Yay yarıya çatıb, amma meyvə-tərəvəz ucuzlaşmır…

Yay yarıya çatıb, amma meyvə-tərəvəz ucuzlaşmır… – Səbəb nədir?

Yay mövsümü gələndən bazara üz tutanların hamısı ucuzlaşmaya ümid edir. Xüsusilə mövsüm meyvələrində, tərəvəzlərdə qiymət enməsi gözləntiləri böyükdür.

Lakin apardığımız müşahidələr göstərir ki, mövsüm meyvələrində, tərəvəz və bostan məhsullarında qiymət ucuzlaşması olsa da, bu, əhalini qane edəcək səviyyədə deyil.

Belə ki, adətən iyun ayının 2-ci ongünlüyündə ucuzlaşan gilasın, gilənarın kiloqramı 1,7-2 manatdan aşağı düşməyib. Son bir həftədə isə mövsümü başa çatmaq üzrə olduğuna görə 2,5-3 manata yüksəlib. Bazarda 1,5 manatdan aşağı qiymətə alma, 2,5 manatdan ucuz armud, ərik tapmaq olmur. Həmişə bu vaxtlar 1 manatdan aşağı satılan gavalı indi 1,5 manatadır. Təzə qarğıdalının dənəsi, qarpızın kiloqramı 40-50 qəpikdir. Pomidor-xiyarın qiyməti 60-70 qəpiyə olsa da, keyfiyyəti çox aşağıdır.Xüsusilə keyfiyyətli pomidor tapmaq müşkülə dönüb.

Bazarda məhsul satanların dediyinə görə, qarpızın qiymətindəki bahalıq məhsulun az olması ilə bağlıdır. Belə ki, qarpız yetişdirilən sahələrin xeyli hissəsində bu il pambıq əkilib. Üstəlik, yetişdirilən məhsulun xeyli hissəsi ölkədən xaricə çıxarılır. Buna görə də həmişə bu vaxtlar 20-25 qəpik olan qarpız indi ikiqat bahasınadır.

Maraqlıdır ki, pomidorun keyfiyyət problemini də satıcılar xaricə ixracla izah edirlər. Onların dediyinə görə, keyfiyyətli məhsul Rusiyaya aparılır, seçilib qalanlar isə daxili bazara yönəldilir.

Qeyd edək ki, mövsüm olmasına baxmayaraq, bazarımızda xarici məhsullar da yetərincədir. Hazırda Azərbaycana Türkiyə və Gürcüstandan meyvə-tərəvəz idxal olunur:ərikdən, gilənardan tutmuş pomidor və göyərtiyədək. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin altı ayında Azərbaycana 166 min 830 ton meyvə-tərəvəz gətirilib ki, buna da 89,3 milyon dollar xərc çəkilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə bu ilin yanvar-may ayları ərzində ən çox ixrac edilən qeyri-neft sektoruna aid məhsul 96,8 milyon dolları dəyərlə tomat (pomidor) olub. 2017-ci illə müqayisədə bu ilin 5 ayında pomidor ixracı dəyər baxımından 21 faiz, həcm baxımından isə 15 faiz artıb.

Ümumiyyətlə isə yanvar-may ayları ərzində meyvə-tərəvəz ixracı 189,8 milyon dollar təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz artım deməkdir.

DSK-nın verdiyi məlumatdan o da aydın olur ki, 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 3,0 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 3,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,4 faiz bahalaşıb.

Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

İyun ayı ərzində manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, qoyun ətinin, qatığın, pendirin, kərə yağının, albalının, gilasın, alçanın, əriyin, çiyələyin, pomidorun, xiyarın, badımcanın, göy lobyanın, soğanın, kartofun qiymətlərində ucuzlaşma, düyünün, mal və toyuq ətinin, yumurtanın, zeytun, günəbaxan və qarğıdalı yağlarının, göyərtinin, şəkər tozunun, dondurmanın, qara və yaşıl çayın qiymətlərində isə bahalaşma müşahidə olunub.

Beləliklə, rəsmi rəqəmlər də ərzaq bazarında, xüsusilə də kənd təsərrüfatı məhsullarının qiymətində çox cüzi ucuzlaşmanın olduğunu göstərir. Bunun isə meyvə-tərəvəz mövsümündə ucuz məhsul almaq ümidi ilə bazara gedən əhalini qane etməməsi təbiidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi