“Təhsil Nazirliyi xalqı sındırmaqla məşğuldur”

“Təhsil Nazirliyi xalqı sındırmaqla məşğuldur” – Sensasion ittiham

“Hamı istəyir imtahan götürsün, suallar versin… Elm və Təhsil Nazirliyində millətə qulluq etmək yox, incitmək düşüncəsi hökm sürür”.

Bunu sabiq millət vəkili, professor Şahlar Əsgərov Elm və Təhsil Nazirliyinin qərarı ilə birinci sinfə şagird qəbulu zamanı uşaqlara verilən “işgəncədən”, onların qarşılaşdığı çətinliklərdən danışarkən Yenicag.az-a açıqlamasında deyib.

 

O, uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması adı ilə təşkil olunan müsahibələrə ehtiyac olmadığını qəti şəkildə bildirib:

 

“Dövlətin vəzifəsi öz gənclərinin, yeniyetmələrinin, uşaqlarının arzularını yerinə yetirməkdir, onların arzularını qırmaq deyil.

 

Əgər Elm və Təhsil Nazirliyi Azərbaycan dövlətinə məxsusdur və o uşaqlar Azərbaycan dövlətinin vətəndaşlarıdırsa, birinci sinfə qədəm qoymaq istəyən uşağı suallarla yormaq lazım deyil.

 

Məktəbdə onun alnından öpüb, hədiyyəsini verib, sinifdə öz partasında oturtmaq lazımdır ki, bura artıq sənin yerindir və mənim də borcum səni öyrətməkdir.

 

Bunu etməyən nazir demək ki, bizim yox, bizi istəməyən dövlətlərin naziri olur.

 

Dövlət nazirliyə büdcədən bu qədər maliyyə ayırır, maaş verir ki, sən birinci sinfə qədəm qoyan uşaqları imtahan elə, qəliz-qəliz suallarla yor, arzularını qır?

 

Büdcənin 25 faizini təhsilə ona görə ayırır ki, sən bu uşaqları savadlı vətəndaş kimi yetişdir.

 

Elə hamı istəyir ki, imtahan götürsün, suallar versin. Elm və Təhsil Nazirliyində millətə qulluq etmək yox, milləti incitmək düşüncəsi hökm sürür”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi