Qərb bölgəsində saxta araqların satışı hələ də var

Qərb bölgəsində saxta araqların satışı hələ də var 

Ölkəmizdə keyfiyyətsiz spirtli içkilərin istehsalı və satışı faktlarına demək olar ki, hər zaman rast gəlinib. Aparılan mübarizə tədbirlərinə baxmayaraq bu kimi hallar hələdə qalmaqdadır.

Faktinfo.az xəbər verir ki,bu baxımdan Qərb bölgəsində vəziyyət daha acınacaqlıdır. Ağstafa, Tovuz, Qazax rayonları saxta araqların istehsalına görə, “liderlik” edir. Bu cür “məhsul”ların istifadəsi müxtəlif xəstəliklərin yaranmasına, xüsusilə zəhərlənmə hallarının çoxalmasına səbəb olub.Hətta, bəzən ölüm hallarına da təsadüf edilir. Təkcə Ağstafanın onlarla kəndində son bir-iki ildə keyfiyyətsiz araqdan dəfələrlə kütləvi zəhərlənmə hadisəsi baş verib.

O cür araqların elə qiymətləri də onların keyfiyyət göstəricisi sayıla bilər. Belə ki, paytaxtdakı iri supermarketlərdə yarım litrlik araq təxminən 8-9 manata, 250 qramlıq araq 4-4,5 manata satıldığı halda, yuxarıda adları çəkilən rayonlarda bu qiymətlər müvafiq olaraq, 4 və 2,5 manat təşkil edir. Bunun nə demək olduğunu başa düşmək isə yəqin ki, çətin deyil. Belə çıxır ki, qoyulan qiymətlər ancaq şüşə qabların və daşınma xərclərinin puludur. İçilən maye isə insanların sağlamlığını məhv etmək üçün sırınan “zəhər”dən başqa bir şey deyil.

Bütün bu hallarla bağlı mətbuatda dəfələrlə məsələ qaldırılsa da, hələ ki, tədbir görən yoxdur. Aidiyyatı qurumlar, xüsusilə də İqtisadi İnkişaf Nazirliyi nədənsə, “susqunluq” nümayiş etdirir. Nazirlik Bakı və Gəncə araq zavodlarının istehsalını bölgəyə yönəltməklə saxta araq istehsal edən sexlərin fəaliyyətini məhdudlaşdırmaqda belə  maraqlı tərəf olmaq istəmir. Görünür ki, bəzi səlahiyyətli şəxslərin “maraq”ları geniş əhali kütləsinin sağlamlığından daha vacibdir. Ancaq nə vaxta qədər?...

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi