“Bu məlumatları yayan jurnalistlər işdən çıxarılır” – Deputat etiraz ETDİ

“Bu məlumatları yayan jurnalistlər işdən çıxarılır” – Deputat etiraz ETDİ 

“Orta məktəblərin bufet və yeməkxanalarında şagirdlərə təqdim olunan qidalar nə dərəcədə keyfiyyətlidir? Bu məsələ mütləq araşdırılmalıdır. İkinci məsələ isə bufet və yeməkxanaların nə vaxta qədər mərkəzləşdirilmiş şəkildə idarə olunmayacağıdır. Hazırda bir məktəbdə təqdim olunan qidalarla digər məktəbdəki menyu arasında heç bir uyğunluq yoxdur. Hər məktəb fərqli qidalar təklif edir və onların da uşaqlar üçün faydalı olub-olmadığı sual doğurur”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat yaxın illərdə ibtidai sinif şagirdlərinin gündə bir dəfə isti yeməklə təmin olunması məsələsinə baxılmasını təklif edib:

“Bilmək istəyirəm, bunu həyata keçirmək nə dərəcədə mümkündür? Bu məsələ dövlət büdcəsində nəzərə alına bilərmi? Əks halda, uşaqların boy inkişafında gerilik, görmə qabiliyyətinin zəifləməsi və kəskin çəki artımı kimi problemlər davam edəcək. İnanın ki, valideynlər də bu problemlərin qarşısını təkbaşına ala bilməyəcəklər. Bu məsələləri indi həll etməsək, növbəti 10 ildə daha ağır problemləri müzakirə etməli olacağıq”.

Deputat qeyd edib ki, 1960–1980-ci illərdə tikilmiş, xüsusilə regionlarda yerləşən yaşayış binalarının vəziyyəti narahatlıq doğurur:

“Hər il bu binaların təmir və bərpa məsələsinin növbəti ildə həll olunacağı deyilir, lakin problem yerində qalır. Bəzən şəhər və rayonlar öz daxili imkanları hesabına müəyyən işlər görürlər. Ancaq əsasən prospektlərin görünən hissələrində təmir aparılır, həyətlərdə və məhəllələrdəki binalara isə diqqət yetirilmir.

Elə binalar var ki, yalnız dam örtüyü təmir olunur, girişlər, liftlər və digər vacib hissələr baxımsız qalır. Hətta pilləkənləri hər an uça biləcək vəziyyətdə olan binalar var. Mən bu barədə hökumətə də rəsmi müraciət etmişəm. Təəssüf ki, bəzi hallarda problemlərin mediada işıqlandırılmasına da imkan verilmir. Bu məlumatları yayan jurnalistlərin işdən çıxarıldığı və ya müəyyən təzyiqlərlə üzləşdiyi hallar olur. Problemləri gizlətməklə və növbəti illərə ötürməklə heç nə əldə edə bilmərik.

Bakıda bir çox məsələ həll olunsa da, regionlarda vəziyyət fərqlidir. İnanın ki, orada insanlar bir-iki vəzifəli şəxsdən çəkinir, problemlərini dilə gətirə bilmirlər. Biz bu məsələləri qaldıranda da bəzən fərqli münasibətlə qarşılaşırıq. Ona görə də bu problemin həlli üçün konkret addımlar atılmalıdır”.

N.Həmzəyev Gəncə şəhərində yolların asfaltlanmasının gecikdirildiyini söyləyib:

“2011-ci ildən başlayaraq sakinlərə hər dəfə eyni cavab verilir: kanalizasiya layihəsi başa çatdıqdan sonra yollara asfalt çəkiləcək. Artıq 2027-ci ilə qədəm qoyuruq, amma hələ də asfalt üzü görməyən yollar var. Mən belə başa düşürəm ki, bu yolların bir qismi yaxın beş-altı ildə də asfaltlanmayacaq. Çünki bəzi ərazilərdə kanalizasiya xətlərinin çəkilməsi hələ nəzərdə tutulmayıb.

Vətəndaşlar mənə irad bildirirlər ki, bəlkə də asfaltlanma üçün vəsait ayrılıb, amma başqa istiqamətə xərclənib. Mən isə buna cavab verə bilmirəm. Açıq deyim, bizim adımız var, amma heç bir səlahiyyətimiz yoxdur.

Hökumət nümayəndələri rayon və şəhərlərə səfər edərkən yalnız icra başçılarının və digər rəsmi şəxslərin müəyyən etdiyi marşrutla hərəkət etməməlidirlər. Həmin marşrutdan kənara çıxmalı, birbaşa sakinlərlə görüşməli, onların problemlərini özlərindən eşitməlidirlər. Belə olduqda hökumət üzvləri yolların niyə təmir edilmədiyini, problemlərin hansı səviyyədə olduğunu öz gözləri ilə görə bilərlər. Çünki şəhər və rayon rəhbərləri bir çox problemləri hökumətdən də gizlədirlər.

Çox xahiş edirəm, bu məsələləri hökumətin iclaslarında qaldırın ki, biz də seçicilərin, vətəndaşların qarşısına ürəklə çıxa bilək. Bəlkə də emosional çıxış etdim, amma inanın ki, seçicilərlə görüşəndə çox çətinlik çəkirik. Xüsusilə doğulub boya-başa çatdığımız, birlikdə böyüdüyümüz insanların qarşısına çıxmaqda çətinlik çəkirik. Onlar bizə deyirlər ki, sən vəzifə tutursan, yaxşı dolanırsan, bəs bizi niyə düşünmürsən?

Belə problemlər çoxdur. Xahiş edirəm, hökumət bu məsələlərlə bağlı ciddi tədbirlər görsün. Bəlkə də onların hamısını 2027-ci ilin büdcəsində həll etmək mümkün olmayacaq. Heç olmasa, növbəti 10 il ərzində bu problemlərin aradan qaldırılması istiqamətində konkret işlər görülsün”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪