Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı şikayət etdi

Vüqar Səfərli Əli Həsənov və oğlu ilə bağlı şikayət etdi 

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən verilən apellyasiya şikayətinin detalları məlum olub.

Onun şikayətində KİVDF-in həqiqətən Mətbuat prospektidə yerləşən binada icarə haqqı müqabilində icarəçi kimi fəaliyyət göstərdiyi bildirilib.

Bildirilib ki, Fondla icarəyə verən arasında bağlanan rəsmi müqavilələr mövcuddur:

“Həmin müqavilələr üzrə ödəniş sənədləri də cinayət işinin materiallarına əlavə edilib”.

Şikayətdə qeyd edilib ki, V.Səfərli tərəfindən ödənilmiş icarə haqqı üzrə hər hansı məbləğ mənimsənilməyib:

“İcarə sahəsinin yerləşdiyi binada dövlət hesabına maliyyələşən digər qurumlar, QHT fondu və digər fondlar fəaliyyət göstərib. Bina əlverişli məkanda, nəşriyyata və redaksiyalara yaxın mövqedə yerləşir. Fondun fəaliyyət göstərdiyi ünvan üzrə ödənilən icarə haqqının dövlət tərəfindən müəyyən edilən standartdan artıq olmasına dair dövlət orqanlarından heç vaxt irad bildirilməyib”.

Eyni zamanda apellyasiya şikayətində icarə haqqının bazar qiymətlərindən artıq olub-olmamasının müəyyən edilməsi üçün ekspertizanın da təyin edilməsi tələb olunur:

“Bu hal məhkəmə iclasında şahid qismində dindirilən Azərmətbuatyayım ASC-nin nümayəndəsinin ifadəsi ilə də öz əksini tapıb. Hadisənin mexanizmindən görünür ki, müqavilə əsasında pul vəsaiti Fonda ayrılıb və eyni qaydada da “icarə haqqı” təyinatı ilə Həsənli Şamxal Əli oğlunun hesabına transfer edilib. Belə olan halda həmin pul vəsaitlərinin ayrıldığı və çatdığı yer bəllidir. Göründüyü kimi, icarə haqqı üzrə hər hansı məbləğdə pulun Vüqar Səfərliyə qaytarılmaması və yaxud bu epizod üzrə onun hər hansı formada bəhrələnməməsi onun qeyd edilən epizod üzrə Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə) maddəsi ilə məsuliyyətini istisna edir”.

Müdafiə tərəfi həmçinin apellyasiya şikayətində jurnalistlər üçün inşa edilən binaların tikintisi zamanı yol verilən qanunazidd əməllər nəticəsində dövlətə məxsus 16 928 086,44 manat məbləğində pul vəsaitinin talanması epizodu üzrə də aparılan məhkəmə istintaqından narazı olduğunu qeyd edib:

“Həmin epizod üzrə Vüqar Səfərlinin əməlində talama cinayətinin tərkibini yaradan heç bir fakt yoxdur. Həmçinin qeyd edilməlidir ki, tikinti üzrə ziyan Vüqar Səfərli tərəfindən deyil, Ədalət Vəliyev (Əli Həsənovun bacanağı) tərəfindən ödənilib. Belə ki, Ədalət Vəliyev Portos MMC-də vəzifəyə münasibətdə formal bir şəxs olmasını bildirsə də, 36 000 000 manat dəyərində olan əmlakı ziyanın əvəzini ödəmək üçün təqdim edib. Həmçinin iş materiallarından görünür ki, Portos MMC Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus olub. Tikintinin əvvəldən axıra qədər aparılmasında bütün göstərişlər Əli Həsənov tərəfindən verilib (şahid ifadələrinə əsasən). Vüqar Səfərli Əli Həsənovun göstərişlərini mübahisələndirmək iqtidarında olmayıb”.

Şikayətdə qeyd edilib ki, bu epizod üzrə V.Səfərli günahkar deyil, onun barəsində bəraət hökmünün çıxarılması istənilir./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi