"Azərbaycanın nəqliyyat-logistika infrastrukturu dost ölkələr üçün də önəm daşıyır"

"Azərbaycanın nəqliyyat-logistika infrastrukturu dost ölkələr üçün də önəm daşıyır" -Aqiyə Naxçıvanlı

"Azərbaycan uzun illərdir ki, Mərkəzi Asiya ölkələri ilə həm ikitərəfli, həm də kollektiv formatlarda əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir.

 O cümlədən sentyabrın 14-də Düşənbədə keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəxri qonaq qismində iştirakı da ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərinin və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Qeyd edək ki, cənab Prezident İlham Əliyev bu il qardaş Tacikistana artıq iki dəfə səfər edib. Bu, bir daha göstərir ki, əməkdaşlıq əlaqələrinin dinamikası artan xətt üzrə inkişaf edir. Çox önəmli bir məqam da budur ki, Mərkəzi Asiya Ölkələri ilə Azərbaycan arasında əlaqələrin möhkəm bünövrəsi məhz ortaq mədəni köklər üzərində qurulmuşdur.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı  deyib.

Deputat bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində nəqliyyat və logistika sahəsinin yeri xüsusi önəm kəsb edir: “Düşənbə Sammitində çıxış edən cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Eyni zamanda bu tranzitin əks istiqamətdə də əhəmiyyəti heç də az deyil. Qarşılıqlı faydalı əməkdaşlığı hər zaman təşviq edən Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu dost ölkələr üçün daim açıqdır. Bu gün ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolunun müasirləşdirilməsini həyata keçirir ki, bu da Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədinə xidmət edir. Artıq növbəti ildə bu marşrutla daşınan yüklərin həcmi beş dəfəyə qədər artırılacaq. Təbii ki, Mərkəzi Asiyadan gələn yüklərin Azərbaycana çatdırılmasının məhz Xəzər dənizi vasitəsilə həyata keçirilməsi də ən mühüm amillərdən biridir. Buna görə dövlətimiz tərəfindən Bakı Ticarət Limanının imkanlarının artırılması istiqamətində də əməli işlər görülür. Qürurverici haldır ki, Azərbaycan artıq bu gün Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Bununla belə Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsindən sonra bu göstərici önəmli dərəcədə artacaq.”


Daha sonra deputat Azərbaycan-Tacikistan münasibətlərinin yüksələn dinamika ilə inkişaf etdiyini vurğulayaraq bunları deyib: "Azərbaycan və tacik xalqları əsrlər boyu qarşılıqlı hörmət, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda isə Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Ölkələrimiz arasında diplomatik əlaqələrin isə otuz illik tarixi vardır. Bu illər ərzində hər iki xalqın maraqlarına cavab verən əhəmiyyətli nəticələr əldə olunmuşdur. İndiyədək iki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. Cari ilin aprel ayında Tacikistana səfər etmiş cənab Prezident İlham Əliyev bu gün Tacikistan və Azərbaycanın iki sabit dövlət olduğunu qeyd etmiş və bu sabitliyin inkişafın və təhlükəsizliyin əsası olduğunu vurğulamışdı. Həmçinin diqqətəlayiq haldır ki, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Eyni zamanda Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Bu, səmimi dostluq və qardaşlıq münasibətlərinin ən bariz sübutudur. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu gün ölkələrimiz arasında bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün möhkəm zəmin mövcuddur və münasibətlər məhz bu əsas üzərində sürətlə inkişaf edir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi