“Rusiya əsas regional layihələrdən məhrum olacaq, rubl yenə çökəcək” –Ekspert

“Rusiya əsas regional layihələrdən məhrum olacaq, rubl yenə çökəcək” –Ekspert 

"ABŞ-ın Rusiyaya tətbiq etdiyi yeni sanksiyalar şimal qonşumuzun iqtisadiyyatı üçün yaxşı heç nə vəd etməməklə yanaşı, Moskvanı yenidən pisləşmiş makro-iqtisadi göstəricilər sindiromu ilə üz-üzə qoya bilər".

Bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

İqtisadçı qeyd edb ki, sanksiayaların tam reallaşacağı halda, Rusiya əsas regional layihələrdə iştirakdan məhrum olmaqla yanaşı, hətta ölkənin maliyyə və qiymətli kağızlar bazarı da ciddi risk altına düşəcək:

"Təbii ki, bu kontekstdən rublun kursu yenə də gündəmə gələcək. Aydındır ki, sanksiyalar Rusiyanın valyuta bazarına təsirsiz ötüşməyəcək. Buna görə də, sanksiyaların necə tətbiq olunması və eləcə də Avropa Birliyinin mövqeyi rublun taleyi baxımdan əhəmiyyətli olacaq.

Rəsmi statistikaya əsasən, Rusiya neftin dünya bazarındakı qiyməti aşağı düşdükdən sonra xarici valyuta ehtiyatlarının təxminən 88 milyard dollar itirib. Hazırda 343 milyard dollara ehtiyata malik olan Rusiya Mərkəzi Bankı da sanksiya qərarı işə düşdükdən sonra ciddi çətinliklə üzləşəcək. Düzdür, intervensiya imkanları qısa müddətli dövr üçün var, ancaq uzun müddətli zaman üçün yetərli deyil. 

Digər tərəfdən, 529 milyard dollarlıq xarici borcu olan Rusiyanın öhdəlikləri rezervlərdən 34 faiz çoxdur. Bu isə Rusiyada “sığorta yastığı"nın”çox həssas olduğundan xəbər verir. Unutmayaq ki, 2017-2019-cu illər üçün orta hesabla 1.3 faiz iqtisadi atım proqnozlaşdıran beynəlxalq maliyyə qurumları bu qənaətə yeni sanksiyalardan öncə gəlmişdilər".

Ekspertin sözlərinə görə, şimal qonşumuzun makro-iqtisadi göstəricilərinin təhlili deməyə əsas verir ki, yeni sanksiyalar tam miqyası ilə tətbiq olunduğu halda, rublun yenidən dəyərsizləşməsinin qarşısını almaq çətin olacaq:

"Təbii ki, hələlik sanksiyaların Rusiya iqtisadiyyatına ciddi təsir göstərməyəcəyi gözlənilir və bu baxımdan da xarici valyutaya tələb artsa da, Moskva rublu müəyyən müddət qorumağa çalışacaq. Amma sankiyaların tam gücü ilə tətbiq olunacağı və xüsusən də Avropa Birliyininin əsas dövlətlərinin bu qadağalara qoşulacağı təqdirdə, ilin sonuna doğru rubla təzyiq kəskin artacaq. Bu halda rublun yenidən dəyərsizləşməsi qaçılmaz ola bilər".

İqtisadçı deyir ki, Rusiya pulunun dəyərsizləşməsi iqtisadi baxımdan bizim üçün də arzuolunan deyil:

"Çünki bu, Rusiyaya ixracatımıza, orada yaşayan həmyerlilərimizin iqtisadi aktivliyinə təsir göstərir. İxrac olunan kənd təsərrüfatı məhsullarımızın 90 faizinin Rusiya bazarına göndərildiyini, remitensinin həcminin 1 milyard dollardan çox olduğunu nəzərə alsaq, bu təsirləri qiymətləndirmək çətin olmaz".

Vüqar Bayramov bildirib ki, ucuz rubl manatın məzənnəsi üçün də arzuolunan deyil:

"Bu baxımdan, Rusiyaya tətbiq edilən yeni sanksiyalardan sonra Azərbaycan Mərkəzi Bankı rublla bağlı bədbin ssenarilərin valyuta bazarımıza təsirini minimumlaşdırmağa öncədən hazır olmalıdır".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi