
Rus rublu ucuzlaşır - İstanbul danışıqları birjaya mənfi təsir edir
Ukraynadakı işğalçılıq müharibəsi Rusiya iqtisadiyyatını silkələməkdə davam edir.
Azpolitika.info xəbər verir ki, “The Moscow Times”-ın yazdığına görə, İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatdıqdan sonra Rusiya rublu Moskva birjasında və Forex-də ucuzlaşıb.
Birjadankənar bazarda dolların məzənnəsi son üç həftə ərzində ilk dəfə 79 rubldan yuxarı qalxaraq 79,55-ə (+1,5%) satılıb. Avro 93,5 rubla yüksələrək son 11 həftənin ən yüksək səviyyəsinə çatıb.
Freedom Finance Global-ın aparıcı analitiki Natalya Milçakova bununla bağlı deyib: “Birja oyunçuları bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun formal xarakterindən məyusdurlar”.
Moskva və Kiyev nümayəndə heyətlərinin üçüncü görüşü cəmi 40 dəqiqə davam edib və nəticədə tərəflər yalnız əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsinin davam etdirilməsi, həmçinin onlayn formatda işçi qrupların formalaşdırılması barədə razılığa gəliblər. Ukrayna Putin və Zelenski arasında zirvə görüşünün keçirilməsində israr etsə də, Kreml bunun hələ çox uzaqda olduğunu söylədi.
Rusiya fond bazarı da uğursuz danışıqlar fonunda “ümidsizliyə qapılıb”.Rusiyanın 40-a yaxın ən böyük şirkətinin qiymətli kağızlarını özündə birləşdirən Moskva Birjası indeksi kapitallaşma baxımından 60 milyard rubl itirərək 1% azalıb. Qazprom 1,2%, Sberbank 0,94% ucuzlaşıb. PSB analitikləri yazır ki, investorlar sabah Rusiya Federasiyası Mərkəzi Bankının əsas məzənnəni kəskin şəkildə - 20%-dən 18%-ə endirəcəyi gözləntisi ilə rubllarını satır və valyuta alırlar. Onların proqnozuna görə, ilin sonuna qədər rubl azı 10% zəifləyəcək.
Bu xəbər üçün şərh yazın