"Bakıdakı tikinti anarxiyasının təməli 18 il əvvəl qoyulub" - REAKSİYA

"Bakıdakı tikinti anarxiyasının təməli 18 il əvvəl qoyulub" - REAKSİYA 

Xətai rayonunda, Xudu Məmmədov küçəsi ilə Gəncə prospektinin kəsişməsində yeni tikilən obyekt piyada səkisini qismən zəbt edib.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, həmin ərazidə əvvəllər yöndəmsiz ət məntəqəsi var idi: “Məntəqə sahibinə öz tikilisini müasir memarlığa və estetik normaya uyğun vəziyyətə gətirilməsi təklif olunur. O da bunu edib”.

P.İmanov “müasir memarlığa uyğun” yenidən qurulan obyektin niyə kənarda tikilməsinə və bu zaman səkinin zəbt edilməsi səbəbinə aydınlıq gətirməyib.

Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsrafil Kərimov isə qeyd edib ki, BŞİH-nin tikintiyə icazə vermək səlahiyyəti yoxdur:
“2018-ci ildən bütün tikililərin layihəsini Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsi təsdiq edir. Yəqin ki, icazəni həmin qurum verib”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə açıqlamasında deyib ki, hər hansı tikili səkini zəbt edirsə, buna qarşı yerli icra hakimiyyəti və FHN-in aidiyyəti orqanı tərəfindən şəhərsalma və dövlət nəzarəti olmalıdır:

“Yerli səviyyədə şəhərsalma nəzarəti yerli icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Mövcud şəhərsalma nəzarəti qaydalarına əsasən, icralar tərəfindən öz ərazilərində təsdiqlənmiş planlaşdırma sənədlərinə riayət edilməklə tikinti işlərinin aparılmasına nəzarət edilməli və özbaşına tikililərin qarşısı alınmalıdır”. 

Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Şehrq.az-a açıqlamasında bildirib ki, Bakıdakı anarxiya 2000-2018-ci illər ərzində yaradılan layihələrin nəticəsindədir:

"Bu gün də vətəndaşlar həmin 18 ilin əziyyətini çəkirlər. Prosesin hazırda davam etdiyini güman etmirəm. Çünki indiki şəraitdə müəyyən mənada Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bununla bağlı çox ciddi addımlar atıb. Ümumiyyətlə, dövlət səviyyəsində müvafiq işlər görülür ki, pərakəndəliyin, xaosun qarşısı alınsın. Məsələn, Yeni Yasamalda tikilən evlərin əksəriyyəti söküləcək. Tikinti zamanı nə layihəni təqdim edən şirkət, nə də onu reallaşdıran qurum diqqət yetirdiyi üçün evlər sıx tikilib. Amma bu gün bu məsələlərin həllində irəliləyişlər Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb. Ümid edirəm ki, prosesdən sonra müəyyən məsələlər öz həllini tapacaq".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi