Fəzail İsmayıl Böyükkişi -Kül başına belə dünyanın "Eşşək arpa yeyir,at saman gəzir"

Fəzail İsmayıl Böyükkişi -Kül başına belə dünyanın "Eşşək arpa yeyir,at saman gəzir" 

Faktinfo.az-a Şair,Publisist,həkim Fəzail İsmayıl Böyükkişi Azərbaycan Yazıçılar Birliyinin sədri və onun müşaviri ilə bağlı tənqidi yazı göndərib.Həmin yazını əvvəlcə AYB-nin elektron ünvanına göndərsək də ,heç bir cavab almadıq.Hədsiz kəskin fikirlərin yer aldığı yazını geniş redaktə etməklə oxucularmıza təqdim edirik :

AYB-nin sədri Anarla münasibətlərim Rauf Aslanov onun müavini olana qədər normal olub. Onunla keçən əsrin 80-ci illərin əvvəllərində Şüvəlan Yaradıcılıq evində qonşu otaqlarda qalmışam. O vaxt YB-nin sədri olan xalq yazıçısı İsmayıl Şıxlı ilə dost idim. Mən Respublika mətbuatında- “Ədəbiyyat və incəsənət”, “Azərbaycan Gəncləri”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Molodyoj Azerbaydjan” qəzetlərində, “Azərbaycan”, “Ulduz” jurnallarında, təqvimlərdə, “Azərbaycan” poeziya almanaxlarında müntəzəm çap olunub, radio və televiziyada şeirlərimlə çıxışlar etsəm də, əsərlərim rus dilinə tərcümə edilsə də, YB-nin üzvü deyildim.

Əslində o dövrdə mənim YB-nin üzvü olmağım üçün heç bir çətinliyim də yox idi. Dostum İsmayıl Şıxlı mənə YB-nin üzvü olmağı məsləhət bilsə də, mən ona belə deyərdim: “İsmayıl müəllim, bilirəm bizim dostluğumuzu gözü götürməyənlər çoxdur. Amma, dövlətimiz müstəqil olmayınca mən YB-nin üzvü olmayacağam. Həkimlik sənətimlə dolanıb ev-eşik sahibi olacağam”.

İsmayıl müəllim mənim sözlərimə gülüb heç nə deməzdi, mənə qayğısını isə daha da çoxaldardı. Xülasə, İsmayıl Şıxlı dünyadan köçəndə bizim dostluğumuz kulminasiya nöqtəsində idi.

Anar Rzayev  1987-ci ildən YB-nin sədri olsa da, 2002-ci ilə qədər YB-nin üzvü olmaq istəmədim. 2002-ci ildə YB-nə üzv olmaq fikrimi dostum Nizaməddin Şəmsizadəyə dedim. O da mənə kömək oldu. Dediyim kimi Rauf Anarın müşaviri olana qədər Anarın qapısı YB-nin bütün üzvlərinin  üzünə açıq idi. Hamı gəlib sözünü deyərdi. Anar da imkanı daxilində kömək edərdi. Elə ki, Rauf Anara müşavir oldu, o, Anarı öz təsiri altına saldı. Anarın qapısını çoxlarının üzünə bağladı. Nəticədə də Anar 180 dərəcə dəyişərək bugünkü arzuolunmaz vəziyyətə düşdü. Görün, Anar Raufun necə təsiri altına düşüb ki, on ilə yaxındır onun hökmü ilə mənə bir illiyə prezident təqaüdü verilməsinə razı olmur. Bu Rauf kimdir ki, mənim mənzil almaq istəyimə belə  rişxəndlə yanaşır. Rauf mənə xəsarət yetirən günü onun diqtəsiylə  Anar məni YB-nin üzvlüyündən, sonra da ən ağır xəstə vəziyyətdə xəstəxanadan çıxartdı. Epikrizimdə ağır xəsarət aldığım öz təsdiqini tapsa da, o, Məhkəmə Tibbi Ekspertizasına “xəsarət yoxdur” rəyini yazdırdı. 17.03.2017-ci ildən bu günə qədər Anarla neçə dəfə görüşməyə can atsam da (neçə tanınmış adamı onun yanına göndərsəm də), ona ərizə, məktubla müraciət etsəm də, o məni qəbul etməyib, əsl həqiqəti bilmək üçün mənimlə söhbət etməyi özünə sığışdırmayıb.

Dəfələrlə YB-nin katibi Çingiz Abdullayevin qəbulunda olmuşam, epikrizimi təqdim edərək insult xəstəliyindən əziyyət çəkdiyimi, tibbi yardıma ehtiyacım olduğunu demişəm. Hər dəfə də Çingiz Abdullayev mənə deyib: “Anar müəllimə demişəm, sənə YB-nin hesabına maddi yardım göstərəcəyik, həm də səni gələn dəfə Anar müəllimlə görüşdürəcəyəm. Təəssüf ki, Çingiz Abdullayev hər dəfə məni aldadıb, o bir dəfə də əsl həqiqəti mənə deməyib ki, Anar səni Raufun hökmü ilə 17.03.2017-ci il tarixində YB-nın üzvlüyündən çıxardıb. Görün, Anar necə ədalətsiz adamdır ki, öz əlaltılarına göstəriş verir ki, Fəzailin heç bir qəzetdə, jurnalda, saytda əsərlərinin çıxmasına imkan verilməsin. İndi də onun bəzi yazarları mənim səhhətimlə maraqlanır. Guya mənə canları yanır, halbuki Anarın “nəvazişi” olmasa heç vaxt yadlarına düşmərəm. Kül başına olsun belə dünya.Bu yerdə deyirlər: “Eşşək arpa yeyir,at saman gəzir”

Aydındır ki, YB-nin tabeliyində olan mətbuat orqanları- “Ülduz”, “Azərbaycan” jurnalları və “Ədəbiyyat qəzeti”dir. Əslində bu mətbuat orqanlarında mənim uzun müddət YB-nin üzvü olmadığım zamanlarda şeirlərim dərc olunub. Elə isə mənim əsərlərim indi niyə “Ulduz”, “Azərbaycan” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə dərc edilməsin. Burda da, Anar Raufun göstərişinə əməl edir. Mənim əsərlərimin həmin mətbuat orqanlarında nəşr olunmasına qadağa qoyur. Qısaca olaraq bir faktı deyim: “60 illik yubileyimlə əlaqədar olaraq 2017-ci ilin fevral ayında bir neçə şeirimi “Ədəbiyyat qəzeti”nə aparıb bu şeirlərimi poeziya şöbəsinin müdiri Sərvaz Hüseynoğluna oxudum. O, şeirlərimi bəyəndi. Sonra şeirlərimi baş redaktorun müavini Adil Cəmilə təqdim etdi. Adil Cəmil də şeirlərimi oxudu, dərkənar yazaraq, çap olmağa layiq bildi, mənimlə, Sərvazla birlikdə baş redaktor Azər Turanın otağına getdi. Azər Turan da şeirlərimin gələn sayda “Ədəbiyyat qəzeti”ndə dərc olunacağını dedi. O vaxtdan 11 ay keçsə də, şeirlərim hələ də çap olunmayıb.

On gün əvvəl nəşr olunan 2 cildlik “Sözdən saray qurmuşam” və “Altmış yaşının dastanı” kitablarımı götürüb “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın otağına getdim. O, poeziya şöbəsinin müdiri Sərvaz Hüseynoğluna göstəriş verdi ki, Fəzail İsmayıl Böyükkişinin şeirlərini qəzetin gələn sayında dərc elə və nəşr olunan iki cildlik kitabları haqqında da ətraflı yazı ver. Təəssüf ki, Anarın Raufu yenə də öz işini gördü. “Ədəbiyyat qəzeti”ndə, nə şeirlərim dərc olundu, nə də kitablarım haqqında söhbət açıldı. Görünür, ömrünün ixtiyar çağında Anar Rauf ilə qoşa addimlamaq  fikrində qətidir. Buna söz ola bilməz. Bəs, Anar niyə YB-dəki uşaq-muşaqları cəhənnəmin dib ocağında yanmaq kimi ağır cəzaya şərik edir? O zavallıların nə günahı var axı?.. Ona “Ulduz”, “Azərbaycan” jurnalında, “Ədəbiyyat qəzeti”ndə əsərlərimin dərc olunmaması bəs etmirmi ki, digər mətbuat orqanlarında da əsərlərimi dərc olunmasına əngəl törədir. Əlbəttə, o uşaq-muşaqların adını çəkəsi deyiləm, amma sizin diqqətinizə Anarın və onun müşaviri Raufun necə dar düşüncəli adam olduqlarını çatdırıram.

Anar Azərbaycan məkanında mənim sözümə qadağa qoymağa qadir olsa belə, mən sözümü Avropa məkanında deyəcəyəm. Buna yüz faiz arxayın ola bilər.

Xalq yazıçısı Anar yalandan deyir ki, JB-ni mən saxlayıram, amma gerçəkdən demir ki, JB-məni və mənim əlaltılarımı saxlayır. Saxla YB-nı,  saxla Anar Rəsul oğlu.Sən bunu bacarırsan , Mərhaba... Sən mənim 60 illiyimi çox yüksək “mükafatlandırmağı” da bacardın.

İndi də mən sənin 80 illiyini “mükafatlandırmağa”  başlayıram. Arxayın ol, sənə borclu qalmayacağam. Allahsız olsan da, Mübarək Peyğəmbərimiz Məhəmməd (s.ə.s)in bu fikrini diqqətinə çatdırıram:”Haqsızlığın qarşısında susan adam, onu törədəndən də alçaq adamdır”. Sənin  pulsuz danışdığın, mənim isə  pulla danışdığım olmayıb. Mən dünya varından çox bahayam. Anla və bil ki, məni dünya varı ilə satın alan hələ ki,anasından olmayıb,olmayacaq da. Çünki, murdar adamlar qarşısında  sınmamağım üçün 15-20-30 günlərlə ac qaldığım  vaxtlarım  az olmayıb.

Bilirəm, mən günahkar deyiləmsə, Allah səni də , Raufu da digər əlaltılarını da layiqincə cəzalandıracaq.Mənsə sənin  80 illik yubileyin ərəfəsində -sənin kimliyinə, aylarla ac qalsam da Lövhü-Məhvuz səviyyəsində aydınlıq gətirəcəyəm.

Mənim ən çox sevdiyim misra Əhməd Cavadın “Ölmə qardaş, düşmən çoxaldı” misrasıdır. Mən bu misraya hər vaxt  əməl etmişəm və yenə də əməl edəcəyəm. Sənin də ən çox sevdiyin misra yəqin ki, Rəsul Rzanın  “Mən hansı bir insana bənzədim ki, Lenini” misrası olar.

Əsas sözsə Allahındır.

Fəzail İsmayıl Böyükkişi

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi