Deputatın açıqlaması müzakirələrə səbəb oldu
Növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin yeni tərkibdə keçirilən ilk iclasında bəzi deputatların yatması müzakirələrə səbəb olub. Bu hadisənin ölkə başçısının parlamentdə çıxışı zamanı baş verməsi müzakirələri daha da alovlandırıb.
Hurriyyet.az xəbər verir ki, dövlət televiziyasının kameralarına mürgülü vəziyyətdə yaxalanan parlamentarilər bu davranışlarını müxtəlif səbəblərlə əlaqələndiriblər. Parlamentin ilk iclasında yatdığı yerdə görüntülənən qocaman deputat Səttar Möhbalıyevin reaksiyası onun personası ətrafında ciddi ajiotaj yaradıb.
Qeyd edək ki, 69 yaşlı Möhbalıyev dövlət başçısının çıxışı zamanı yuxulamasını səhhəti ilə əlaqələndirib. O, jurnalistlərə açıqlamasında səhhətində ciddi problemlərin olduğunu bildirib. Deputat deyib ki, neçə vaxtdır kəskin ürək ağrılarından əziyyət çəkir: “Yaxın günlərdə icazə alıb müalicə olunmaq üçün 20 günlüyünə Almaniyaya gedəcəm”.
Naxçıvandan deputat seçilən Səttar Möhbalıyevin bu sözləri onu hədəfə gətirib. Hazırda sosial şəbəkələrin Azərbaycan seqmenti Möhbalıyevdən bu suala cavab verməyi tələb edir: Səhhətində ciddi problem olan adam imza vərəqləri götürərkən DSK-ya sağlam olduğuna dair arayışı necə verib? Xəstə şəxs necə ağır təbliğat kampaniyası aparıb?
Müstəqil müşahidəçilər hesab edirlər ki, Möhbalıyev bu açıqlaması ilə yüksək rütbəli məmurların, digər vəzifəli şəxslərin, deputatların sirrini açmış olub. Deputat açıq şəkildə etiraf edib ki, vəzifəli və imkanlı şəxslər Azərbaycan səhiyyəsinə etibar etmirlər.
Sosial şəbəkələrdə Səttar Möhbalıyevə “Azərbaycanın ən yaxşı ürək həkimi ilə parlamentdə yanaşı oturursunuz. Səhhətinizi niyə Rəşad Mahmudova etibar etmirsiniz?” məzmunlu suallar ünvanlayanlar da olub.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, 69 yaşlı deputatın məlum davranışı təkcə sosial şəbəkə iştirakçılarını deyil, həm də hakimiyyət komandasında söz sahibi olan insanları qıcıqlandırıb. Onlar deputata səhhətindəki problemləri gizlətdiyinə görə ciddi irad bildiriblər.
Son vaxtlar hakimiyyətin “gözündən düşən” və buna görə də Həmkarlar Konfederasiyasındakı vəzifəsini itirən deputatın məlum davranışlarından sonra daha ciddi problemlərlə üzləşəcəyi bildirilib. Onun yaxın zamanlarda “səhhətində yaranmış problemlərlə əlaqədar” ərizə yazaraq, deputat mandatından imtina edəcəyi istisna olunmur.
Bu xəbər üçün şərh yazın