Yol polisi tanınmış vəkilə 1000 manat ödəməlidir - Məhkəmə qərar çıxardı

Yol polisi tanınmış vəkilə 1000 manat ödəməlidir - Məhkəmə qərar çıxardı 

Tanınmış vəkil Bəhruz Bayramovun Bakı şəhər Dövlət Yol Polis İdarəsinə (BDYPİ) qarşı qaldırdığı məhkəmə iddiası qismən təmin olunub. Bu barədə vəkilin özü sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

O, bildirib ki, BDYPİ-yə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, rəsmi təkzib, üzr istəmək, maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia qaldırıb. Yasamal Rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə qətnamə cıxarıb. 

"Bu gün Apellyasiya Məhkəməsində həmin qətnamədən verdiyim şikayətə baxıldı. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv olundu və iddia tələbi qismən təmin olundu. Belə ki, iddiamın maddi-mənəvi ziyan hissəsi təmin olunaraq, həmin idarənin mənə 1000 manat ödənilməsi qət olundu".

Bəhruz Bayramov bildirib ki, bu son deyil, qarşıda onu Ali və Avropa məhkəmələri gözləyir.

Xatırladaq ki, BDYPİ iki il əvvəl vəkilin sərxoş halda avtomobil idarə etdiyinə görə saxlanması haqda məlumatları, sərxoşluq müayinəsindən keçirilməsi barədə görüntüləri saytlarda, telekanallarda yaymışdı. Həmin məlumat və görüntülərlə ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərbə vurulduğunu deyən vəkil buna görə idarədən üzr, xəbərin tirajlandığı telekanallarda təkzib verilməsini, 300 min manat da təzminat tələb edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi