“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı

“Vefa Esthetıc Center”də qanun pozuntuları aşkarlandı 

“Vefa Esthetıc Center” MMC-yə məxsus özəl tibb müəssisəsində plandankənar yoxlama zamanı bir sıra qanun pozuntuları aşkarlanıb.

 

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi Trend.az-ın sorğusuna cavab olaraq məlumat verib.

 

Qeyd olunub ki, KİV-də dərc olunan məlumatlar və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə müvafiq olaraq, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov, Leopold və Mstislav Rostropoviçlər və A.İldırım küçələrinin kəsişdiyi ərazinin 119-cu məhəlləsində yerləşən “Vefa Esthetıc Center” MMC-yə məxsus özəl tibb müəssisəsində aidiyyəti araşdırmanın aparılması məqsədilə plandankənar yoxlama keçirilib.

 

Yoxlama nəticəsində “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49.1-ci maddəsinin pozulduğu müəyyən edilib. Belə ki, özəl tibb fəaliyyəti subyektinin tabeliyində çalışan tibb mütəxəssislərinin sertifikasiyaya cəlb edilmədiyi, xüsusilə “Kosmetologiya” işi üzrə həkimin qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxıldığı aşkarlanıb.

 

Bundan başqa, tibbi qeydiyyat sənədlərinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 saylı əmri ilə təsdiq edilmiş forma və qaydalar üzrə aparılmadığı bildirilib. Ambulator pasiyentlərin qeydiyyatının “AV MEDICAL” proqramı üzrə həyata keçirilməsi ilə “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin pozulduğu qeyd olunub.

 

Yoxlama zamanı “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4.8 və 6.1-ci maddələrinin də pozulduğu, müəssisədə yararlılıq müddəti bitmiş və dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin aşkarlandığı bildirilib.

 

Həmçinin lisenziyada göstərilən işlərdən kənar fəaliyyət faktı müəyyən edilib. İşçilərin siyahısına baxış zamanı sertifikasiya şəhadətnaməsi və əmək müqaviləsi üzrə “endokrinoloq” vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması faktı aşkarlanıb.

 

Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aşkar edilmiş pozuntularla bağlı “Vefa Esthetıc Center” MMC barəsində inzibati tənbeh tədbirləri seçilib, İnzibati Xətalar Məcəlləsinin 215.4 və 221.1-ci maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə icraata göndərilib.

 

Mərkəz əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin təmin edilməsi və qanunvericiliyə riayət olunması istiqamətində nəzarət fəaliyyətinin davam etdirildiyini vurğulayıb. Bildirilib ki, vətəndaşların və KİV-in müraciətləri əsasında aparılan yoxlamalar şəffaflıq və qanunun aliliyi prinsiplərinə uyğun həyata keçirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər