Ağstafa rayonunda saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib

Ağstafa rayonunda saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib 

Sentyabrın 26-da keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Ağstafa rayonunun Həsənsu kəndində yerləşən, fiziki şəxs İsmayılov Arzu Aydın oğluna məxsus istehsal obyektində 4 955 ədəd saxta aksiz markaları olan rulonlar və saxta aksiz markaları ilə markalanaraq satış məqsədilə saxlanılmış 1 036 ədəd müxtəlif adda kustar üsullarla hazırlanmış alkoqollu içkilər aşkar edilib.

Faktinfo.az xəbər verir ki,bu barədə Vergilər Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, araşdırmalar zamanı məlum olub ki, vergi orqanlarına fəaliyyətini dayandırması barədə rəsmi məlumat verən vergi ödəyicisi, bununla belə, istehsal obyektində faktiki olaraq fəaliyyət göstərməkdə davam edib. Nəzarət tədbiri zamanı istehsal müəssisəsində, həmçinin, insan sağlamlığı üçün təhlükəli olan “Растворитель 646” adlı həlledici məhlulun aşkar edilməsi ilə əlaqədar olaraq, Vergilər Nazirliyi tərəfindən aidiyyəti üzrə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edilib.

Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalardan sonra təqdim olunmuş rəyə əsasən, ekspertiza edilmiş araq məhsulları toksikoloji normalara cavab verməyib. Toksikoloji analizlər zamanı nümunələrdə sirkə aldehidinin və sivuş yağlarının miqdarının normadan dəfələrlə artıq olduğu müəyyənləşdirilib. Beləliklə, qeyd olunan məhsulların içki kimi istehlakının insan orqanizmi üçün təhlükəli olduğu müəyyən edilib. Həmçinin ekspert tədqiqatının aparılması üçün alkoqollu içkilər və aksiz markaları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilib və həmin məhsulların saxta olması haqqında da rəy verilib.

Saxta və insan sağlamlığı üçün təhlükəli olan məhsulların istehsalı faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8 oktyabr 2019-cu il tarixli qərarı ilə İsmayılov Arzu Aydın oğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Vergilər Nazirliyi bir daha xatırladır ki, vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək. Vətəndaşlar bu cür saxta malların satışı faktlarına rast gəldikdə, Vergilər Nazirliyinə müraciət etməlidirlər. Bununla siz həm özünüzü qorumuş olacaqsınız, həm də dövlət büdcəsinə vergilərin ödənilməsindən yayınmaların qarşısını almağa xidmət edəcəksiniz”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Faktinfo.az Ağstafa,Qazax və Tovuz rayonlarında  saxta alkoqollu içkilərin satış məqsədilə  hazırlanması və bunun insanlara mənfi təsirləri barədə dəfələrlə yazı yayımlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi