Deputat əsəbləşdi: “Sülhməramlılar separatçılarla əlbirdir!”

Deputat əsəbləşdi: “Sülhməramlılar separatçılarla əlbirdir!” 

Ermənistan Prezident Aparatının yaydığı məlumata görə, ermənilər Xocalı və Xankəndidə yeni kənd salırlar. Sözügedən kəndlərdə ilkin mərhələdə 817 mənzil və 290 fərdi evin tikintisi nəzərdə tutulur.

Məlumatda il sonuna qədər Xocalı və Xankəndidə Şuşadan və Hadrutdan köçmüş 457 ailəyə sığınacaq veriləcəyi əks olunub.

Yenisabah.az-a danışan Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov hazırda Xocalının mərkəzində ermənilərin yaşadığını deyib:

“Xocalıda 1992-ci ildən etibarən, yəni soyqırımı törədiləndən sonra tədricən ermənilər məskunlaşıb, günü-gündən də sayları artmaqdadır. Deyilən yeni yaşayış məntəqələri Xocalı rayonu ərazisində salınır, özü də ermənilər bu işi təklikdə yox, rus sülhməramlıları ilə birlikdə görürlər. Bunun üçün dünya erməni diasporlarından maliyyə yardımı alırlar. Təbii ki, bu yolverilməzdir və qarşısını alınmalıdır. Kənardan gələn maliyyə ilə separatçı qurum özünü orada sərbəst hiss edir. Rus sülhməramlıları da onlara şərait yaradıb, hər cür himayədarlıq göstərirlər. Məsələn, tikinti materialları və digər şeylər haradan daşınıb gətirilir? Bircə yol var – Laçın dəhlizi. Laçın dəhlizinə isə rus sülhməramlıları nəzarət edir”.

Millət vəkili diqqətə çatdırıb ki, hazırda Xankəndində, keçmiş Ağdərə rayonu ərazisində, Xocavənd rayonunun bir hissəsində separatçı silahlı qruplaşmalar, terrorçu dəstələr var:

“Həmçinin orada Ermənistan dövlətinə məxsus silahlı birləşmələrə Laçın dəhlizi ilə silah-sursat, ərzaq, yanacaq və s. gətirilir. Bunu kim təşkil edir? Rus sülhməramlıları.  Biz bu məsələdə artıq dözümlü olmamalıyıq. Bunlar ərazi bütövlüyümüzə xələl gətirən məsələlərdir, qarşısını almaq üçün tədbirlər görülməlidir. Əslində, bu tədbirləri üçtərəfli razılaşmaya əsasən, vasitəçilik missiyasını öz üzərinə götürən dövlət etməliydi. Ancaq sülhməramlılar separatçı silahlı birləşmələri tərki-silah etmək üçün hər hansı iş görübmü? Xeyr. Əksinə, onlara şərait yaradırlar ki, günü-gündən güclənsinlər”.

Deputat vurğulayıb ki, Azərbaycan antiterorr əməliyyatlarına başlamalıdır:

“Onlar ya könüllü şəkildə silahı yerə qoymalı, ya da zərərsizləşdirilməlidirlər, başqa yol yoxdur.

Mən öz evimə qayıtmaq istəyirəm. Bütün xocalılılar, xankəndililər, xocavəndlilər, o cümlədən ağdərəlilər öz yurdlarına qayıtmaq istəyir, buna şərait yaradılmalıdır. Bu gün orada, mənim və məni kimilərin evlərində erməniləri məskunlaşdırıblar. Məskunlaşmanın sayını artırmağa davam edirlər. Biz bu gün evimizə gedə bilmirik. Ərazilərimizi təmizləmək üçün mütləq tədbir görməliyik”. 

Elman Məmmədov qeyd edib ki, bu gün Azərbaycan vətəndaşı olan ermənilər istisna olmaqla, bütün ermənilər Qarabğdan çıxarılmalıdır:

“Prezident də bunu dəfələrlə vurğulayıb. 100-150 il bundan əvvəl gəlib Xankəndidə, Xocalı və Xocavənd rayonunun bəzi kəndlərində, Əsgəran qəsəbəsində yaşayıblar. Həmin ermənilər vətəndaşlığı qəbul etməli, qanunlarımıza riayət etməlidir. Kənardan gələnlər isə orada qala bilməz, getməlidirlər. Ermənistan dövləti var, qoy orada yaşasınlar. 25-30 min “dığa”ya niyə status verməliyik ki?”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi