
Tanınmış ziyalılar, partiya sədrləri Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət etdi
Azərbaycanın bir qrup tanınmış ictimai xadimləri, ziyalıları həbsxanada aclıq aksiyası keçirən Qarabağ qazisi Tofiq Yaqublu ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər.
Müraciətdə 6 həftədir davam edən acılıq aksiyasından dolayı Tofiq Yaqublunun həyatının real təhlükə qarşısında olduğu bildirilir.
Qeyd olunur ki, Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızı Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır: “Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər.
Cənab Prezident! Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”.
Ölkə başçısına müraciəti professor Adil Qeybulla, VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı, şairlərdən Məmməd İsmayıl, Rüstəm Behrudi, Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyev, professor Qulu Məhərrəmli, millət vəkili Erkin Qədirli, senarist, kinodramaturq Eldəniz Quliyev, hüquq müdafiəçisi Hilal Məmmədov, ictimai xadim Qorxmaz İbrahimli, partiya sədrlərindən ADP sədri Sərdar Cəlaloğlu və KXCP sədri Mirmahmud Mirəlioğlu, yazçısı-publusist Bahəddin Həzi, Arif Əliyev jurnalist-publisist imzalayıblar.
Bu xəbər üçün şərh yazın