Şəkidə SOSİAL YARDIM NARAZILIĞI - "Sən burda sosial yardım davası aparırsan..."

Şəkidə SOSİAL YARDIM NARAZILIĞI - "Sən burda sosial yardım davası aparırsan..." 

Şəkinin Baş Göynük kəndinin sakini, 3-cü qrup əlil Fazil Vəliyev danışır ki, ötən ilin sonundan ünvanlı sosial yardımı dayandırılıb.

 DİA.AZ bildirir ki, Əlilin iddiasına görə, Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi bu addımı atarkən ona xəbərdarlıq etməyib və səbəbləri bildirməyib: «Sonuncu dəfə ötən ilin noyabrında 198 manat almışam, ondan sonra kartı yoxlayırdım, heç nə yoxdur. Nəhayət, Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdim. Məlum oldu ki, sosial yardımı kəsiblər. Aylardır ki, səbəbini öyrənməyə çalışıram, şifahi deyirlər ki, «büdcədə pul yoxdur, camaat maaşını ala bilmir, sən burda sosial yardım davası aparırsan»».

Lakin F.Vəliyevə Mərkəzdən göndərilən rəsmi cavabda qeyd olunub ki, ünvanlı sosial yardımın dayandırılmasına səbəb «Azərişıq» ASC-də onun abonent kodunun aşkarlanmamasıdır. F.Vəliyevsə bu cavabı sosial yardımı verməmək üçün bəhanə hesab edir: «Evim elektriklə təchiz olunub, sayğac da var, necə ola bilər ki, abonent kodum aşkar edilməsin? Birinə deyirlər, «evində paltaryuyan maşının var, sənə sosial yardım düşmür», o birinə deyirlər, «həyətdə göyərti əkmisən, sosial yardımın ona görə kəsilib»... Ya birdəfəlik elan etsinlər ki, Azərbaycanda ünvanlı sosial yardım ləğv edilib, ya da vətəndaşları ələ salmasınlar. Söhbət bir-iki nəfəri yox, minlərlə vətəndaşı ələ salmaqdan gedir».

Şəki sakini Ələddin İsmayılov da ünvanlı sosial yardıma görə süründürməçiliyə məruz qalmasından danışır: «Şəki rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə iki dəfə sənədlər qovluğu təqdim etmişəm. Hər dəfə sənədlərin qaydasında olduğunu deyib yola salıblar. Ancaq hər ikisində bir müddət gözləyib təkrar müraciət edəndə bildiriblər ki, «sənədlər itib». Üçüncü dəfə yenə təqdim etmişəm, ötən il qısa müddətdə ünvanlı sosial yardım da aldım. Sonra yenə dayandırıldı və yenidən sənəd yığmağım tələb olundu. Sənədləri toplayıb göndərmişəm, VEMAST sistemində də bütün sənədlərim təsdiqlənib. Ancaq hələ də get-gələ salıblar. Əgər məndən rüşvət gözləyirlərsə, rüşvət verməyə pulum olsaydı, hökumətdən yardım dilənməzdim».

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi