Simvolik “xalq parlamenti” yaradılır

Simvolik “xalq parlamenti” yaradılır 

Sərdar Cəlaloğlu: “Təşəbbüs qrupunun ilk iclası olacaq”

2010-cu ilin parlament seçkiləri ənənəvi müxalifətin parlamentdən kənarda qalması ilə nəticələnmişdisə, o biri tərəfdən toparlanmasına və ciddi bir hərəkətlənməyə təkan vermişdi.

2010-cu ildə keçirilən parlament seçkilərindən sonra müxalifət partiyaları toparlandı. Seçkilər müxalifətin aktivləşməsi, hərkətlənməsi, yeni formatda birlik yaratmasına səbəb oldu. İctimai Palata yarandı və çox ciddi bir proses başlanmışdı. 9 fevral parlament seçkilərindən sonrakı keçən müddətdə isə kiçik qrup namizədlərin və bir neçə partiyanın MSK qarşısında etiraz aksiyası cəhdindən savayı heç bir proses getmədi.

Bu barədə “Yeni Müsavat”a şərhində ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, seçkiyə qatılan çox az sayda insanın üzərindən ciddi mübarizə qurmaq mümkün deyil, o baxımdan MSK-nın qarşısında keçirilən aksiyalar da boş şeydir. Müxalifət artıq seçkiyə gəlməyən böyük kütləyə, seçicilərə yönəlik iş aparmalıdır, bundan sonrakı fəaliyyətini bu böyük kəsimlə qurmalıdır: “Bu istiqamətdə bizim layihələrimiz, planlarımız var. Çalışacağıq ki, onları həyata keçirək. Fevralın 21-də ADP-nin qərargahında siyasi partiyaların və deputatlığa namizədlərin iştirakı ilə toplantımız olacaq. Toplantının məqsədi simvolik bir ”xalq parlamenti"ni elan etməkdir. Bir halda ki, parlament buraxılıb və vətəndaşların da konstitusiyaya görə qanunvericilik təşəbbüsü hüququ var, təşəbbüsü əlaqələndirmək üçün bir mərkəz yaratmaq istəyirik. Yaradılacaq xalq parlamentində dövlətin, xalqın xeyrinə olan qanun layihələri, təkliflər hazırlanacaq. Xalq parlamentinin təşəbbüs qrupunun ADP-nin qərargahında fevralın 21-də iclası olacaq. Təşəbbüs qrupuna seçkidə iştirak edən və etməyən bütün müxalifət partiyaları, müstəqil şəkildə seçkilərdə iştirak edən bir çox şəxsləri dəvət etmişik. Xalq parlamenti yaratmaq bir qrup seçkidə iştirak eləyən siyasi partiyanın ortaq təşəbbüsüdür".

ADP-dən ile ilgili görsel sonucu

“Bu addım ölkədə ikihakimiyyətlilik yaradılmasına cəhd kimi qiymətləndirilə bilərmi” sualına S.Cəlaloğlu belə cavab verdi: “Biz hakimiyyət orqanı yaratmırıq ki, bizə qarşı o cür ittiham da irəli sürülsün. İkincisi, bu simvolik ”xalq parlamenti" olacaq. Biz Azərbaycanda nümunəvi parlament necə olmalıdır, hansı işləri görməlidir, onu nümayiş etdirəcəyik. Orada heç nə gizli olmayacaq, hər şey aşkar olacaq. Biz nümayiş etdirəcəyik ki, parlamentə buraxılmayan adamlarla parlamentə buraxılanların fərqi nədən ibarətdir".

ADP sədri vurğuladı ki, yaratmağı planlaşdırdıqları simvolik “xalq parlamenti” 2010-cu ildə keçirilən parlament seçkilərindən sonra yaradılan İctimai Palatadan fərqli model olacaq: “İctimai Palata əslində seçkidən sonra vəziyyətə qeyri-adekvat qurum idi. İctimai Palata Müsavat Partiyası ilə AXCP-nin arasında yaradılmış siyasi birlik modeli idi. Simvolik xalq parlamenti isə dediyimiz kimi, simvolik bir parlament kimi olacaq. Bu, konstitusiyanın bizə verdiyi hüquqdur. Bizim cəmiyyətin, dövlətin siyasi həyatında iştirak etmək, təkliflər, təşəbbüslər qaldırmaq hüququmuz var. Hüququmuzdan bu şəkildə istifadə edəcəyik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi