
Pulları qaliblərə verməyiblər, özlərinə götürüblər... - Şok faktlar
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə zərərçəkən qismində tanınmış Gənclər və İdman Nazirliyinin hüquqi nümayəndəsi ifadə verib.
Nümayəndə bildirib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda keçirilmiş idman tədbirləri zamanı xərclər smetasını göstərmədən mükafatların verilməsi ilə bağlı arayışlar verib:
"Arayışlarda məbləğlər göstərilməyib. Audit yoxlaması zamanı Maliyyə Nazirliyin baş məsləhətçisi deyib ki, 52 yarış üzrə xərclər smetasında məlumat verilməyib. Bu yarışları keçirən zaman dövlət büdcəsindən kənar xərcləmələr olub. Ümumilikdə, Gənclər və İdman Nazirliyinə 871 min 255 manatdan çox zərər dəyib. Maliyyə yoxlamaları zamanı məlum olub ki, təqsirləndirilən şəxslər ayrılan pulları yarışın qaliblərinə deyil, özlərinə götürüblər".
O, əlavə edib ki, ittiham olunan şəxslərə qarşı mülki iddia qaldırılıb.
Daha sonra şahidlər ifadə verib.
Şahid Samir Kazımov ifasəsində bildirib ki, 2004-cü ildən həmin idarədə baş məsləhətçi vəzifəsində çalışıb:
"Hər il tədbirlər planı qururduq. O planlar əsasında tədbirlər keçirmişik. Müəyyən qədər vəsait götürüb tədbirlərə xərcləmişik. Belə tədbirlər çox olub. Tədbirlərdən sonra bankdan götürülən pulların təyinatı üzrə xərclənməsinə dair hesabat verirdim. Elə olurdu ki, planda nəzərdə tutulmayan tədbirlərimiz də olurdu. Həmin tədbir məktub əsasında keçirilirdi. Bu tədbirlərə pullar ayrılmış vəsaitdən xərclənirdi. Bizim digər qurumlarla da tədbirlərimiz olub".
Şahidin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. O, ibtidai istintaqda bəzən tədbirlər planında nəzərdə tutulan tədbirlərin bir neçəsinin keçirilmədiyini deyib.
Proses iyulun 9-da davam etdiriləcək.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb. İbtidai istintaqda dəymiş ziyandan 100 min manatının ödənilməsi təmin edilib.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın