“Zabitləri Lənkəran Əliyev qədər ləkələyən ikinci bir general tanımıram” - AÇIQLAMA

“Zabitləri Lənkəran Əliyev qədər ləkələyən ikinci bir general tanımıram” - AÇIQLAMA 

“Generalların müəyyən yaş həddinə çatmasından sonra ordu sıralarından tərxis olunmaları yaxşı haldır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Zahid Hüseynovun, Nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi-Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyevin və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanlığının Təşkilat-İnspeksiya rəisi general-mayor Lənkəran Əliyevin təqaüdə göndərilməsinə münasibət bildirən hərbi ekspert Tərlan Eyvazov deyib.

Tərlan Eyvazovun sözlərinə görə, Azərbaycan ordusunun əsas problmlərindən biri məhz rotasiya sisteminin olmaması idi:

“Azərbaycan ordusunda uzun müddət həll olunmayan problem rotasiya məsələsi idi. Bir şəxsin eyni vəzifədə 10-15 il xidmət etməsi qəbulounmazdır. İstər Səfər Əbiyevin, istər dünyada bəlkə də rekord müddətdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıkovun, istərsə də də indiki müdafiə naziri Zakir Həsənovun dövründə rotasiya problemi hər zaman aktual olub.

Lakin müharibənin gedişində və ondan sonrakı dövrdə bu sahədə bəzi irəlləyişləri görürük. Arzu edərdim ki, Silahlı Qüvvələrimiz Türkiyə modelinə keçdikdən sonra rotasiya sistemi saat kimi işləsin. Bu həm də motivasiya deməkdir. Rotasiya sisteminin oturuşması hər bir əsgərin general olmaq arzusunu qabardacaq.

Ondan sonra hansısa leytenant düşünməyəcək ki, necə xidmət etsə də, adamı olmasa, irəli gedə bilməyəcək. Rotasiya təmin edildikdə, hər bir zabit çalışacaq ki, daha yaxşı xidmət qarşılığında yüksək rütbə və vəzifə ala bilsin”.

Ehtiyata göndərilən generallar haqqında isə Tərlan Eyvazov bunları deyib:

“Zahid Hüseynov haqqında çox şey deyə bilmərəm. Çünki onunla yollarımız kəsişməyib. Lənkərən Əliyevi birinci Qarabağ müharibəsində Tərtərdə hərbi hissə komandiri olduğu dövrdən tanıyıram. Gedənin arxasınca danışmaq yaxşı deyil, ancaq bunu hər zaman dediyim üçün yenə təkrarlayıram, Lənkəran Əliyev kimi ikinci bir general tanımıram ki, öz tabeliyində olan zabitləri korlayıb sıradan çıxarsın.

Lənkəran Əliyev müxtəlif vəzifələrdə olarkən, onun işi-gücü hər hansı xırda nöqsan taparaq zabitləri cəzalandırmaq, vəzifədən çıxarmaq, ləkələmək, onları ordu sıralarından hansısa bir maddə ilə uzaqlaşdırmaq olub.

Rasim Əliyev mənim həmkarım idi. Yəni mən hərbi hissələrin birində, o isə digərində “zampolit” işləyirdik. Rasim Əliyev öz adını daim qoruyub saxlaya bilib. Milli təəssübkeşliyi olan kadr idi. Qalib ordudan tərxis olunmağı arzulayırdı. Tale ona bu qisməti yaşatdı. Bütün qeyd olunanlara baxmayaraq, onların zəhmətlərini qiymətləndirirəm”.

Yaxın gələcəkdə orduda baş verəcək dəyişikliklərə gəldikdə isə hərbi ekspert bu fikirləri səsləndirib:

“Yaxın gələcək üçün əsas gözlənti ordunun Türkiyə modelinə keçməsidir. Bildiyim qədər, bu yöndə iş aparılır. Çox yaxşı olardı ki, bu proses sürətləndirilsin. Təcrübə göstərir ki, bu, kifayət qədər uğurlu modeldir. Sistem tam oturduqdan sonra orduda olan digər nöqsanlar da tədricən aradan qalxacaq”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi