SABİQ NAZİR PARTİYA SƏDRİNİ “AGENT” ADLANDIRDI -

SABİQ NAZİR PARTİYA SƏDRİNİ “AGENT” ADLANDIRDI - Sərdar Cəlaloğlu sərt cavab verdi

“Zülfüqarovun mövqeyi Musabəyovun, Abutalıb Səmədovun və digərlərinin mövqeyi ilə eynidir, Rusiyanın maraqlarını müdafiə edir”

Son günlər məlum üçtərəfli razılaşmanın icrası, Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti, Türkiyə hərbçilərinin bölgəyə gəlişi kimi mövzular ətrafında siyasətçilər, politoloqlar, ictimai fəallar arasında müzakirələr və mübahisələr xeyli artıb. ADP sədri Sərdar Cəlaloğlu ilə keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov arasında da bu mövzularla bağlı mübahisə baş verib.

“AzPolitika.info xəbər verir ki, T.Zülfüqarov telekanalların birində baş tutan müzakirələr zamanı S.Cəlaloğlu ilə aralarında yaranan mübahisəni özünün “feysbuk” səhifəsində davam etdirib. Sabiq nazir paylaşdığı statusda partiya sədrini “agent” olmaqda günahlandırıb və hətta onun kod adını, onu “əməkdaşlığa” cəlb edənin kimliyini belə bildiyini qeyd edib: “Özüm baxmıram, amma dostlarım deyir ki, Sərdar Cəlaloğlu mənimlə bağlı isterikanı davam etdirir. O, bununla məşhurdur ki, “əməkdaşlığa” (hələlik onun kod adını və onu “verbovka” edən əməkdaşın adını söyləmirəm) başlayandan sonra informatorluqdan başqa, həm də ona nə deyirlərsə, həmin şeyi “səsgücləndirici” ilə söyləməklə məşğuldur. Lakin bu, yeni xəbər deyil, bunu hamı, ya da demək olar ki, hamı bilir. Beləliklə, bizim KİV-lər yazdığı kimi, “şok açıqlama” – onu “Space”-ə Prezident Aparatından xüsusi olaraq, XİN-in bir keçmiş işçisi göndərib. Orada bir neçə əməkdaş var, mən onlardan birini – Məmmədyarovun sevimlisini nəzərdə tuturam.

Mən bu verilişdə iştirakdan bir neçə dəfə imtina etdim və dedim ki, mənə bu formatda müzakirələr maraqlı deyil. Sonra “Məmmədyarov dostları”nın nə düşündüyünü başa düşmək üçün razılaşdım...”

T.Zülfüqarovun onun barəsində yazdıqlarına “AzPolitika.info”-ya açıqlamasında cavab verən S.Cəlaloğlu qeyd etdi ki, sabiq nazirin dedikləri yalan və böhtandır: “Bu, böhtandan başqa bir şey deyil. Mən onun haqqında bəzi fikirlər demişəm. O da indi guya mənə cavab verir. Belə üstüörtülü danışmağa ehtiyac görmürəm. Məni kim, harada “verbovka” edibsə, desin. Mən elə adamlardan deyiləm ki, məni “verbovka” etsinlər.

Hakimiyyətə münasibətim müsbət olanda açıq demişəm ki, bu hallara görə münasibətim yaxşıdır, pis olanda da, demişəm ki, pisdir. Həbsxanalarda yatmışam. Ancaq işgəncələrə məruz qalmağıma baxmayaraq, heç bir dostum və ya başqa partiya haqqında yanlış fikir deməmişəm. Əslində, mənim həyat yolum göstərir ki, onun dedikləri böhtandan başqa bir şey deyil”.

S.Cəlaloğlu T.Zülfüqarovu açıq danışmağa və bildiyi faktları açıqlamağa çağırıb: “Bir daha bildirirəm ki, qoy Tofiq Zülfüqarov fikirlərini açıq desin. Mənə şər atmağa nə ehtiyac var? Lazım gəlsə, məhkəməyə müraciət edərəm. Bu nə deməkdir, guya məni kimsə “verbovka” edib?

Mən ona Rusiyanın maraqlarını müdafiə etdiyinə dair irad bildirmişəm. Çünki deyirdi ki, rusların bura gəlməsi düz oldu. Bu fikirləri yanlış və səhv saymışam. O da buna görə mənə qarşı belə formada hücum edir. Biz “Space” kanalında verilişdə idik. Mən bəzi məqamlara etirazımı bildirdim. Bundan sonra guya mənim onu agent adlandırdığımı dedi, hərçənd mən ona agent deməmişdim, sonra da dedi ki, siz agentsiniz. Hətta arqument kimi mənim kiminsə müavini olduğumu nümunə gətirdi.

Mən onda başa düşdüm ki, Sülhəddin Əkbərlə məni qarışdırır. Çünki ikimizin də rəhbəri olduğumuz partiyaların adında “demokrat” sözü var. Sülhəddin bəy Elçibəy hakimiyyəti zamanı Milli Təhlükəsizlik nazirinin müavini işləyib. Belə anladım ki, mənimlə onu qarışdırır. Ancaq mən heç vaxt kiminsə müavini olmamışam. Üstəlik, dövlət vəzifəsində çalışmamışam. İlyas İsmayılov və Rəsul Quliyev ADP-də həmsədr olduğu zaman baş katib vəzifəsini tutmuşam. Həyatım boyu heç kimin müavini olmamışam. Görünən odur ki, mənim haqqımda çox dayaz məlumata malikdir. Onun məntiqi belədir ki, “sən müavin olmusan və buna görə agentsən””.

ADP sədri deyib ki, onun fəaliyyəti hər zaman şəffaf olub və heç kim onu hansısa böhtan vasitəsilə şantaj edə bilməz: “Mənim tərcümeyi-halım təmiz, həyatım, yaşamım, işim şəffafdır. Məni hamı yaxşı tanıyır. Müxalifət də, iqtidar da. Bu cür şantajla məni dayandırmaq olmaz. Faktı varsa çıxıb desin. Belə daş atmaq, ağıllarına gələni demək... Nə deyirlər, desinlər. Hansı ləqəblər istəyirlər, quraşdırsınlar. Mən Azərbaycan dövlətinin və xalqının maraqlarına zidd olan bütün qüvvələrə qarşı mübarizəmi açıq və net şəkildə aparacağam”.

Partiya sədri xatırladıb ki, T. Zülfüqarov televiziyadakı çıxışı zamanı Dağlıq Qarabağda azərbaycanlılardan, ruslardan və ermənilərin qeyri-formal dəstələrindən ibarət hərbi qüvvələr yaratmağı təklif edib: “Mən də buna etiraz etdim. Nəyə görə, burada türk qoşunları olmamalıdır, əvəzində ermənilər və ruslarla birgə Azərbaycanın suveren ərazilərinə nəzarət həyata keçirilməlidir? Bundan sonra qəfildən dedi ki, guya mən ona agent demişəm.

Bir dəfə də açıqlamasında Rasim Musabəyovu müdafiə etmişdi. O zaman Musabəyov rus kanalına demişdi ki, türklərin Qarabağda nə işi var? Tofiq Zülfüqarov da qeyd etmişdi ki, Musabəyovu tənqid edənlərin başı xarabdır və s. Mən də bildirmişdim ki, Musabəyovu müdafiə etmək elə onun mövqeyində durmaq deməkdir. Sonradan Tofiq Zülfüqarov deyəndə ki, Dağlıq Qarabağda azərbaycanlılar, ruslar və ermənilərdən ibarət hərbi qüvvələr yaradılmalıdır, onda anladım ki, bunun mövqeyi Musabəyovun, Abutalıb Səmədovun və digərlərinin mövqeyi ilə eynidir. 

Bir daha qeyd edirəm ki, bəzi şəxslər Rusiyanın fəaliyyətinə haqq qazandırır, Dağlıq Qarabağı bizdən qoparmaq siyasəti ilə bağlı xalqımızı çaşdırmaq istəyirlər. Mən də buna qarşı mübarizə aparıram. Konstitusiyaya görə, Azərbaycan dövlətinin maraqlarının, Vətənin müdafiəsi hər bir vətəndaşın hüququdur. Mən də Vətənimi müdafiə edirəm. Nə deyirlər, desinlər, amma dedikləri sözlər fakta söykənsin. Belə ittihamlar sadəcə, öz mövqeyini müdafiə edə bilməməkdən doğur. Adətən, insanlar gücsüz olan kimi söyüşə üstünlük verirlər. Bu da həmin şeydir. Mən ona agent deməmişəm, əslində o, özü-özünü agent adlandırıb. Mən, sadəcə onun fikirlərini yanlış saymışam”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər