Tanınmış iş adamı üsyan etdi:"Tenderlər sövdələşmə ilə satılır, sahibkarlar çıxlımaz vəziyyətə salınır..."

Tanınmış iş adamı üsyan etdi:"Tenderlər sövdələşmə ilə satılır, sahibkarlar çıxlımaz vəziyyətə salınır..." 

Azərbaycanın tanınmış İT şirkətlərindən biri olan “Neuron Technologies”in təsisçisi və rəhbəri İsmayıl Ələkbərov Azərbaycanın dövlət qurumlarını tenderləri qeyri-obyektiv keçirməkdə, bu sahədə ciddi qanunsuzluqlara yol verməkdə ittiham edib.

O, dövlət qurumlarındakı tender komissiyaları vasitəsilə dövlət büdcəsinin talandığını bildirib.

“Nə qədər çətin olsa da, cəsarətimi toplayıb, Azərbaycan sahibkarları adından həyəcan təbili vururam!. SOS! SOS! SOS!

Son dövrdə onlarla dövlət qurumunun keçirdiyi çoxsaylı tenderlərdə ciddi qanun pozuntuları ilə qarşılaşırıq. Dövlətimizin büdcəsi müxtəlif qurumların tender komissiyaları tərəfindən açıq-aydın talanır. Biz bu prosesə göz yuma bilmirik. Ölkəmizin hüquq-mühafizə orqanlarına, aidiyyatı qurumlara şikayət müraciərlərimizin ardı-arası kəsilmir. Ölkə başçımız cənab İlham Əliyevin sahibkarlarla ötən görüşlərində tenderlərlə və ictimai qınaqla bağlı səsləndirdiyi fikirləri və konkret olaraq, biz sahibkarlara verdiyi tapşırıqları rəhbər tutaraq, üzümü Azərbaycan Respublikasının dövlət qurumlarının korrupsiya bataqlığına bulaşmış tender komissiyalarına tutub deyirəm: Ya cənab Prezidentin siyasətinə və qanunlarımıza uyğun işləyəcəksiniz, ya da mən və mənim kimi sahibkarlar sizlərlə qanun çərçivəsində mübarizə aparaqcağıq və imkan verməyəcəyik ki, ölkədə azad rəqabəti boğasınız və dövlət büdcəmizlə bu cür davranasınız”- deyə, sahibkar bildirib.

10 tenderini udmuşuq, amma müqavilə bağlamırlar

İ.Ələkbərovun sözlərinə görə, rəhbərlik etdiyi şirkət son vaxtlar dövlət qurumlarının keçirdiyi 10 tenderin qalibi olub, amma yetərsayın olmaması və başqa bəhanələrlə mənimlə müqavilə bağlamaqdan imtina edilib. Bu barədə sahibkar fevralın 8-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə təşkil etdiyi “Biznes islahatları” mövzusunda seminarda bildirib. Qeyd edək ki, İ.Ələkbərov ASK-nın Rəyasət Heyətinin üzvü və İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) komissiyasının da sədridir.
Tenderlənin 90%-də qaliblər əvvəlcədən məlumdur

Sahibkar bildirib ki, dövlət satınalmalarının 90%-də qaliblər əvvəlcədən məlum olur:  “Dövlət Qurumlarının Tender Komissiyaları keçirilən tenderləri əvvəlcədən müəyyən etdikləri şirkətlərə təltif edir”.
Sahibkar bildirib ki, satınalma prosesi elektronlaşdırılsa da, qalibi müəyyən edən şəxslər tender komissiyalarının üzvləridir: “Onlar isə monipulyasiyaya yol verirlər. Mən professional İKT şirkətinin rəhbəriyəm və hansısa xidməti 10 manata təklif edirəm. Küçədən keçən proqramçı isə bu işi 2 manata görür və son nəticədə satınalma müqaviləsi onunla bağlanılır. Çünki qanunvericilikdə boşluqlar var. Təklif edirəm ki, sahibkarların iştirakı ilə satınalmalar haqqında qanuna yenidən baxılsın, bir daha dəyişikliklər edilsin. Bununla bağlı iş adamlarının xeyli təklifi var”.


Bu işlərə son qoymağın vaxtı çatıb

İ.Ələkbərov bildirib ki, dövlət satınalma tenderlərində sahibkarların yaşadığı ciddi qanun pozuntularına, dövlət büdcəsinin talan olunmasına son qoyulmasının vaxtı gəlib çatıb: “Təkcə bir faktı deyim ki, son bir neçə ay ərzində onlarla Nazirliyin, Komitənin, dövlət qurumunun keçirdiyi tenderlərin ləğvinə nail olmuşuq. Bəli, ləğvinə. Çünki, tenderlərdə qalib gəlsək də, satınalan təşkilatlar müqaviləni bizimlə bağlamamaq üçün yeganə variant kimi onu ləğv edirlər”.

Sahibkarın sözlərinə görə, bəzi təşkilatlar ümumiyyətlə, tenderin şərtlər toplusunu verməkdən yayınırlar ki, tenderə əlavə təkliflər verilməsin: “Çünki, tenderlərdə rəqabət olduqda, müqavilələri öz “şirkətlərinə” istədikləri qiymətlərə təltif edə bilməzlər. Dəhşətlisi isə odur ki, Tender Komissiyaları tenderləri müxtəlif bəhanələrlə ləğv edir, buna qanuni don geyindirir və heç kim buna görə cəzalandırılmır. Çünki, qanunvericilikdə çoxsaylı boşluqlar var”.

İ.Ələkbərov bildirib ki, yüzlərlə bu cür pozuntular barədə aidiyyatı qurumlara çoxsaylı şikayətlər edilib: “Bu külli-miqdarda keyslərin içərisində yalnız bircə dəfə (2 il öncə) bir Nazirliyin Tender Komissiyasının rəhbərinə Nazir tərəfindən şiddətli töhmət verilib. Vəssəlam. Qalan bütün digər hallarda, hətta qanun pozuntularını sübut etsək də belə, prosesi sadəcə olaraq ləğv edirlər və faciəlisi də odur ki, hələ görmədim ki, ləğv etdirdiyim tenderlər yenidən elan olunsun”.

“Sahibkarların haqqına girməklə balalarına əyin-baş alan mənfur insanlar”

İş adamı bildirir ki, təkcə son bir ildə ölkə başçısına, Prokurorluğa, DİN-ə və digər qurumlara silsilə şikayətlər, müraciətlər edilib: “Min bir zülüm, gecə-gündüz əziyyət, olmazın çətinliklərin sayəsində iş qurmuş sahibkarlarımızın tenderlərdə haqqına girməklə balalarına əyin-baş alan, yağlı tikələri yedizdirən tender komissiyalarının çoxu sonda Prezidentimizin qəzəbinə tuş gələrək, quyunun dibinə düşür. Ölkə başçımızın son illər ərzində məmurlara sərt təpkiləri buna misaldır. Biz də öz növbəmizdə, Prezidentimizin cızdığı xəttə uyğun olaraq, azad sahibkar qismində bu cəmiyyətin bu mənfur nümayəndələri ilə mübarizə aparırıq. Mən bu barədə ilk dəfədir ki, bu cür açıq yazıram. Çünki, bıçaq sümüyə dirənib artıq. Həm də ona görə yazıram ki, artıq günəş işartılarını görürəm, vəziyyətin yaxın zamandan etibarən kardinal dəyişəcəyinə ümid edirəm”.
Bizim vergilərlə maaş alan məmurlar sahibkarlara süni maneə yaradırlar

İ.Ələkbərovun sözlərinə görə, aylıq məvacibi sahibkarların ödədiyi vergi hesabına formalaşan dövlət məmurları şəxsi mənafeləri naminə dövlət büdcəsini talayaraq, tenderlərdə qanuni iştirak haqqı olan şirkətləri uzaqlaşdırır, süni maneələr yaradır: «Biz, yeni iş yeri yaradan, ölkəmizə vergi ödəyən, ixraca cəhd edən, inkişaf etmək istəyən sahibkarların bir çoxu isə ayın sonunda öz işçlərinə əmək haqqını belə ödəyə bilmir.
Çünki, əmək haqqı ödəmək üçün gərək layihələr olsun, şirkətə vəsait mədaxil olsun. Layihələr isə bir çox “hörmətli” məmurların özbaşınalığı sayəsində rəqabətli proses vasitəsilə deyil, subyektiv keçirilən tenderlər vasitəsilə həmin layihəni qazanmaq haqqı çatan sahibkarlara deyil, ölkəmizə arxadan zərbə vuran “şirkətlərinə” verilir”.

Tenderlərdə açıq dəllallıq hökm sürür…

Şirkət rəhbərinin sözlərinə görə, hazırda Azərbaycanda dövlət tenderlərində açıq dəllallıq hökm sürür: “Tenderlərin keçirilməsi, təkliflərin qiymətləndirilməsində böyük problemlər vardır. Bir sahibkar olaraq, ötən müddət ərzində bu istiqamətdə xeyli səy göstərmiş, dəfələrlə cənab Prezidentə, Prokurorluq, hüquq-mühafizə orqanlarına müraciətlər etmişik, qanunsuz keçirilən tenderlərin bir çoxunun ləğvinə nail olmuşuq. Amma əfsuslar olsun ki, bu proses bu gün də davam edir. Cənab Prezidentin tapşırıqlarına, qanunvericiliyin tələblərinə ayrı-ayrı dövlət qurumlarının tender komissiyaları məhəl qoymur. Bu sahəni tənzimləyən qanunvericilikdə böyük boşluqlar vardır”.

“Ümid edirik, yeni qanun vəziyyəti dəyişəcək”

İş adamının sözlərinə görə, “Dövlət satınalmaları haqqında» qanununa yeni edilmiş dəyişikliklər vəziyyəti düzəldə bilər. Xatırladaq ki, dəyişikliklərə əsasən, bundan sonra tenderlər vahid elektron mərkəzdən idarə olunacaq, satınalmalar elektron qaydada keçiriləcək: “Əgər yeniliklərə real həyatda əməl olunsa, ölkəmizdə biznesin inkişafında yaxşı mənada inqilabi dəyişikliklərə gətirib çıxara bilər. Bizə isə buna inanmaq və bir sahibkar kimi mücadiləmizi davam etdirmək qalır…”.//FED.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi