Yaxın Şərq alovlanacaq, İrandakı rejim isə..

Yaxın Şərq alovlanacaq, İrandakı rejim isə.. 

Yaxın Şərq yeni qarşıdurmaların mərkəzinə çevriləcək.

Bu sözləri Axar.az-a Qətər böhranı və Körfəz ölkələrinin Doha ilə diplomatik əlaqələri kəsməsi ilə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq Qətərə yönəlik siyasətin Amerikanın rəyinə əsaslandığını qeyd edib:

“ABŞ və Səudiyyə Ərəbistanı İranla hər hansı əlaqələri aparan ölkəyə qarşı qəti və kəskin mövqe tutur. Qətər isə Səudiyyənin “İslam NATO-su” yaratmaq ideyasına qarşıdır və bu məsələdə İranı dəstəkləyir. Üstəlik, rəsmi Doha ABŞ-la Səudiyyə arasında əldə edilən razılaşmaların İrana qarşı olduğunu başa düşür. Bu nöqteyi-nəzərdən bütün baş verənlərin birbaşa İranla əlaqəli olduğu qətidir. Çünki Amerika nəinki İranı hədəfə alıb, bu ölkəylə Rusiyanı öz mövcudluğu üçün əsas təhlükə hesab edir. Ona görə də Vaşinqton Tehrana qarşı təzyiqləri artırır. Belə bir vaxtda Səudiyyənin də İrana qarşı olması Amerikanın işini asanlaşdırır. Bu səbəbdən də İranı müdafiə edən və hətta Trampın Yaxın Şərqə səfəri zamanı Qətər əmrinin nümayişkaranə surətdə bəyanatı və Ruhani ilə danışması rəsmi Dohaya qarşı təzyiqləri gücləndirib”.

Politoloqun fikrincə, Qətər böhranı bu ökədə siyasi dəyişikliklərlə nəticələnəcək:

“Bundan sonra Qətər üçün ağır günlər başlayır. Çünki ərəb birliyinin deyil, İranın bölgədəki nüfuzunun güclənməsi xəttinin seçilməsi Qətərin blokadaya alınması prosesini dərinləşdirəcək. Beləliklə, Yaxın Şərq yeni qarşıdurmaların mərkəzinə çevriləcək. Bu qarşıdurmaların əsas hədəfi isə İran olacaq. Bu proses İranın İraq və Suriyadakı iştirakı tamamilə aradan qaldırılana qədər davam edəcək. Hətta İranda teokratik rejimin dəyişdirilməsi məsələsinin gündəmə gələcəyini də istisna etmək olmaz. Bir sözlə, Yaxın Şərq yenidən alovlanacaq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən, Maldiv və Mavriki, Mavritaniya Qətərlə münasibətləri dayandırıb. İordaniya isə rəsmi Dohayla münasibətləri ən aşağı səviyyəyə endirib.

Bu dövlətlər buna səbəb kimi Qətərin terrorizmi maliyələşdirməsini əsas göstəriblər.Faktinfo.az 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi