Üçrəngli bayrağımız Zəfər müjdəçimiz oldu

Üçrəngli bayrağımız Zəfər müjdəçimiz oldu 

Hər bir millətin, hər bir xalqın milli adət-ənənələri, tarixi bağlılığı və atributları var. Tarixən atributlar dövlətin və millətin milli kimlik mənbəyi olaraq əsirlərdən keçmiş, müasir tariximizin vacib amilinə çevrilmişdir.

 Bizim də bir vətəndaş olaraq rəmzlərimiz olan himnimiz, gerbimiz və bayrağımız milli qürur mənbəyimizdir.

Müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi dövlətimizi məhv olmaq təhlükəsindən xilas etməklə yanaşı bizə bütün itirdiklərimizi, eyni zamanda bayrağımızı qaytardı.

Çünki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.


1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.

Bütün həyatını müstəqil Azərbaycanın varlığına və işıqlı gələcəyinə sərf etmiş Ümummilli liderimiz Heydər Əliyev rəmzlərimizə olan sevgisini belə ifadə etmişdir:

“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” Apardığı uğurlu siyasət nəticəsində imzalar arasında imzamız görünən, bayraqlar arasında bayrağımız dalğalanan Ulu öndər Heydər Əliyev hər zaman xalqımızı birliyə, həmrəyliyə çağırmışdır: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”.

Bu gün biz çox xoşbəxt xalqıq ki, Ulu öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev kimi bir Prezidentimiz var. Hər zaman milli mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı ilə yanaşan ölkə başçımız rəmzlərimizə, bayrağımıza da məxsusi məhəbbət və rəğbət bəsləmişdir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır.


Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında” 2007-ci il 17 noyabr tarixli Sərəncamı Dövlət bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini müəyyən edir. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

Bu gün artıq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib. 30 ilə yaxın düşmən tapdağında qalmış doğma Qarabağımız artıq azaddır. Prezident cənab İlham Əliyevin qətiyyət və əminlik dolu fikirləri öz təsdiqini tapıb. Çünki, azadlığımızın simvolu, şəhidlərimizin örtüyü olan müqəddəs, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda dalğalanmaqdadır. Müstəqilliyimizin, azadlığımızın təsdiqi olan bayrağımız həm də Zəfərimizin müjdəçisi oldu. Böyük Zəfərin mübarək, Azərbaycan!

Gülbahar Eyvazova

Füzuli RİH Başçısının müavini,

İçtimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi