
Serbiyada tələbə hərəkatı seçkilərdə qalib gəldi – Vuçiç məğlubiyyəti etiraf etdi
Serbiya Prezidenti Aleksandar Vuçiç bazar günü keçirilən tarixi seçkilərdə tələbələrin rəhbərlik etdiyi hərəkatın (Tələbələrin siyahısı) qalib gəldiyini etiraf edib.
Yeniavaz.com xəbər verir ki, bununla da onun 12 illik hakimiyyətinə son qoyulub və Balkan ölkəsində yeni siyasi dövr başlayıb.
Qeyd edək ki, növbədənkənar seçkilər tələbələrin rəhbərlik etdiyi, təxminən iki il davam edən etiraz aksiyalarından sonra təyin olunub.
Etiraz hərəkatına 2024-cü ildə Novi-Sad şəhərində baş verən faciə təkan verib. Həmin vaxt dəmir yolu vağzalının dam örtüyünün uçması nəticəsində 16 nəfər həlak olub.
Etirazçılar ehtimal olunan korrupsiyaya və ölkədə avtoritar meyillərin güclənməsinə qarşı çıxıblar.
“Tələbələrin siyahısı” iki il davam edən kütləvi etirazlar zamanı nümayişçilər arasında aparılan müzakirələr nəticəsində yaradılıb. Etiraz hərəkatının liderləri özləri namizədlər siyahısına daxil olmayıblar. Namizədlər arasında alimlər, həkimlər, mədəniyyət xadimləri və vətəndaş cəmiyyəti təşkilatlarının fəalları var. Siyahıya kardioloq İliya Srdanoviç rəhbərlik edir.
Ölkə mətbuatı yazır ki, seçkilərdə seçici fəallığı təxminən 70 faiz təşkil edib. Bu, 1992-ci ildə Yuqoslaviyanın dağılmasından sonra qeydə alınan ən yüksək göstəricidir.
“Görünən odur ki, bu seçkiləri uduzmuşuq. “Tələbələrin siyahısı” qalib gəlib. Onların 135-140 deputat mandatı olacaq, bizim isə 105 mandatımız olacaq. Parlamentə başqa heç kim düşməyib”, – deyə Vuçiç ilkin nəticələr əsasında hazırlanmış proqnozları şərh edərkən bildirib.
Qeyd edək ki, Vuçiç Serbiya Tərəqqi Partiyasının (SNS) lideridir. O, növbədənkənar parlament seçkilərində partiyasına rəhbərlik edərək namizəd olmaq üçün sentyabrın 27-də prezident vəzifəsindən istefa verib. Qələbə qazanacağı təqdirdə Serbiyanın baş naziri olacaqdı. Ölkədə prezidentin rolu əsasən formal xarakter daşıyır, siyasi qərarların əksəriyyətini isə baş nazir qəbul edir.
CESID və IPSPS ictimai rəy araşdırma təşkilatlarının apardıqları hesablamalara görə, “Tələbələrin siyahısı” parlamentdə 138 mandat qazanacaq. Vuçiçin rəhbərlik etdiyi SNS isə 250 yerlik parlamentdə 104 mandat əldə edib. Qalan mandatlar etnik azlıqları təmsil edən partiyalar arasında bölüşdürüləcək.












Bu xəbər üçün şərh yazın