ABŞ-da Demokratlara qarşı sui-qəsd:Melissa Hortman və həyat yoldaşı qətlə yetirildi

ABŞ-da Demokratlara qarşı sui-qəsd:Melissa Hortman və həyat yoldaşı qətlə yetirildi 

ABŞ-ın Minnesota ştatında Demokratlar Partiyasının tanınmış nümayəndələrinə qarşı həyata keçirilmiş silahlı hücum ölkə ictimaiyyətində şok effekti yaradıb.

Silsilə hücumlar nəticəsində keçmiş ştat spikeri Melissa Hortman və onun həyat yoldaşı Mark qətlə yetirilib, ştat senatı üzvü John Hoffman və onun həyat yoldaşı Yvette isə ağır yaralanıblar.

Hadisələr 14 iyun tarixində, səhər saatlarında baş verib. Brooklyn Parkda yerləşən evində Melissa Hortman və həyat yoldaşına hücum edən şəxs özünü polis kimi təqdim edərək qapını açdırıb, daha sonra silah tətbiq edərək hər iki şəxsi yerindəcə qətlə yetirib. Hücumdan cəmi bir neçə saat sonra Champlin şəhərində də eyni üsulla senator John Hoffman və həyat yoldaşı Yvette atəşə tutulub. Onlar hazırda xəstəxanadadır və vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Rəsmi mənbələrdən verilən məlumata görə, hücumu eyni şəxs həyata keçirib. İstintaq orqanları cinayətkarın istifadə etdiyi avtomobilin polis maşınına bənzədildiyini və üzərində hüquq-mühafizə orqanlarının simvolları olduğunu bildiriblər. Hücumçunun hadisə yerində tərk etdiyi sənədlər arasında digər siyasi fiqurların adlarının yer aldığı siyahı da aşkarlanıb. Bu, ABŞ siyasətində daha genişmiqyaslı siyasi zorakılıq planından xəbər verir.

Minnesota ştatının qubernatoru Tim Walz baş verənləri “siyasi motivli sui-qəsd” adlandırıb və hüquq-mühafizə orqanlarına fövqəladə vəziyyət rejimi çərçivəsində istintaqın genişləndirilməsi barədə göstəriş verib. Eyni zamanda, FBI və yerli polis birgə əməliyyat keçirərək, ştat ərazisindəki təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Demokratlar Partiyası baş verənlərə sərt reaksiya verib. ABŞ Konqresi üzvləri siyasi zorakılığa qarşı vahid mövqe nümayiş etdirməyə çağırış ediblər. Sosial şəbəkələrdə Melissa Hortman və həyat yoldaşının xatirəsinə onminlərlə paylaşım edilib. Keçmiş spikerin 2024-cü ilə qədər Minnesota Nümayəndələr Palatasının sədri vəzifəsində çalışdığı, liberal qanadın əsas simalarından biri olduğu bildirilir.

Hazırda ABŞ ictimaiyyəti bu sui-qəsdin təşkilatçı və icraçısının tezliklə ədalət qarşısında cavab verməsini tələb edir./Musavat.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi