Çexiyada yaşayan azərbaycanlı professora “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib

Çexiyada yaşayan azərbaycanlı professora “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib - FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Çexiya-Azərbaycan Elm və Mədəniyyət Mərkəzinin sədri, Beynəlxalq Diaspor Mərkəzinin Avropa təmsilçisi, professor Azər Kərimov, eyni zamanda Brno Texnologiya Universitetinin Biznes və Menecment fakültəsinin professoru İvan Meznik və onun həyat yoldaşı, musiqiçi Zoya Meznik ilə görüşüb.

Qonaqları salamlayan Komitə sədri Çexiyadakı diasporumuzun gördüyü işləri yüksək qiymətləndirib, ölkələrarası münasibətlərin dinamik xətt üzrə inkişafının diasporun səmərəli fəaliyyətinə töhfəsindən danışıb. Komitə sədri azərbaycanlıların yerli cəmiyyətə sıx inteqrasiyasının, ardıcıl və sistemli fəaliyyətinin əhəmiyyətini xüsusilə vurğulayıb, Çexiyanın nüfuzlu şəxslərinin ölkəmizə səfərinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış önəmli addım olduğunu bildirib.

Azərbaycan diasporunun fəaliyyətinə verdiyi yüksək qiymətə görə təşəkkür edən Azər Kərimov Çexiyadakı Azərbaycan diasporunun dövlətimizin dəstəyini daim hiss etdiyini diqqətə çatdırıb.  

İvan Leznik də öz növbəsində səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycanda məhsuldar görüşlər keçirdiyini, və ölkəmizdən xoş təəssüratlarla ayrılacağını diqqətə çatdırıb.

Görüşdə Azərbaycanla Çexiya arasında əlaqələrin müxtəlif sahələrində uğurla inkişaf etməsi, o cümlədən Çexiyada təhsil alan gənclərin nailiyyətləri barədə məlumat verilib.

Sonra Azər Kərimova təltif olunduğu Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib.

Professor Azər Kərimov diaspor fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib.

Görüşün sonunda qonaqlara xatirə hədiyyəsi təqdim olunub.

Faktinfo.az

Çexiyada yaşayan azərbaycanlı professora “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi