Təhsili bərbad məktəblərimizdə unudulan TƏRBİYƏ... - "Rəhbərliklərin başı pul yığmağa qarışıb, onlar..."

Təhsili bərbad məktəblərimizdə unudulan TƏRBİYƏ... - "Rəhbərliklərin başı pul yığmağa qarışıb, onlar..." 

“Məktəblərdə direktorlar, müavinləri və müəllimlər pul yığmaqla məşğuldurlar”.

Bu fikirləri Bakıdakı 6 nömrəli məktəb-liseyin 2-ci sinif şagirdinin seksual xarakterli davranışa məruz qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirən təhsil eksperti Kamran Əsədov Yenicag.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, orta məktəblərdə nəzarət mexanizmi aşağı səviyyədədir:

“Nəzarət mexanizmi kameralarla həyata keçirilmir. Bir neçə otaqda nəzarət kamerası olsa da, mütəmadi olaraq nəzarət zəifdir. Ölkədə “Məktəblinin dostu” kimi gözəl bir layihə həyata keçirilir. Bu layihə məktəb daxilində baş verən bir sıra neqativ halların kökünün kəsilməsinə gətirib çıxarıb. Amma çox təəssüflər olsun ki, bizim övladlarımız məktəblərdə yox, sosial şəbəkələrdə böyüyürlər. Məktəblərimizdə uşaqlarımıza tərbiyə verilmir.

Baş verən neqativ hallar onu göstərir ki, şagirdlər məktəbdə lazımi bilik və bacarıqları öyrənmədiyi kimi, tərbiyə prosesindən də kənar qalırlar. Yəni məktəb nəzarət mexanizmi həyata keçirə bilmir. Əgər bu tipli hadisə baş veribsə, bu onu göstərir ki, şagirdin məktəblə münasibətləri yaxşı deyil. Məktəbin psixoloqu, direktoru, onun müavini şagirdlərlə düzgün ünsiyyət qura bilmir. Yəni bu gün kommunikasiya ilə bağlı ciddi problemlər var. Bu gün Azərbaycan məktəblisi öz problemini məktəbin direktoruna, müəlliminə, psixoloquna deyə bilmir. Məktəb psixoloqu davamlı olaraq məktəbdə psixoloji testlər keçirməli, problemli şagirdləri nəzarətə götürməli, söhbətlər aparmalıdır. Əgər Bakının mərkəzində belə hal baş verirsə, Bakıdan kənarda biz daha nələr görə bilərik. Bizim məktəblərimiz informasiya münasibətlərində şagirdlərə uduzur.

Bu gün şagirdlər ali məktəbə qəbul olmaq üçün orta təhsilin verdiyi biliklə yox, repetitorun hazırlıq kursunda əldə etdiyi biliklə qəbul ola bilir. Deməli, məktəbin bir mahiyyəti yoxdur. Yaxud Gəncədə şagird öz məktəb yoldaşını bıçaqlayıb öldürür. Əgər bizim övladımızı məktəblərdə öldürür, incidir, dərs vermirlərsə, o zaman məktəblər nəyə lazımdır? Məktəblər şagirdlərin ən təhlükəsiz olmaları lazım olan yer olmalıdır, ancaq bunun tam əksinədir. Görünən budur ki, məktəb direktorları, müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları məktəblərə nəzarət edə bilmir, yaxud etmək istəmir. Onların başı pul yığmağa qarışıb. Görünən odur ki, məktəb öz funksiyasını yerinə yetirə bilmir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi