TƏBİB-dən narazılıq artır - Xəstə məmnunsuzluqlarına həkim narazılıqları da əlavə olunur

TƏBİB-dən narazılıq artır - Xəstə məmnunsuzluqlarına həkim narazılıqları da əlavə olunur 

Azərbaycanın ərazi bütövlüyünün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilməsindən sonra ölkə vətəndaşlarında bir sıra nazirliklərə "əl gəzdiriləcəyi" əminliyini artırıb.

Yəni, düzgün olmayan idarəetmənin, bəzən də şəxsi istək və arzudan irəli gələn bir şəkildə yanaşma tərzinin artıq aradan qaldırılacağı fikirləri güclənir. Hətta sorğunun keçirilməsinə, respondetlərin fikirlərinin öyrənilməsinə ehtiyacın olduğu qənaəti yaranır.


Amma əlahəzrət fakt faktlığında qalır və heç kimə sirr deyil ki, hələ də vətəndaşların narazı salınmasında - Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil, Kənd Təsərrüfatı Nazirlikləri, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) "birinciliyi" qoruyur. Bu siyahıdan nümunə üçün sonuncu TƏBİB seçilib müqayisə aparılsa,tibb müəssisələrinin Səhiyyə Nazirliyinin tabeçiliyində olduğu dövrə bəraət qazandırılar. Sorğu keçirilsə, pasiyentlər bəlkə də sabiq nazir Oktay Şirəliyevin zamanına şükür edər. Eləcə də, hazırda Səhiyyə Nazirliyinin idarəetməsində olan tibb müəssisələrindəki vəziyyətlə, TƏBİB-in tabeçiliyindəki xəstəxanalardakı abu-havaya müqayisəli yanaşılsa, sorğuların nəticəsini böyük fərqlə, yenə də Təbbi Ərazi Bölmələrini İdarəetmə Birliyi uduzar. Həmçinin,TƏBİB-in tabeçiliyində olan xəstəxanalarda kimlərin baş həkim,kimlərin direktor təyin edilməsi dərindən araşdırılsa, bəzən də dəhşət saçan faktlar ortaya çıxar,bu qədər narazılığın kimlərdən, hansı səbəblərdən qaynaqlandığı müəyyənləşər.


Məsələyə ölkə KİV-lərinin nəzərindən də baxdıqda görünür ki, Səhiyyə Nazirliyi tərəfindən elmi-tədqiqat və səhiyyə müəssisələrinə təyin olunan direktorlar heç kimi (0,01 faiz obyektiv səbəbdən istisna olmaqla) işdən çıxarmayıblar. Amma TƏBİB tərəfindən xəstəxanalara təyin olunan direktorlar son 4 ildə ağına, bozuna baxmadan təcrübəli həkimləri, tibbi personalı, hətta xidmətçiləri belə işdən azad ediblər. Belə olan təqdirdə, vəziyyət Azərbaycan ictimaiyyətinə də aydın olan, müəyyən suallar doğurur.Səhiyyə Nazirliyinin balansında olan tibb müəssisələrində niyə narazılıqlara səbəb olan hallar baş vermir? TƏBİB-i idarə edənlər nə düşünür, həqiqətənmi o fikirdədirlər ki, narazılıqların hansı bir səbəbdən qaynaqlandığını, son illərdə pis bir şəkildə təzahür etdiyini ictimaiyyət bilmir? Və yaxud, TƏBİB-in tabeçiliyində olan xəstəxanalardan kütləvi narazılıqlar Azərbaycan Prezident Administrasiyasında təhlil olunmur? Bu gün TƏBİB-dəki idarəedici korpus sezmir bunları, yoxsa yaranmış vəziyyət fürsət kimi dəyərləndirilir, bunun bir neçə il davam edəcəyi fikirləşilir?


Eləcə də 4 aydan artıqdır ki, mətbuatın yazdığı, orada 200-dən çox şəxsin işdən çıx(arıl)dığı, həkimlərinin, tibbi personalının dövlət rəsmilərinə məktublar ünvanlayıb, məhkəmələrə üz tutduğu M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında baş verənləri hələ də obyektiv araşdırmamaq TƏBİB-ə bir siqnal olmalıdır. Yəni orada kimlər, kimdən narazı salınır, düşünülməlidir.

Respublika Klinik Xəstəxanasında sui istifadə hallarının baş verməməsinə, həkimin 70ç maddəsi ilə işdən çıxarılacağı ilə hədələnməsinə, şöbələrdə şkafların yoxlanılmasına, arxiv, qeydiyyat şöbələri işçilərinin həkimləri "təftiş" etməsinə, Pərviz adlı birisinin şərləmə metoduna əl atmasına kimin rəvac verdiyi dəqiq araşdırılmalıdır, zənnimizcə. Həqiqətənmi, xəstəxananın direktoru Elviz Qasımovun bu "hadisələrdən" xəbərsiz olub-olmadığı düzgün müəyyənləşdirilməlidir. Yəni, orada professora "get sertifikat al, sonra gəlib xəstə qəbul edərsən", deyiminə ciddi baxmaq lazımdır. Belə fikirlər kollegial idarəetmə sisteminə əsaslanan tibbi müəssisələrdə işlədilirsə, deməli bunu deyənin özünə vurğunluq hissi var. Bu da nəyin əlamətidir, həkimlər daha yaxşı bilir.


Qaldı Mərkəzi Kliniki Xəstəxanada hazırkı ziddiyyətli, xaotik vəziyyətə, oradan işdən çıxarılmış digər həkimlər yola veriləcək kimi görünür. Amma 30 il çalışdığı ginekologiya şöbəsinin cərrah mama-ginekoloqu Bahar Novruzova və bir neçə prinsipial həkimin elə-belə sakitləşəcəyi ağla batan deyil. Çünki, mətbuata müsahibəyə kimi verən bu xanımın arqumentlərini gücləndirən digər hadisələr baş verir. İndi də məlum olur ki, ginekologiya şöbəsinin daha 18 həkimi yoxlama qrupuna şikayət verib. İşdən çıxarılmadıqları halda, onlar nədən narahatdırlar, bu da dəqiq, qərəzsiz araşdırılmalıdır.


Qaldı ki, həkim dərman istəyirsə, dərman verilməlidir.Dərman çatışmırsa, heç olmasa şərait yaradın onlar tikiş üçün sap, şok, laxtalanma əleyhinə 5-3 manatlıq dərmanları əldə edə bilsinlər.Yoxdursa,heç olmasa, doğulmuş körpələrə pampers tətbiq edilməsini uşağın valideynləri hesabına həyata keçirdəndə həkimə irad bildirilməsin. Özünüz də bilirsiniz ki, bunlar doğuş zamanı təcili həyata keçirilməli olan tibbi göstərişdir. Bəlkə də ginekologiya şöbəsinin 18 həkiminin iradları da belə məsələlərə görədir. Çünki, düşündürücüdür ki, qiyməti 5-3 manat olan tikiş üçün sap, şok və laxtalanma əleyhinə və s. dərmanların yerindəcə tətbiq edilməməsinə görə, xəstə doğuş zamanı ölə və ölüm faktına görə də həkimə cinayət işi açıla bilər. Təxminən 18 həkimin narahatçılığı, qorxusu yersiz deyil və görünür zamanla onların tövsiyyələri hardasa qulaqardına vurulub ki, məcburiyyətdən şikayətləri bu günlərə təsadüf edib.


Əlqərəz, bu və buna oxşar hadisələr təkcə Respublika Klinik Xəstəxanasında baş vermədiyindən, TƏBİB rəhbərliyi bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirib, güzəşt edilməyəcək mövqe sərgiləməlidir.Hər halda indiki vəziyyət bunu tələb edir.Xəstəxanalara təyin edilən direktorlar və baş həkimlər yenidən nəzərdən keçirilməlidir.Əks təqdirdə, məlumdur ki, istənilən şarın oksigen tutumunun sonsuz olmadığı qənaətini elm çoxdan sübuta yetirib.


Xüsusi qeyd:"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"(TƏBİB) 2022-ci ildən səhiyyə müəissələrinə psixoloqlar işə götürüb.Rəsmiyyətlə xəstəxanalarda kliniki psixoloq ştatında qeydiyyatı aparılmalı şəxslər hələ də,bu statusa sahiblənməyiblər.Sənədləşmədə psixoloq kimi qeyd ediliblər.Bu məsələlər də həllini tapmayıb.

Burada digər mənfi səbəb həm də ondan ibarətdir ki,bəzən psixoloqlar xəstəxanalara təyin olunan direktorların təzyiqi ilə  üzləşirlər.Belə hallar var və olur ki, psixoloqlara əmək müqaviləsinin uzadılmayacağına dair xəstəxana direktorları "mesaj"  da verirlər.

Fuad İsgəndərov

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi