Ağsaqqallar Şurasının nə işə baxdığını heç kim bilmir?

Ağsaqqallar Şurasının nə işə baxdığını heç kim bilmir? - HƏQİQƏTƏN DƏ...

Bir neçə ildir, Ağsaqqallar Şurasının yerləşdiyi gözoxşayan binanın bu qurumun fəaliyyəti ilə təzad təşkil etməsi məsələsi aktual müzakirə mövzusudur.

Sözügedən görkəmli bina Yasamal rayonu Şəfaət Mehdiyev 75 ünvanında yerləşir. Sosial şəbəkələrdə Ağsaqqallar Şurası barədə yazılanlar heç də ürəkaçan deyil. Çoxları bu təşkilatın fəaliyyətindən çox fəaliyyətsizliyindən danışır. Bildirilir ki, belə bir təşkilatın o cür əzəmətli binanı “işğal” etməsi anlaşılan deyil, elə əzəmətli binada hansısa nazirlik, yaxud universitet filialı yerləşdirilə bilər. Şuranın sədri, deputat Eldar Quliyevin də “fəaliyyəti”, mətbuatdan kənarlaşması, media nümayəndələrinin suallarına cavab verməməsi ciddi tənqid olunur.

 Pravda.az bütün bu iradları nəzərə alaraq, Ağsaqallar Şurasının rəsmi saytında işçi heyətini araşdırıb. Məlum olub ki, Ağsaqqallar Şurasında sədrlə yanaşı 6 nəfər sədr müavini var imiş. İdarə Heyəti isə ümumilikdə 29 nəfərdən ibarətdir. Bununla yanaşı, Şurada 5 nəfərin idarə etdiyi Nəzarət-Təftiş Komissiyası da fəaliyyət göstərirmiş. Şuranın saytındakı “Aparat” bölməsində isə ictimaiyyətə o qədər də tanış olmayan 3 nəfərin adı qeyd olunub. Ağsaqqallar Şurasının saytında həmçinin şəhər və rayon təşkilatları üzrə ümumilikdə 77 sədrin adı yazılıb… Bəs görəsən, bu qədər “geniş” kontingentə sahib Şuranın “fəaliyyəti” niyə bu qədər tənqid olunur?

Keçirdiyimiz sorğudan da aydın olub ki, Ağsaqallar Şurasının fəaliyyətindən xəbərsiz qalan təkcə sadə vətəndaşlar deyil.

Saytımıza fikirlərini bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli, ümumiyyətlə, Ağsaqqallar Şurasının üzvü olmadığını bildirib:

“Şuranın binasını görməmişəm. Hansı böyüklükdə olduğunu bilmirəm. Ümumiyyətlə, Ağsaqqallar Şurasının müxtəlif dövlətlərdə fərqli statusları olur. Elə dövlətlər var ki, orada Ağsaqqallar Şurası başqa ad altında fəaliyyət göstərir. Bəzi dövlətlərdə isə Şuranın əhəmiyyətli, hətta hüquqi statusu var, ciddi orqandır. Məsələn, Türkmənistanda belədir. Azərbaycanda isə Ağsaqqallar Şurası ictimai təşkilatdır. Əlbəttə, millətin, xalqın ağsaqqallara, onların öyüd-nəsihətlərinə ehtiyacı var. Hətta bir müddət əvvəl düşünürdüm ki, Prezident yanında Ağsaqqallar Şurası yaradılsın. Məşvərətçi orqan kimi müxtəlif bölgələrdən, ali məktəblərdən, alimlərdən ibarət ağsaqqallar, ağbirçək xanımlar, xalqın nüfuzlu şəxsləri Şuraya seçilsin, öz tövsiyə və təkliflərini dövlət başçısına versinlər. Belə bir arzum var idi, amma üzərindən 20 ildən artıq vaxt keçib. Ağsaqqallar Şurasının sədri hörmətli deputatımız Eldar Quliyevdir. Sözün açığı, Ağsaqqallar Şurasının fəaliyyəti ilə yaxından tanış deyiləm. Buna görə də qəti söz deyə bilmirəm”.

Ağ Partiyanın sədri Tural Abbaslı da Tahir Kərimli ilə həmfikirdir:

“Sözün düzü, Ağsaqqallar Şurasının Nizamnaməsinin, fəaliyyət istiqamətlərinin nədən ibarət olduğunu bilmirəm. Ümumi şəkildə illərdir ki, var. Əvvəllər sədri Fəttah Heydərov idi. O, dünyasını dəyişəndən sonra Eldar Quliyev sədr seçildi. Vallah, onların istər ictimai-siyasi həyatda, istərsə də sosial həyatda hansı rol oynadıqları barədə anlayışım yoxdur. Mənə belə gəlir ki, bu qurum daha çox sədrin təbliğatı, yaxud ad-sanı üçün hesablanmış bir qurumdur, sədr də öz cibinə uyğun bina tutub, xərclərini özü ödəyir. Bu baxımdan, konkret bir şey deyə bilmirəm. Ağsaqqallar Şurasının nə iş gördüyündən məlumatsızam”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Emil Rasimoğlu isə məsələni daha əhatəli şəkildə yanaşıb:

“Bu gün Azərbaycanda fəaliyyət göstərən bir çox strukturların tərkibində “Ağsaqqallar Şurası” adlı bir bölüm var. Nəyə xidmət edir, məqsədi-məramı, iş prinsipi nədən ibarətdir? Belə demək mümkünsə, sadəcə, boş çoxluq… Azərbaycan Ağsaqqallar Şurasına gəldikdə isə elə o Şura da yarandığı gündən ancaq binadan və kağızlardan ibarət olub, vəssalam! Formal fəaliyyət göstərən, heç bir perspektivi olmayan, müəyyən qədər də Sovet psixologiyasına söykənən bir qurumdur. Bu kimi qurumların varlığı yalnız kimlərinsə şəxsi maraqlarının təminatına xidmət edir. Belə olduğu halda, təbii ki, əzəmətli bir binanın fəaliyyəti boş çoxluğu əks etdirən, yalnız imzalardan ibarət olan bir qurumun adında qalması “əsarətdən” başqa heç nə deyil. Bu gün düşüncəsi, dünyagörüşü, ideyası, modern təfəkkürü və bunlarla bərabər iş prinsipini ortaya qoymaq enerjisi, məqsədi olan nə qədər istedadlar, gənclər var ki, dəstəksiz, binasız, məkansız qalıb… Jurnalistlər deyirlər ki, sədr Eldar Quliyev mətbuatdan kənar gəzir. Eldar Quliyev mətbuata yaxın olub nədən söz açacaq ki? Gərək ortada real, səmərəli, perspektivli fəaliyyət ola ki, sonra da, necə deyərlər, ağızdolusu danışa biləsən…”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi