“ABŞ İranın nüvə proqramını məhv etməyib” - “Bu, Trampı alçaltmaq cəhdidir”

“ABŞ İranın nüvə proqramını məhv etməyib” - “Bu, Trampı alçaltmaq cəhdidir” 

ABŞ-nin İranın üç nüvə obyektinə endirdiyi zərbələr İranın nüvə proqramının əsas komponentlərini məhv etməyib və ABŞ kəşfiyyatının ilkin qiymətləndirmələrinə görə, yalnız onun inkişafını bir neçə ay geri çəkib.

Nüfuzlu CNN kanalı ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin hesabatına istinadla belə bir xəbər yayıb.

Üç mənbəyə istinad edilən məlumatda deyilir ki, nüvə materialı və avadanlıqları, o cümlədən zənginləşdirilmiş uran ehtiyatları və sentrifuqalar ümumilikdə salamat qalıb. Əvəzində, Fordo, Natanz və İsfahan ərazilərindəki obyektlərin yer üstü strukturlarına və enerji infrastrukturuna ziyan vurulub. CNN-in qeyd etdiyi kimi, ABŞ ordusu əməliyyatın plana uyğun getdiyini bildirsə də, analitiklər nüvə proqramının əsas elementlərinin məhv edilmədiyini deyirlər.

ABŞ Prezidenti Donald Trampın özü daha əvvəl “obyektlərin tamamilə dağıdıldığını” desə də, CNN xəbər verir ki, nüvə obyektləri öz imkanlarının böyük hissəsini saxlayıb. Zərərin qiymətləndirilməsi davam edir. CNN qeyd edir ki, yeni məlumatlar əldə olunduqca qiymətləndirmə dəyişə bilər.

Bu məlumat Donald Tramp administrasiyası tərəfindən hiddətlə qarşılanıb. Ağ Ev bu kəşfiyyat hesabatı ilə razılaşmadığını bəyan edib və onu "qeyri-dəqiq" adlandırıb. Administrasiya zərbələrin "tamamilə uğurlu" olduğunu vurğulayıb.

Ağ Ev bu cür kəşfiyyat məlumatlarının olduğunu etiraf etsə də, onların həqiqəti əks etdirmədiyini bildirib. Ağ Evin mətbuat katibi Karolin Levitt deyib ki, bu kəşfiyyat hesabatı Trampı aşağılamaq cəhdidir: "Bu iddia edilən qiymətləndirmə tamamilə yanlışdır və "tam məxfi" olaraq təsnif edilib. Lakin kəşfiyyat camiyəsindəki anonim, aşağı səviyyəli uğursuz biri tərəfindən CNN-ə sızdırılıb. Bu iddia edilən qiymətləndirmənin sızması prezident Trampı alçaltmaq və İranın nüvə proqramını məhv etmək üçün qüsursuz şəkildə çalışan cəsur döyüşçü pilotları gözdən salmaq cəhdidir”./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi