
Azərbaycan Milli Kitabxanası Minsk şəhərində keçirilən “Kitabxana mədəniyyət fenomeni kimi” adlı XIII Beynəlxalq Konqresdə təmsil olunur -FOTO
Faktinfo.az xəbər verir ki,2026-cı il oktyabrın 29–30-da Belarus Respublikasının paytaxtı Minsk şəhərində “Kitabxana mədəniyyət fenomeni kimi” adlı XIII Beynəlxalq Konqres keçirilir.
“Qadının mədəniyyətdə rolu” mövzusuna həsr olunan tədbir Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Belarus Milli Kitabxanasının təşkilatçılığı ilə baş tutur.
Konqresin proqramı qadınların mədəniyyət, elm və maarifçilik sahələrindəki rolunu, kitabxana təhsili və elminin aktual problemlərini, elektron informasiya resursları və xidmətlərinin inkişafını, habelə kitabxanaların cəmiyyət və dövlət həyatındakı mövqeyini əhatə edir. Tarixi-mədəni irsin öyrənilməsi, qorunması və təbliği, milli biblioqrafiya sisteminin inkişafı, kitabxanaların sosial-mədəni layihələri və yanlış məlumatlarla mübarizədə fəaliyyəti də müzakirə mövzuları sırasındadır.
İki gün davam edən konqres çərçivəsində plenar iclaslar, tematik bölmə toplantıları, dəyirmi masalar, seminarlar və təlim-seminarlar keçirilir. Proqramda rəqəmsal kolleksiyaların yaradılması, sənədlərin rəqəmsallaşdırılması və mühafizəsi ilə bağlı praktiki təqdimatlar, həmçinin nəşriyyat məhsulları və elektron informasiya resurslarının sərgisi təqdim olunur.
XIII Beynəlxalq Konqresdə Azərbaycan Milli Kitabxanasını direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova təmsil edir. O, “Национальная библиотека Азербайджана: цифровое будущее национальной памяти” mövzusunda məruzə və təqdimatla çıxış edib.
Direktor müavini çıxışında Azərbaycan Milli Kitabxanasının milli sənəd irsinin qorunması, rəqəmsal resurslarının inkişafı və informasiya xidmətlərinin əlçatanlığının genişləndirilməsi istiqamətindəki fəaliyyətini təqdim edib. Məruzədə müasir milli kitabxananın ənənəvi fondların mühafizəsi ilə yanaşı, rəqəmsal transformasiya prosesində və beynəlxalq informasiya mübadiləsindəki rolu təhlil olunub. Elektron kataloqun inkişafı və biblioqrafik yazıların hazırlanmasında süni intellekt texnologiyalarından istifadə məruzənin əsas istiqamətlərindən biri olub. Qeyd edilib ki, süni intellekt alətləri biblioqrafik məlumatların MARC 21 formatının müvafiq sahələri üzrə strukturlaşdırılmasını, ad variantlarının müəyyənləşdirilməsini, açar söz və predmet rubrikalarının seçilməsini dəstəkləyir. Bununla yanaşı, süni intellektin kitabxanaçı-biblioqrafların peşəkar fəaliyyətini əvəz etmədiyi, onun hazırladığı məlumatların məsul mütəxəssislər tərəfindən yoxlanıldığı vurğulanıb.
Məruzədə nadir kitabların, dövri nəşrlərin və digər qiymətli sənədlərin rəqəmsallaşdırılmasının milli sənəd irsinin qorunması və elmi dövriyyəyə cəlb edilməsi baxımından əhəmiyyəti də nəzərdən keçirilib. Müxtəlif qrafikalarda nəşr olunmuş Azərbaycan dilindəki mətnlərin axtarış imkanlarının genişləndirilməsi kontekstində OCR texnologiyalarının, əlifba çevrilməsinin və yoxlanılmış biblioqrafik məlumatların tətbiqinə toxunulub. Bu vasitələrin ərəb, kiril və latın qrafikalarında olan materialların qarşılıqlı əlaqələndirilməsinə və axtarış nəticələrində aşkarlanmasına imkan yarada biləcəyi bildirilib.
Çıxışda beynəlxalq əməkdaşlıq və milli irsin elmi dövriyyəyə daxil edilməsi məsələlərinə də diqqət yetirilib. Xarici kitabxana və muzeylərdə mühafizə olunan Azərbaycanla bağlı əlyazmaların rəqəmsal surətlərinin əldə edilməsi, elektron məlumat bazalarının yaradılması və nadir materialların nəşri milli yaddaşın qorunmasına töhfə verən fəaliyyət istiqamətləri kimi səciyyələndirilib.
Qeyd edək ki, beynəlxalq konqresdə Azərbaycan, Belarus, Qırğızıstan, Özbəkistan, Rusiya, Sloveniya, Oman, Hindistan, Çin, Kuba, Mali, Myanma, Bolqarıstan, İndoneziya və digər ölkələri təmsil edən nümayəndələr iştirak edirlər.
Konqres kitabxana-informasiya sahəsində fəaliyyət göstərən mütəxəssislər arasında qabaqcıl təcrübə və elmi biliklərin mübadiləsi, kitabxana fəaliyyətinin müasir inkişaf tendensiyalarının və aktual problemlərinin müzakirəsi, eləcə də beynəlxalq peşəkar əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Tədbir, həmçinin kitabxanaların mədəni irsin qorunması və təbliği, mədəni dəyərlərin nəsillərarası ötürülməsi prosesində rolunun elmi-nəzəri və praktiki aspektlərinin araşdırılmasına imkan yaradır.
Faktinfo.az















Bu xəbər üçün şərh yazın