
“Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi çərçivəsində monitorinq və icmalarla görüşlər keçirilir
“AzerGold” QSC-nin təşəbbüsü, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi ilə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək layihəsi” çərçivəsində ərazilərə baxış, monitorinq və yerli icmalarla görüşlərin keçirilməsinə başlanılıb.
Belə ki, 23-24 may tarixlərində AXA-nın mütəxəssisləri və “AzerGold” QSC-nin əməkdaşları Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində olublar.
Monitorinqlər zamanı AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən heyvanlarda aparılmış profilaktik peyvəndləmə tədbirləri yoxlanılıb, həmçinin mövcud heyvanların kliniki müayinəsi həyata keçirilib. Mövsümi xəstəliklərin aşkarlanması məqsədilə qan nümunələri götürülərək, laborator analizə göndərilib, həmçinin heyvan saxlanılan ərazilərdə dezinfeksiya işləri aparılıb.
Eyni zamanda Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən ev təsərrüfatlarında fitosanitar monitorinq həyata keçirilib. Zərərli orqanizmlərin təsiri altında olan bitkilər müayinə olunub, meyvə və tərəvəz nümunələri götürülərək, laboratoriyada analizə göndərilib.
Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri isə əkin sahələri və örüş-otlaq yerlərindən torpaq və su nümunələri götürərək, mərkəzi laboratoriyaya təqdim ediblər.
Bundan əlavə, Aqrar Təlim Mərkəzi tərəfindən yerli sakinlər arasında sorğular aparılıb. Sorğular vasitəsilə əhalinin kənd təsərrüfatı fəaliyyəti, məşğul olduqları sahələr, məhsuldarlıq göstəriciləri, satış imkanları və sosial-iqtisadi vəziyyətləri araşdırılıb, təlim ehtiyacları müəyyən edilib.
Qeyd edək ki, layihə çərçivəsində monitorinq və yerli icmalarla görüşlər Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu (“Şadax” adlanan ərazisi daxil olmaqla), Bayan kəndlərində də keçiriləcək. Aparılmış monitorinqlərin nəticələri geniş təhlil olunduqdan sonra ailə-kəndli və fermer təsərrüfatlarının inkişafına dəstək məqsədilə tədbirlər planı hazırlanacaq. Bu çərçivədə əhaliyə təlimlərin təşkili, peşəkar məsləhət və informasiya xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Xatırladaq ki, layihənin əsas məqsədi “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi regionlarda kəndli-fermer təsərrüfatlarının daha da inkişaf etdirməsinə dəstək olmaq, əhalinin məşğulluğu, sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına əlavə töhfələr verməkdir.
Faktinfo.az






Bu xəbər üçün şərh yazın