Emindən 2.300.000 ABŞ dolları, bir neçə gün sonra əlavə 3.000.000 ABŞ dolları nağd pul vəsaitini alıb -

Emindən 2.300.000 ABŞ dolları, bir neçə gün sonra əlavə 3.000.000 ABŞ dolları nağd pul vəsaitini alıb - TƏFƏRRÜAT

Bakıda tanınmış biznesmeni hədələyərək milyonlarla pulunu, bahalı əmlaklarını ələ keçirən əmisi oğluna hökm oxunub.

  Qafqazinfo.az-ın  əldə etdiyi məlumata görə, Rusiyada fəaliyyət göstərən “PETON Holding”in sahiblərindən olan Emin Axundova hədə-qorxu gəlmə yolu ilə onun 12 milyon manata yaxın dəyəri olan mülkiyyətini ələ keçirən Vüsal Axundov barəsində açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə Vüsal Axundovu Cinayət Məcəlləsinin 182.4-cü (Hədə-qorxu ilə tələb etmə - xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirli bilərək ona 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Həmçinin cəzasının ciddi rejimli müəssisədə çəkməsinə hökm edilib.

Məhkəmə prosesində məlum olub ki, məşhur iş adamı olan əmisi oğlunu hədələyən V.Axundov bu əməli törədərkən 2020-ci ilin əvvəllərində “qanuni oğru” Lotu Qulinin adından istifadə edib və bir neçə şəxsin köməkliyindən istifadə edib. Belə ki, əvvəllər Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsində icra məmuru işləmiş 1981-ci il təvəllüdlü Vüsal Axundov əslən Lənkərandan olan əmisi oğlu Eminin böyük maddi imkanlarının olduğunu bilib. O, Emin Axundovun 2016-cı ildə vəfat etmiş “qanuni oğru” Rövşən Lənkəranski ilə yaxın münasibətlərinin olmasından məlumatlı olub. Bu səbəbdən də Rövşənin ölümündən sonra Eminə onun Bakıda yaşayan ailəsi üçün Lotu Quli tərəfindən böyük təhlükə olduğunu deyib və Qulinin adamlarının onu axtardığını bildirib.

O da məlum olub ki, Vüsal Eminin Bakıdakı bəzi texniki işlərini görürmüş və ondan aylıq 1500 manat alırmış. Vüsal dostu Hikmət Vəliyev və bir neçə digər şəxslə birlikdə əvvəlcədən qrup təşkil edərək onların Lotu Qulinin adamları olmasına Emini inandırıb. Bu yolla o, Lotu Quli kimi tanınan Nadir Səlifovun Emindən ailəsinin toxunulmazlığı qarşılığında 20 milyon dollar tələb etdiyini bildirərək 2020-ci ilin yanvar ayının əvvəllərindən həmin ilin mart ayının ortalarınadək olan müddət ərzində ondan həmin məbləğdə pulu hədə-qorxu ilə tələb edərək Emin Axundovdan tələb edib.

Beləliklə, Vüsalın təşkil etdiyi qrup üzvləri Emindən 2.300.000 ABŞ dolları, bir neçə gün sonra əlavə 3.000.000 ABŞ dolları nağd pul vəsaitini alıb. Həmçinin Emin Axundov 15 yanvar 2020-ci il tarixdə Bakı şəhəri 25 saylı notariat ofisində Buzovna qəsəbəsində yerləşən 3.200.000 manat dəyərində 2 hektar torpaq sahəsini Vüsala verdiyi etibarnamə əsasında onun Qulinin adamı kimi təqdim etdiyi Hikmət Vəliyevin arvadının adına rəsmiləşdirib. Həmin tarixdə qeyd edilən notariusda Emin Axundova məxsus 1.380.800 manat dəyərində 0,863 hektar torpaq sahəsi isə onun atası tərəfindən Hikmət Vəliyevin bildirdiyi qadının adına, 23 yanvar 2020-ci il tarixdə Emin Axundova məxsus olan Çex Respublikasının Karlovi Vari şəhərində yerləşən 1.500.000 manat dəyərində 0,15 hektar torpaq sahəsini Çex Respublikasının Azərbaycandakı səfirliyində Eminin atası Rövşən Axundov tərəfindən Hikmət Vəliyevin tanışı, Ukrayna vətəndaşı Nataliya Balitskaya adlı şəxsin adına, həmçinin 08 fevral 2020-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisində Emin Axundova məxsus 450.000 manat dəyərində Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 0,1183 hektar torpaq sahəsinin üzərindəki 394,8 kv.metr sahəsi olan villa tipli bağ evi Vüsala verilmiş etibarnamə ilə başqa bir şəxsin adına keçirilib.

Ümumilikdə isə Vüsal Axundovun əmisi oğluna məxsus 11 milyon 630 min 800 manat dəyərində əmlakı ələ keçirdiyi məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Emin Axundov şəxsən iştirak etmədiyindən onun ibtidai istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsində deyib: “Bakıda qeydiyyatda olsam da, faktiki olaraq 2010-cu ildən etibarən Rusiya Federasiyasının Ufa şəhərində yaşayıram. Ailəm isə Bakıda yaşayır. Bir müddət Azərbaycanda Xüsusi Dövlət Mühafizə Xidmətində əməliyyat müvəkkili vəzifəsində işləmişəm, 2005-ci ildə öz xahişimlə işdən azad olunub biznes fəaliyəti ilə məşğul olmağa başlamışam. 2006-cı ildən neft-qaz sahəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “PETON Holding” şirkətinin baş direktorunun müavini vəzifəsində işləməyə başlamışam. Həmin şirkətdə yüksək maaş və dividentlər aldığına görə maddi vəziyyətim çox yaxşıdır, yaxınlarım tərəfindən zəngin adam kimi tanınıram. Bir çox hallarda çalışdığım qədər xeyriyyəçiliklə də məşğul oluram, əsasən doğma Lənkəran rayonunda və Azərbaycanın sair yerlərində maddi çətinlik çəkən insanlara və dini yerlərə maddi köməklik göstərirəm. 2020-ci ilin yanvar ayında Bakıya gəldikdə dayım oğlu mənə müraciət edib Lotu Quli ləqəbli Nadir Səlifovun adamı kimi təqdim edən şəxsin zəng edib mənimlə danışmaq və dostluq etmək istədiyini bildirdiyini dedi.

Cinayət aləmindən uzaq olduğumu və bu səbəbdən hər hansı bir cinayət aləminin nümayəndəsi ilə söhbət etmək istəmədiyimi bildirdim. Buna baxmayaraq narahatlıq keçirməyə başladım. 2020-ci ilin yanvar ayının təxminən 7- də Bakıya gələndə əmim oğlu Vüsal məni qarşıladı. Vüsal mənim bəzi texniki tapşırıqlarımı yerinə yetirdiyindən ona qeyri-rəsmi olaraq 1.500 manat maaş verirdim. Vüsalın idarə etdiyi “Toyota Camry” markalı avtomobili də mən hədiyyə etmişdim. Vüsalla bir qohum kimi münasibətim yaxşı olub, ədavətim və yaxud düşmənçiliyim olmayıb. Ona özüm kimi inanmışam, ona bütün sirlərimi açıb danışmışam. Vüsal məni qarşılayıb birlikdə idarə etdiyi avtomobillə gedərkən ona Lotu Qulinin adından mənə xəbər göndərilməsi və bundan narahat qalmağım barədə danışdım. Vüsal da mənə cinayət aləmində böyük nüfuza malik, əslən Şirvan şəhərindən olan Hikmət adlı tanışının olduğunu bildirib Hikmətə baş verənləri danışacağını və Hikmətin köməkliyi ilə məsələni həll edəcəyini dedi. Mən isə hələ tələsməməsini məsləhət bildim. Lakin Bakıda olan 3 gün ərzində dayım oğlu Səbuhi ona hər gün hədə-qorxu dolu zənglərin gəldiyini, hədənin mənə və Bakıda yaşayan ailə üzvlərimə ünvanlandığı barədə məlumat verdiyindən, daha da narahat olub Vüsalın təklifi ilə razılaşdım. Bir neçə gündən sonra Vüsal Hikmət adlı tanışı ilə Xətai rayonu ərazisində yerləşən “Cavanşir” körpüsünün yaxınlığındakı “Qədim Qəbələ” restoranında görüşdüm. Bu zaman Vüsal və Hikmət Lotu Quli ilə telefonla danışdıqlarını, o da dostluq etmək üçün 20.000.000 ABŞ dolları pul istədiyini, əks halda məni öldürəcəyini dedilər. Əvvəl-əvvəl onlara inanmayıb pul vermək niyyətimin olmadığını bildirdi. Bu zaman Vüsal və Hikmət “əgər bunu etməsən sənin ailə üzvlərin öldürüləcək” dedilər”.

Emin Axundov əlavə edib ki, pullar şəxsən Vüsala verilib, əmlaklar da özgəninkiləşdirilərkən Vüsalın iştirakı ilə olub.

Vüsal Axundov isə bildirib ki, pulları Lotu Qulinin adamlarına verib, həmçinin əmlakları da onun dediyi adamların adına keçirib.

Emin Axundov əmisi oğlu tərəfindən aldadıldığını və saxta hədə-qorxu ilə əmlaklarının əlindən alındığını düşündükdən sonra hüquq-mühafizə orqanlarına müraciət edib. 2020-ci ilin dekabrında Vüsal Axundov tutulub.

Bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il həbs cəzasına məhkum edilən Vüsal Axundovun həmçinin 8.145.400 manat pulu mülki iddiaçı olan Emin Axundova ödəməsinə qərar verilib. Cinayət yolu ilə əldə edilmiş Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 2.0 hektar torpaq sahəsi, eləcə də Vüsal Axundova məxsus Yasamal rayonundakı 2 mənzil, 1 bağ evi, 1,21641 hektar kənd təsarrüfatlı təyinatlı torpaq sahəsi və "Toyota Camry” markalı avtomobil də müsadirə edilib.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda iş adamı Emin Axundovun Rusiyadan Azərbaycana çamadanlarla pul daşıması, onun kriminal aləmlə əlaqələrinin olması barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Lotu Quli 2020-ci ilin avqustunda Antalyada qətlə yetirilib. 

  Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi