Zakir İbrahimov Özbəkistan Prezidentinin investorlarla görüşündə “Akba” qızıl yatağının işlənməsi perspektivlərini açıqlayıb

Zakir İbrahimov Özbəkistan Prezidentinin investorlarla görüşündə “Akba” qızıl yatağının işlənməsi perspektivlərini açıqlayıb 

2026-cı il oktyabrın 21-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Qaşqadərya vilayətinə işgüzar səfəri çərçivəsində xarici investorlarla görüş keçirilib. Görüşdə regionun sənaye və kənd təsərrüfatı potensialının genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və müasir texnologiyaların tətbiqi məsələləri müzakirə olunub.

Özbəkistan Prezidenti Qaşqadərya vilayətinin sənaye üzrə inkişaf perspektivlərinə toxunaraq bildirib ki, son beş ildə regiona 20 trilyon sum həcmində daxili investisiya yönəldilib. Ümumi dəyəri 6 milyard ABŞ dollarından çox olan 161 investisiya layihəsi hazırlanıb. Onlardan 69-u artıq istifadəyə verilib, digər 92 layihə üzrə isə tikinti işlərinə başlanılıb.

Şavkat Mirziyoyev xammalın daha dərindən emal edilməsinin, müasir texnologiyaların tətbiqinin və əlavə dəyər yaradan istehsal sahələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, 2027-ci ilin müasir sənaye və aqrotexnologiyalar əsasında Qaşqadərya vilayətinin inkişaf ili olacağını bildirib.

Görüşdə Azərbaycan–Özbəkistan strateji tərəfdaşlığının inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də diqqət mərkəzində olub. Çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov şirkətin Özbəkistanda təsis edilmiş ilk xarici törəmə müəssisəsi – “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti və Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının işlənməsi layihəsinin perspektivləri barədə məlumat verib.

Bildirilib ki, layihənin ilkin mərhələsində hazırlıq və əlavə geoloji kəşfiyyat işlərinin aparılması üçün 7,8 milyon ABŞ dollar məbləğində investisiyanın yatırılması nəzərdə tutulur. Yatağın istismara hazırlanmasının növbəti mərhələləri üzrə investisiya həcminin minimum 100 milyon ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır.

İlkin hesablamalara əsasən, layihə çərçivəsində 200-dək yeni iş yerinin yaradılması potensialı mövcuddur. Layihə üzrə yekun investisiya qərarının qəbul edilməsi 2028-ci ilə planlaşdırılır. Qeyd olunub ki, investisiya həcmi, hasilat göstəriciləri və məşğulluq imkanlarına dair ilkin qiymətləndirmələr əlavə geoloji kəşfiyyat işlərinin, mineral resursların qiymətləndirilməsinin, texniki-iqtisadi təhlilin və layihələndirmə prosesinin nəticələrinə uyğun olaraq dəqiqləşdiriləcək.

“Akba” layihəsi Azərbaycan və Özbəkistan arasında mədənçıxarma sahəsində əməkdaşlığın genişləndirilməsi, mineral xammal ehtiyatlarının səmərəli istifadəsi və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır. Layihənin həyata keçirilməsi, eyni zamanda, “AzerGold” QSC-nin beynəlxalq fəaliyyətinin genişləndirilməsinə və şirkətin peşəkar təcrübəsinin xarici bazarlarda tətbiqinə imkan yaradacaq.

Xatırladaq ki, bununla yanaşı, “AzerGold” QSC, “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti arasında 17 iyul 2026-cı il tarixində Özbəkistanın perspektivli mineral sahələrində birgə geoloji kəşfiyyat işlərinin aparılmasına dair əməkdaşlıq sənədi imzalanıb. Hazırda Nəvai və Nurata şəhərləri arasındakı sahələrdə tədqiqatların aparılması üçün birgə müəssisənin yaradılması istiqamətində işlər davam etdirilir. Eyni zamanda, tərəflər Azərbaycan və Özbəkistanda yerləşən digər perspektivli mineral yataqlarının birgə kəşfiyyatı və işlənməsi imkanlarını da müzakirə edirlər.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪