
Rəqəmsal tibbin aktual elmi problemlərinə dair müzakirələr aparılıb - FOTO
AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının bir qrup əməkdaşının iştirakı ilə elmi seminar keçirilib.
Faktinfo.az xəbər verir ki,elmi seminarda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri, professor Nuru Bayramov,AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və digər alimlər, aidiyyəti şəxslər iştirak ediblər. Əsas məqsəd I cərrahi xəstəliklər kafedrası ilə tibb sahəsində informasiya-kommunikasiya texnologiyaları və süni intellektin tətbiqinə dair birgə multidissiplinar tədqiqatların genişləndirilməsi, o cümlədən müvafiq sahədə qarşıda duran vəzifələr, mövcud problemlər və onların həlli yollarına dair fikir mübadiləsinin aparılması idi.
Tədbirdə əvvəlcə akademik Rasim Əliquliyev çıxış edərək cari ilin may ayında keçirilən “Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktiki konfransını xatırladıb. Qeyd edib ki, Azərbaycanda rəqəmsal səhiyyənin formalaşması, generasiya olunan böyük həcmli rəqəmsal səhiyyə və tibb məlumatlarının toplanması, emalı və mübadiləsi kimi bir çox elmtutumlu məsələlərə diqqətin artırılması, rəqəmsal səhiyyənin inkişaf istiqamətləri, problemləri və prioritetlərinin müəyyənləşdirilməsi, eyni zamanda müvafiq sahədə aparılan tədqiqatların monitorinqinin həyata keçirilməsi bu tədbirin əsas hədəflərindən idi.
Alim İnformasiya Texnologiyaları İnstitutu ilə ATU-nun I cərrahi xəstəliklər kafedrası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə tədqiqatların elmi-praktiki cəhətdən xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb, bu əlaqələrin davamlı olacağına əminliyini ifadə edib. Eyni zamanda institutun əməkdaşları tərəfindən hazırlanan, tələbələr və rezidentlər üçün nəzərdə tutulan “Cərrahi platforma” adlı çoxdilli və çoxfunksiyalı tədris portalını birgə əməkdaşlığın uğurlu nəticələrindən biri kimi qiymətləndirib.
IV Sənaye İnqilabı və süni intellektin təsiri ilə yaranan qabaqcıl texnologiyaların inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini bildirən akademik R.Əliquliyev, Cənab Prezident İlham Əliyev tərəfindən 2025-ci ildə bir neçə mühüm strateji sənədin qəbul edildiyini söyləyib. “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın alim və mütəxəssislərin qarşısına mühüm vəzifələr qoyduğunu vurğulayıb: “Həmin sənədlərdə süni intellektin digər sahələrlə yanaşı, səhiyyə sektoruna da ciddi dəyişikliklər gətirəcəyi nəzərə alınaraq, bu sferada elmi tədqiqatların və əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, innovasiya mühitinin dəstəklənməsi kimi məsələlərə xüsusi diqqət yetirilir”.
Akademik R.Əliquliyev ölkəmizdə tibbi informatika, data elmləri, kibertəhlükəsizlik, rəqəmsal səhiyyə sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, fərdi məlumatların qorunması, böyük həcmli məlumatların emalı və intellektual təhlili istiqamətində kompleks tədbirlərin görülməsinin zəruri olduğunu nəzərə çatdırıb.
Sonra professor Nuru Bayramov çıxış edərək, rəhbərlik etdiyi kafedra ilə İnformasiya Texnologiyaları İnstitutu arasında davam edən səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib, tamamlanmış və hazırda davam edən birgə layihələr, aparılan tədqiqatlar və əldə olunan nailiyyətlər haqqında danışıb.
O, “Cərrahi platforma” tədris portalının əsas mahiyyəti, iş prinsipi və funksionallığı haqqında məlumat verərək bildirib ki, bu resurs 10-a yaxın dilə tərcümə edilib və hazırda bir sıra ölkələrdə həm tədrisdə, həm də praktikada uğurla tətbiq olunur.
Professor N.Bayramov “Cərrahi platforma”nın fəaliyyəti ilə bağlı bəzi problemləri də diqqətə çatdırıb, tədris resursunun təkmilləşdirilməsi, funksionallığının artırılması ilə bağlı müəyyən işlərin həyata keçirilməsinin zəruri olduğunu qeyd edib. Həmçinin bildirib ki, süni intellektin və rəqəmsal texnologiyaların tibbdə tətbiqinə dair birgə tədqiqatların davam etdirilməsinə böyük ehtiyac vardır.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova institutda 2014-cü ildən etibarən ATU-nun I cərrahi xəstəliklər kafedrası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər, aparılan tədqiqatlar haqqında məlumat verib. Alim e-tibdə Big Data və Data Mining texnologiyalarının tətbiqi, tibbi rəqəmsal əkiz modelləri əsasında pasiyentin sağlamlıq vəziyyətinin proqnozlaşdırılması, tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu istiqamətində araşdırmaların aparıldığını, eyni zamanda qaraciyər xərçənginin erkən diaqnozu üçün intellektual metodların, səhiyyə 4.0 mühitində Əhalinin Sağlamlığı Observatoriyasının formalaşmasının elmi-nəzəri əsaslarının işlənildiyini nəzərə çatdırıb.
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev çıxışında tibb sahəsində böyük həcmli məlumatların analizi məsələsinə toxunaraq, bu istiqamətdə aparılan tədqiqatların böyük aktuallıq kəsb etdiyini, strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. Alim qeyd edib ki, bu gün dünyada ən çox məlumatların generasiya olunduğu sahə məhz tibbdir: “Tibb süni intellektin qidalandığı və eyni zamanda süni intellekti qidalandıran mühüm bir sahədir. Bu iki sfera arasında qarşılıqlı tandem mövcuddur”.
Tədbirdə institutun şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov da çıxış edib. Alim illər öncə İnformasiya Texnologiyaları İnstitutunda elektron tibb sahəsində aparılan ilkin tədqiqatların həmin dövrdə pasiyentlər haqqında məlumatların toplanması və analiz olunması istiqamətində mühüm töhfə verdiyini qeyd edib. Həmçinin tibb sahəsində keyfiyyətli proqram sistemlərinin yaradılması, onların keyfiyyət göstəricilərinin artırılması, fərdi məlumatların təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsinin məqsədəuyğun olduğunu bildirib.
Tədbirdə İnformasiya Texnologiyaları İnstitutu ilə ATU-nun I cərrahi xəstəliklər kafedrası arasında birgə tədqiqatların davam etdirilməsi, kadr hazırlığı, qrant layihələrinin işlənilməsi, o cümlədən əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr aparılıb, təklif və tövsiyələr irəli sürülüb.
Faktinfo.az




Bu xəbər üçün şərh yazın