“Rabitəçilər işi” və ya Vidadi Zeynalovun ifadəsindəki müəmma...

“Rabitəçilər işi” və ya Vidadi Zeynalovun ifadəsindəki müəmma... 

Maxinasiyaların təkamülü – sadədən mürəkkəbə doğruÖtən həftə ““Rabitəçilər işi” və yaxud iş işdən keçəndə…” başlıqlı yazıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş rəhbərliyi dövründə baş verən məlum hadisələrdən bəhs edən məlumat xarakterli yazıların əsasında müəyyən təhlillər aparıb və bu təhlillərin bəzi nəticələrini oxucularımızla bölüşmüşdük.

2-ci yazı

 Göründüyü kimi İslam aləmində sevilərək anılan iki həzrətin adını öz ad və soyadında ümumiləşdirən Əli Abbasov sonda,elə etimad göstərib yüksək vəzifəyə təyin etdiyi şəxslər tərəfindən də “satılır”. Bu fikrimizi faktlara istinadən izah etməzdən əvvəl, İqtisad Universitetindən özü ilə RYTN-ə aparat rəhbəri gətirdiyi Vidadi Zeynalovun ifadəsindən bəzi məqamlara diqqət yetirək. Sitat: “Azərpoçt” MMC-dən hər ay təqribən 50 min manat, Məlumat Hesablama Mərkəzindən hər ay 50 min manat, Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzindən (BƏHM) isə, 220000 - 240000 manat məbləğində pul verilib. Lakin həmin struktur bölmələri bu məbləğləri mütəmadi olaraq verməyib. Elə vaxtlar olub ki, gəlirləri olmayıb və həmin strukturlar pul verməyib.Bundan əlavə, qoyulmuş qaydaya görə həmin idarələr tərəfindən verilən pulların 25-30 faizi onların özlərinə qaytarılıb. BTRİB və “Aztelekom” MMC üzrə verilən aylıq puldan onlara faiz verilməyib. Belə ki, onların fəaliyyət sahələri nisbətən geniş olub. Müəyyən olunmuş aylıq pul vəsaitlərini verdikdən sonra qalan vəsaitlər onlara qalıb. Bu qayda ilə həmin idarələrə ayda təxminən 50-100 min manat pul qalıb. “Aztelekom” MMC-dən hər ay pulu cəmiyyətin direktoru Məhəmməd Məmmədov və ya onun Qulu adlı köməkçisi, həmçinin cəmiyyətin baş mühasibi Oqtay adlı şəxs verib...”

Göründüyü kimi, V.Zeynalovun ifadəsində diqqət çəkən məqam ondan ibarətdir ki, təşkilatlardan ona verilən pulların 25-30 faizini onların özlərinə qaytarsa da, BTRİB və “Aztelekom” MMC üzrə verilən aylıq puldan 25-30 faiz geri qaytarmayıb. Aparat rəhbəri bu halı həmin təşkilatların faliyyət sahələrinin geniş olması ilə əsaslandırıb. Yəni, V.Zeynalovun təbirincə desək, “qoyulmuş qayda”ya əsasən o, BTRİB və “Aztelekom” MMC-nin rəsmiyyətdən kənar, əlavə “gəlir” sahələrinin olduğunu bilib.

 

Elə Faktinfo.az olaraq bu “qoyulmuş qayda”dan kənar BTRİB və “Aztelekom” MMC-nin əlavə “gəlir”lərinin haradan ola biləcəyi ehtimalına kiçik bir aydınlıq gətirməyə çalışaq.BTRİB-nin xətti ilə həyata keçirilən ən sadə, necə deyərlər “başağrısız” maxinasiyalardan birinə diqqət edək. Təsəvvür edin ki, Bakının rayonlarından birində yaşamaqla, siz BTRİB-nin müştərisisiniz (və yaxud da abonent deyək). Əgər sizin telefon rabitəsi xidmətlərinə görə ay ərzində ödədiyiniz məbləğ deyək ki, 4-5 manatı keçirsə (aylıq abunə haqqı, şəhərlərarası zənglər, müxtəlif servis xidmətləri və sairə üçün olunan ödənişlər), bu zaman hər dəfə sizin hesabınıza 70-80 qəpik artıq ödəniş məbləği yazılsa belə, siz bunu böyük ehtimalla heç hiss etməyəcəksiniz. Hətta hiss etsəniz belə, BTRİB-in,Aztelekom MMC-nin mütəxəssisləri bunu elə məharətlə əsaslandıracaqlar ki, hesabın düzgünlüyünə heç bir şübhəniz qalmayacaq. Yəni,109-a zəng, digər bəhanələr uydurulacaq. 

 

İndi isə gəlin bəsit bir hesablama aparaq. Paytaxtın on iki rayonunun hər birində, ortalama 60-70min nəfər abonent var. Yəni Bakı şəhəri üzrə ümumi abonent sayını şərti olaraq, 800 min nəfər götürə bilərik. İndi isə, bu abonentlərin hər birindən ayda şəhərlərarası danışığa və sair “uydurulmuş” əsaslanmaya görə sadəcə 50 qəpik artıq ödəniş alındığını təxmin edək. Nəticədə, BTRİB-nin yalnız bu saxtakarlıq vasitəsilə hər ay abonentlərindən təqribən 350-400 min manat oğurladığı məlum olur. Hər bir abonentdən oğurlanan 50-60 qəpik və ya daha artıq vəsaitə görə isə heç kim yuxarı təşkilatlara “məndən artıq ödəniş tələb olunur”deyə teleqram vurmurdu. Bu olsa belə, həmin abonentə məxsusi yanaşılırdı və bununla da məsələ yekunlaşırdı. Onu da qeyd edim ki, mütəxəssislər konkret bu maxinasiya ilə bağlı daha böyük rəqəmlər ortaya qoya bilərlər. Mən isə, sadəcə minimum həddə diqqət çəkmək istədim.Yenidən qayıdaq maxinasiyalar mövzusuna. Nəzərə almaq lazımdır ki, eyni talan sxemləri “Aztelekom” MMC tərəfindən də Azərbaycanın bütün rayon və bölgələrinə tətbiq olunurdu. Zamanla müxtəlif vaxtlarda rayonlardan aldığımız məlumatlarda, telekommunikasiya qovşaqları tərəfindən abonentə bir ay üçün 5-10 manat artıq məbləğdə borc yazıldığı hallar barədə açıqlamalar təqdim olunub. Ümumilikdə isə, təkcə bu artıq yazılan borclar hesabına “Aztelekom” MMC-nin hər ay mənimsəyə biləcəyi məbləği 250-300 min manat civarında qeyd etmək olar.

Amma dediyimiz kimi, bu saxtakarlıqlar “Rabitəçilər işi”ndə maxinasiyaların ən bəsitləri, ən primitivləridir. İstintaqın gedişi isə, daha mürəkkəb mənimsəmə üsullarını müəyyən etməkdə davam edir...BƏHM – “rabitəçilərin” əsas valyuta qaynağıBöyük ehtimalla, bu maxinasiyaları ləğv olunmuş MTN-nin rəhbərliyi də bilirmiş və elə bu səbəbdən də RYTN-nin sözügedən müəssisələrindən aylıq “haqq” alırmış. Nazirin tapşırığı (Əli Abbasov nəzərdə tutulur-red) ilə hər ay 50 min ABŞ dolları MTN-in Monitorinq Xidmətinin rəisi Teymur Quliyev adlı şəxsə, 100 min ABŞ dolları nazirliyin kuratoru Sübahir (MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov-red.) adlı şəxsə sürücüsü vasitəsi ilə göndərilirmiş.Eləcə də, hər ay RYTN-nin sabiq aparat rəhbəri V.Zeynalova Beynəlxalq Əlaqələr və Hesablama Mərkəzindən verilən 220-240 min manat məbləğində pula diqqət çəkək. Bu qədər vəsait haradan yığılıb verilə bilərdi? BƏHM rəsmi olaraq nazirliyin tabeçiliyində olan təşkilat kimi təqdim olunsa da, əslində bu qurum müstəqil bir təşkilat kimi fəaliyyət göstərib. Yəni, müstəqil olaraq qərarlar vermək imkanına malik olub. O cümlədən, Beynəlxalq Telekommunikasiya İttifaqı (İTU), Regional Rabitə Birliyi (RSS), Poçt və Telekommunikasiya Administrasiyalarının Avropa Konfransı Təşkilatı (CEPT), Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatı (İTSO), Ümumdünya Poçt İttifaqı (UPU) və digər təşkilatlarla əməkdaşlıq da edib. Bu qədər işin qabağında hər ay 220-240 min manat məbləğində nazirliyə pul ödəmək o deməkdir ki, BƏHM-nin əsas vəzifəsi RYTN üçün böyük məbləğlərdə vəsaitin toplanması olmuşdur. Həm də bu pullar “Aztelekom” MMC tərəfindən deyil, məhz BƏHM tərəfindən yığılıb.

Bu yığımların sxemini təxmini də olsa belə açıqlamaq olar. Tutaq ki, hər hansı bir xarici ölkədən BTRİB-nin, “Aztelekom” MMC-nin abunəçisinə zəng daxil olub. Bu zaman xaricdən gələn zəngə görə, xidmət haqqını oradakı operatorun abunəçisi ödəyir. Burada da ona cavab verən bir abunəçi vardır və bu rabitəni təmin etmək üçün “Aztelekom” MMC-nin Beynəlxalq Avtomat Telefon Stansiyası, BTRİB-in telefon şəbəkəsi işə qoşulur və müvafiq xidmətin davamı burada göstərilir. Deməli, xaricdəki operator xidmət haqqını aldığı üçün o, pulu bizim operatorlarla da bölüşməlidir. Bu zaman, rabitə müəssisələri arasında beynəlxalq hesablaşmaların aparılması labüd olur. Bunu da BƏHM aparır. Demək ki, daxil olan məbləğlər müəyyən maxinasiyalar vasitəsilə hesablardan çıxarıla və mənimsənilə bilərmiş.Bu səbəbdən hazırda məhkəmə zamanı ifadələrdən bəlli yüz minlər o qədərdə ağla batan deyil. Söhbət milyonlardan gedə bilər ,həm də xarici valyuta ilə. İctimaiyyətə təqdim olunan bir neçə yüz min manat barədə etiraflar isə, getdikcə daha çox aktuallığını itirir. Çünki, rəsmi məlumatlara görə, il ərzində 400 milyon dəqiqədən artıq giriş, 100 milyon dəqiqədən artıq isə çıxış olur. Bu qədər danışığın hesabına daxil olan vəsaitlər rabitənin inkişafına yox, rabitədə çalışanların rifah halının yaxşılaşdırılmasına deyil, ortalıqda 5-3 insan arasında pay-pürüş edilib.

Bu həm də o anlama gəlir ki, RYTN-də qurumlar bir-birinin funksiyasını da təkrarlayıb. Bu ona dəlalət edir ki, “Aztelekom” MMC-nin özəlləşdirilməməsinin səbəbində də bu kimi maraqlar dayanıb. Ehtimal ki,bu pulların silinməsi üçün həddindən çox şişirdilmiş işçi ştatları saxlanılıb. Mükafatlar, ezamiyyət xərcləri, təmir, dəftərxana, avtomobil və digər xərclərin hamısı şişirdilib... Ardı var

 

Fuad İsgəndərov

 Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi