
“Uğurlu xarici siyasət kursu sabitliyi daha da gücləndirib” -DEPUTAT
Beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzlərinin formalaşdığı, qlobal siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi müasir dövrdə dövlətlərin milli maraqlarının qorunması, təhlükəsizliyinin təmin edilməsi və davamlı inkişafı məhz qətiyyətli idarəçilikdən asılıdır.
Tarixi təcrübə göstərir ki, prinsipial mövqeyi, strateji baxışı və milli maraqlara söykənən siyasəti ilə seçilən liderlər öz ölkələrini mürəkkəb sınaqlardan çıxarmağa, onların beynəlxalq mövqeyini möhkəmləndirməyə nail olurlar.
Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu da bunun bariz nümunəsidir. Son ictimai rəy sorğularında Prezident İlham Əliyevə yüksək etimadın ifadə olunması həyata keçirilən siyasətin cəmiyyətdə geniş dəstək qazandığını göstərir. Bu etimad uzun illər ərzində həyata keçirilən ardıcıl islahatların, əldə olunan uğurların və ölkənin dinamik inkişafının məntiqi nəticəsidir.
Etimadın əsas səbəblərindən biri Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və milli maraqlara əsaslanan siyasətdir. Dövlət başçısı fəaliyyətində hər zaman Azərbaycan xalqının mənafeyini əsas prioritet kimi müəyyənləşdirib, milli maraqların beynəlxalq münasibətlər sistemində ardıcıl və prinsipial şəkildə müdafiəsini təmin edib. Mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Azərbaycanın uğurlu xarici siyasət kursu ölkənin müstəqilliyini, siyasi sabitliyini və strateji mövqeyini daha da gücləndirib.
Liderliyin gücü yalnız qəbul edilən qərarlarla deyil, həm də xalqla dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə ölçülür. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, onun ən böyük dayağı Azərbaycan xalqıdır. Xalqın iradəsinə söykənən idarəçilik modeli, vətəndaşlarla açıq dialoq və milli maraqların əsas götürüldüyü qərarlar cəmiyyətlə dövlət arasında etimadı daha da gücləndirib. Məhz bu birlik qarşıda duran mühüm vəzifələrin uğurla həyata keçirilməsində həlledici rol oynayıb.
Müasir dövrdə liderin şəxsi keyfiyyətləri dövlətin beynəlxalq nüfuzuna da birbaşa təsir göstərir. Təsadüfi deyil ki, Avropa Komissiyasının Prezidenti Ursula Fonder Leyen də ölkəmizə səfəri zamanı regionda sülh təşəbbüslərinin təşviqində Azərbaycan Prezidentinin liderlik keyfiyyətlərinin xüsusi rol oynadığını vurğuladı. Cənab Prezidentin qətiyyətli siyasi iradəsi, strateji düşüncəsi və operativ qərarvermə bacarığı Azərbaycanın həm regionda, həm də beynəlxalq arenada mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib.
Bu gün Azərbaycan regional və qlobal əhəmiyyətli layihələrin təşəbbüskarı, etibarlı tərəfdaş və söz sahibi olan dövlətlərdən biri kimi tanınır.Ölkəmizin sosial-iqtisadi inkişafı da həyata keçirilən siyasətin səmərəliliyini təsdiqləyən əsas göstəricilərdəndir. Güclü iqtisadi potensialın formalaşdırılması, iri infrastruktur layihələrinin reallaşdırılması, enerji və nəqliyyat sahələrində strateji təşəbbüslərin həyata keçirilməsi, müdafiə qabiliyyətinin gücləndirilməsi və müasir ordunun qurulması Azərbaycanın dayanıqlı inkişaf modelini daha da möhkəmləndirib.Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi mövqeyinin güclənməsi də müstəqil və milli maraqlara əsaslanan siyasətin mühüm nəticəsidir. Beynəlxalq təşkilatlarda fəal iştirak, müxtəlif dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və qlobal proseslərdə fəal mövqe ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfə verir.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Bu tarixi nailiyyət güclü siyasi iradənin, iqtisadi qüdrətin, müasir ordunun və xalq–lider birliyinin vəhdətinin nəticəsi kimi ölkənin tarixində yeni inkişaf mərhələsinin əsasını qoyub.Qlobal təhlükəsizlik mühitinin mürəkkəbləşdiyi, müxtəlif bölgələrdə münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanda sabitliyin və təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət daşıyır. Ölkədə mövcud olan sabit ictimai-siyasi mühit iqtisadi inkişafın davamlılığını, sosial rifahın yüksəlməsini və beynəlxalq əməkdaşlığın genişlənməsini təmin edən əsas amillərdəndir.
Eyni zamanda, Azərbaycanın əldə etdiyi uğurlar və beynəlxalq nüfuzunun artmasından narahat olanlar da az deyil. Son illərdə müxtəlif platformalarda özlərini "müstəqil bloger", "media fəalı" və ya "siyai şərhçi" kimi təqdim edən bəzi antimilli ünsürlərin ölkəmiz haqqında qərəzli məlumatlar yayması, Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə yönəlmiş kampaniyalarda xüsusi canfəşanlığı təəssüf doğurur. Tənqidi fikir və ifadə azadlığı demokratik cəmiyyətin mühüm prinsiplərindən olsa da, qəsdən dezinformasiyanın yayılması, faktların təhrif edilməsi, təhqir və qarayaxma kampaniyalarının aparılması milli maraqlarla ziddiyyət təşkil edir. Azərbaycanın son illərdə əldə etdiyi real nəticələr, beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığı, iqtisadi göstəriciləri və həyata keçirdiyi qlobal layihələr göstərir ki, qərəzli informasiya kampaniyaları sözsüz ki, ölkənin inkişafına təsir göstərə bilmir. Əksinə, ölkəmizin artan beynəlxalq nüfuzu, yeni tərəfdaşlıqların qurulması və həyata keçirilən strateji layihələr bu cür cəhdlərin nəticəsiz qaldığını nümayiş etdirir.
Müasir beynəlxalq münasibətlər sistemi bir daha sübut edir ki, güclü lider milli maraqları qoruya, cəmiyyətdə həmrəylik yarada, dövlətin strateji inkişaf kursunu müəyyənləşdirə və ölkəsini beynəlxalq arenada layiqincə təmsil edə bilir. Azərbaycanın son illərdə qazandığı uğurlar da həyata keçirilən məqsədyönlü siyasətin və dövlət–xalq birliyinin nəticəsidir.
Könül Nurullayeva
Milli Məclisin deputatı












Bu xəbər üçün şərh yazın