Yeni nazirin bir ili: “Problem artdı, naşı komanda formalaşdı”

Yeni nazirin bir ili: “Problem artdı, naşı komanda formalaşdı” 

Təhsil eksperti Kamran Əsədov “Ceyhun Bayramovun ili çıxdı” başlıqlı paylaşım edib.

Ekspert Ceyhun Bayramovun bir il əvvəl Təhsil naziri təyin edildiyini vurğulayıb.

“Bəli, 1 il bundan əvvəl Ceyhun Bayramov Təhsil naziri təyin olundu. Onun təhsil naziri olması ictimai razılığın nəticəsi idi. Ondan təhsildəki problemlərin həlli gözlənilirdi və böyük ümidlər var idi. 

Amma bir il ərzində nəinki təhsildə problemlər həll oldu, əksinə, daha da çoxaldı, təhsilə ictimai etibar və etimad ciddi şəkildə aşağı düşdü. 

Səbəb əlbəttə ki, təhsil nazirinin yanlış, naşı komandası oldu. 

Ümumiyyətlə, 1 il ərzində təhsil nazirliyinin həyata keçirdiyi heç bir kadr islahatını uğurlu hesab etmirəm. 

Bir il əvvəl gözləyirdim ki, Ceyhun Bayramov təhsildə yığılıb qalmış əsas problemləri həll edəcək:

- Diplomların tanınması ilə bağlı olan qanunsuzluq hələdə davam edir;

- Təhsil naziri əlçatan deyil, vətəndaş, müəllim öz problemini deyə bilmir;

- Təhsil nazirliyi daxil olan şikayət və müraciətlərə baxmır; 

- Müəllimlərin və gənc tədqiqatçıların sosial müdafiəsi üçün heç bir addım atılmır; 

- Məktəblər ictimaiyyətə bağlıdır və baş verən xoşagəlməz hadisələr gizlədilir, həll olmur; 

- Ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul qaydaları hələdə məlum deyil. Yəni kollec məzunlarının imtahansız ali məktəblərə qəbulu hələ də açıqdır;

- Universitetlərdə hazırlıq qrupları ilə bağlı məsələ həll olunmayıb;

- Diplomları dövlət nümunəli olmayan müəllimlərin əmək haqqı və ya onların fəaliyəti ilə bağlı problemlər davam edir;

- Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ilə bağlı nazirliyin heç bir tədqiqatı və münasibəti yoxdur.

Nazir bir il ərzində hansısa öncədən hazırlanmış ssenari istisna olmaqla, birbaşa nə universitetdə, nə də orta məktəblərdə tədris prosesində iştirak etməyib. 

Bu siyahını minə qədər uzatmaq olar.

Təhsildə hazırda həyata keçirilən islahatlar da əvvəlki illərdə əsası qoyulanlardır ki, indi də davam edir. 

Nə müəllimlərin, direktorların işə qəbulu, nə elektron qaydada tələbə köçürülməsi, nə də birinci sinfə qəbul onun fəaliyyətinin nəticəsi deyil. Müəllimlərin imtahan ilə işə qəbulu hələ 2009-cu cu  ildə Misir Mərdanov təhsil naziri olanda başlamışdı.

Ən maraqlısı da odur ki, Ceyhun Bayramov Təhsil naziri olduğu 1 il ərzində onun rəsmi qəzet və jurnallarda təhsilə aid heç bir məqaləsi dərc edilməyib. 

Halbuki bu bir il ərzində Prezident İlham Əliyev tərəfindən təhsil sistemində çox ciddi islahatlar, qərar və sərəncamlar qəbul edilib. 

Bu müddət ərzində hörmətli nazirin tədbirlərdə çıxışları da demək olar ki, eyniyyət təşkil edib və demək olar ki, təkrar olub. 

Mikayıl Cabbarov təhsil naziri olanda tənqidlərə açıq idi. İndi isə təhsil nazirliyi bütün heyəti və resursları ilə bunu edənə qarşı bütün vasitələrlə mübarizə aparır. 

Ümid edirəm ki, saydığım və saymadığım ciddi problemlərin növbəti il ərzində aradan qaldırılması istiqamətində addımlar atılacaq”./Yeni Sabah.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi