Belə universitetdən hansı tələbə inciyər ki? 

Özü də V.Vəliyev bütün bu təxribat xarakterli dəyişiklikləri heç universitet Elmi Şurasında müzakirəyə çıxarmadan, Elmi Şuranın qərarı olmadan həyata keçirir. Bu qərarlar kuluarlarda qəbul edilir, heç kafedralara bu haqda universitet üzrə əmrlərin surətləri də göndərilmir, yalnız şifahi göstərişlər çatdırılır. Heç bilmirik, V.Vəliyev bu qərarlarını heç olmasa rəsmiyyət xatirinə əmrləşdirir, ya yox? Bu pozuntulara görə isə təkcə rektor yox, həm də Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli bilavasitə cavabdehdir. Bəlkə də, N.Yusifbəyli bu haqda qayda-qanunu bilməmiş deyil. Ancaq, belə pozuntular görünür, onun özünə də sərf edir. Onun yaxın adamlarından sızan məlumata görə, N.Yusifbəyli ümid edir ki, V.Vəliyev rektor vəzifəsindən kənarlaşdırıldıqda, rektor vəzifəsinə o təyin ediləcək.

V.Vəliyevin hətta belə tədris planlarından da “gözü doymur”. Hələ 2020-ci ildə o, Elmi Şurada qərar qəbul etdirmişdi ki (o vaxtlar V.Vəliyev hələ belə qərarları formal da olsa Elmi Şuradan keçirirdi), universitetin bütün ixtisaslarının tədris planlarına seçmə ixtisas fənlərindən birinin əvəzinə “Layihə menecmenti” və ya “Layihələrin idarə olunması” (hansı layihələrin?) adlı fənn salınsın və həmin fənnin tədris olunması rektorun qohumu Arzu Süleymanovun müdir olduğu “İqtisadiyyat və statistika” kafedrasına həvalə edilsin. Niyə? Çünki, V.Vəliyev öz adamlarını və bir çox qohumlarını, iqtisadçıları başda kafedra müdiri olmaqla, həmin kafedraya yığıb, onlara isə dərs yükü lazımdır. Bu çox böyük tədris yükü isə bütün universitet üzrə ixtisas fənlərindən kəsmək hesabına alınıb.


Digər bir misal. Bakalavr səviyyəsi üçün 2020-ci ildə təsdiq edilmiş tədris planlarında əvvəllər “Humanitar fənlər”, indi isə “Ümumi fənlər” (???) adlandırılan bölmədə 2 semestr ərzində “Xarici dil” fənninin tədrisi nəzərdə tutulmuşdu. İndi isə kimin tərəfindən təsdiq edilməsi məlum olmayan (AzTU Elmi Şurasında bu məsələ müzakirə olunmayıb) yeni tədris planlarında “Xarici dil” fənninin tədrisi ixtisas seçmə fənlərinin saatlarının azaldılması hesabına 4 semestrə çatdırılıb. Ancaq bu da hamısı deyil. Bundan əlavə yenə də ixtisas seçmə fənlərinin saatlarının azaldılması hesabına “Texniki xarici dil” fənni əlavə edilib, yəni 5-ci semestr. Bəs ixtisas fənləri necə olsun, lazım deyil? Özü də qeyd etdiyimiz kimi, indi bir ixtisas üzrə bakalavriaturaya daxil olan tələbə həftədə 22 saat dərs keçməklə, əvvəli tədris planlarındakı və ixtisaslar nomenklaturasındakı 2-3 ixtisasın mühəndisi olacaq (???). Biz xarici dil bilməyin müasir dövrdə əhəmiyyətini inkar etmirik. Ancaq bu, ixtisasdan kəsməyin hesabına olmamalıdır. Öz ixtisasını bilməyən mühəndis bunun hesabına xarici dili öyrənsə belə, o, kimə lazımdır? 

Məgər AzTU diplomat və ya beynəlxalq əlaqələr üzrə mütəxəssis hazırlayır? Bunun üçün digər müvafiq universitetlər var. AZTU-nun tələbələrinin əksəriyyəti isə öz dilində əməlli danışa bilmir, o ki, qaldı xarici dil. Bu fənn tədris planlarına daxil edildikdə, AzTU-nun Xarici dillər kafedrası həmin fənni tədris etməkdən imtina etdi, açıq etiraf etdilər ki, “biz texniki xarici dilləri bilmirik, bunun üçün texnikanı da bilmək lazımdır”. Düz deyirlər. Onda, bu fənnin məsuliyyətini qoydular müvafiq ixtisas kafedralarının üzərinə, dedilər ki, “ya ixtisas kafedraları həmin fənni deyə bilən müəllimi kənardan tapsınlar, ya da özləri desinlər, əgər ixtisas müəllimi xarici dili də bilmirsə, o müəllim bizim nəyimizə lazımdır?”. İxtisas kafedraları da bu fənni tapşırdılar xarici dildə bir az oxumağı-yazmağı bilən, yəni “bir az dınqıldatmağı” bacaran magistraturanı təzə bitirən magistrlərə. Sonra da bu ilin yanvarında qəflətən həmin “bir az dınqıldatmağı” bacaran magistrlər üçün xarici dil imtahanı təşkil etdilər və aydın oldu ki, bunlar heç xarici dil bilmirlərmiş ki! Təbiidir ki, buna görə də ixtisas kafedralarını günahlandırdılar. Arada isə ixtisas fənlərindən yenə biri itirildi... Baxın, Azərbaycan Texniki Universitetində tədris belə idarə edilir (Tədris işləri üzrə prorektor cənab Nurəli Yusifbəyli də baxsın)..."

/Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi