“ARİF HƏŞİMOV AKADEMİYA ÜÇÜN ƏN UYĞUN NAMİZƏDLƏRDƏN BİRİDİR”

“ARİF HƏŞİMOV AKADEMİYA ÜÇÜN ƏN UYĞUN NAMİZƏDLƏRDƏN BİRİDİR” -Deputat

Ötən gün Milli Məclisin sədr müavini Adil Əliyevin mətbuatda gedən açıqlamaları ciddi rezonans doğurub.

Belə ki, Azərbaycanda “5-ci kolon”la bəzi müxalif qüvvələrin dövlətçiliyimizə qarşı ittifaq qurduğunu deyən vitse-spiker, Ramiz Mehdiyevin təxribatçı əməllərinə görə vəzifəsindən uzaqlaşdırıldığını, lakin kreslosunu öz adamına buraxdığını bildirib: "Bu, açıq şəkildə ifadə olunmasa da, Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılmasına səbəb, təxribatçı əməlləri idi. Bu adam əlində olan səlahiyyətlərindən istifadə edərək əksər dövlət strukturlarına özünə bağlı kadrları yerləşdirib. Ramiz Mehdiyev PA-dan qovulduqdan sonra da rahat dayanmadı. AMEA-nın prezidenti işlədiyi zamanlar tez-tez köhnə məmurları öz ətrafına toplayıb onları təlimatlandırdığına dair məlumatlar var. Sonda AMEA-dakı yerindən də uzaqlaşdırıldı. Kreslosunu isə öz adamına buraxdı. Düzdür, hələ ki, Arif Həşimov AMEA-nın prezidenti vəzifəsinə təyin olunmayıb, sadəcə bu vəzifənin icraçısı kimi fəaliyyət göstərir, amma onun da Ramiz Mehdiyevin təlimatı ilə işlədiyi bəllidir. Görünür, buna görə də indiyədək rəsmən AMEA prezidenti vəzifəsinə gətirilməyib".


Bu mövzuyla bağlı Milli Məclisin üzvü, BQP başqanı Fazil Mustafa  AzPolitika.info-ya şərhində bildirib ki, Arif Həşimov kifayət qədər savadlı, öz sahəsində ciddi mütəxəssis hesab olunan insanlardan biridir: "Bir neçə beynəlxalq konfransda onun məruzələrini dinləmişəm. Ona görə də əminliklə deyə bilərəm ki, A.Həşimov elektrofizika və energetika sahəsində Azərbaycanın ən savadlı mütəxəssislərindən biridir. O, Azərbaycan elminə kifayət qədər böyük töhfələr verib. Mən onun kiminsə adamı olması iddialarını doğru hesab etmirəm. Çünki o, müstəqil bir elm adamıdır. Xatırladım ki, A.Həşimovu bir ara əsassız şəkildə akademiyadan uzaqlaşdırmışdılar. Lakin həmin sahədə hazırlıqlı mütəxəssis olmadığından, onu yenidən bu işə qaytardılar. Bu isə A.Həşimovun kiminsə adamı olmasından daha çox elm adamı olduğunu göstərir".


F.Mustafa qeyd edib ki, A.Həşimovun akademiya sistemində olması alimlərə qarşı daha ədalətli münasibətin formalaşmasına kömək edəcək: "A.Həşimovun AMEA-ya gəlişindən sonra bu sahədə normallaşma baş verdi. Akademiyadakı şəxslər də onun rəhbərliyini normal qarşıladılar. Açığı, ona qarşı hansı əsaslarla bu cür ittihamların irəli sürüldüyünü bilmirəm. Ancaq onu tanıdığım üçün bu iddilar mənə inandırıcı gəlmir. Hesab edirəm ki, A.Həşimov akademiya üçün ən uyğun namizədlərdən biridir".

Deputat əlavə edib ki, Ramiz Mehdiyev 25 ildən çox Prezident Administrasiyasının rəhbəri olduğundan, bütün qurumlarda ona yaxın adamların olması mümkündür: "Vəzifədə olan insanların hamısının hansısa formada müxtəlif adamlarla münasibəti var. Vaxtilə hazırda həbsdə olan bir sıra nazirlərlə, vəzifəli şəxslərlə işləyənlərin bəziləri daha sonra yuxarı vəzifələrə təyin olunublar. Ona görə də belə məsələlərdə həmin şəxslərin dövlətə bağlılığına baxmaq lazımdır. Bu sahədə kimin dövlətə, dövlətçiliyə, Prezidentə qarşı hansısa fəaliyyəti varsa, bunun konkret faktlarda ifadəsi daha doğrudur. Yoxsa, “o bunun adamıdır, bu onun adamıdır” kimi ittihamlar başlasa, o zaman gərək ölkədə normal adam qalmasın".

"Ancaq təbii ki, Adil bəyin qeyd etdiyi təhlükə mövcuddur. Hakimiyyət içində müəyyən qruplar var ki, müəyyən islahatların həyata keçirilməsinə maneçilik törədirlər. Ona görə də bu məsələni daha da konkretləşdirib həmin adamları aşkara çıxararaq, zərərsizləşdirmək lazımdır. Amma bu işi elə aparmaq lazımdır ki, dövlətə bağlı kadrlarımız qaralama kampaniyasının qurbanı olmasınlar. Bir daha qeyd edirəm ki, kiminsə hansısa sahədə dövlətçiliyimizə qarşı fəaliyyəti varsa, bunu ümumiləşdirmədən, konkret şəkildə ortaya qoymaq lazımdır ki, gələcəkdə dövlətimiz bundan zərər görməsin", - deyə deputat qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi