“Hakimiyyət əlimizdən ofisi alacaq, nə olar, qurultayı bizdə keçirməyin”

“Hakimiyyət əlimizdən ofisi alacaq, nə olar, qurultayı bizdə keçirməyin” - Müsavatla REAL arasında QALMAQAL

Dünəndən etibarən sosial şəbəkədə Müsavat və Real partiyalarının rəhbərliyi arasında sözlü mübahisə və bir-birini ifşa etmək prosesi başlayıb.

Real partiyasının üzvü, deputat Erkin Qədirlinin Türkiyədə mərhum Prezident Heydər Əliyevin heykəlini ziyarət etməsinə müsavatçılar tənqidi yanaşıblar. Həmin fotoda ADP sədri Asim Mollazadə, YAP üzvü Səməd Seyidov da yer alıb.

 

Müsavat başqanı Arif Hacılı Feysbuk hesabında paylaşım edərək “Asim Mollazadə bura qədər uzun bir yol keçmişdi, Erkin Qədirli çox tez çatdı” deyə qeyd edib.

 

Real partiyasının sədr müavini Natiq Cəfərli isə müsavatçıları hakimiyyətdən qorxmaqda ittiham edib: “Erkin protokola uyğun hərəkət edib, bundan öncə Atatürkün anıtında, Ərdoğanla və Parlament sədri ilə görüşdə olub. Amma səhv edib, gərək heykələ getməyəydi.

 

Erkinin başqa səhvi də olub - siz, Arif bəy, “hakimiyyət əlimizdən ofisi alacaq, nə olar, REAL-ın qurultayını bizdə keçirməyin, bundan özünüz imtina edin", deyəndə, sizə, əslində isə Müsavat adına hörmət olaraq siz deyən formulu qəbul etdi, sizə söz gəlməsini istəmədi. Bəli, Erkinin bu səhvi də var, qınayıram!”

 

Bunun ardınca isə Arif Hacılı N.Cəfərliyə bildirib ki, onlar qurultay keçirməyə adam tapa bilməyiblər: “Çox eyib, Natiq bəy. Şəxsən sizdən bu qədərini gözləmirdim. “Bizə bu vəziyyətdən abırlı bir çıxış yoluna imkan yaradın” deyə xahişlərinizi, evimin yanındakı kafedə Erkinlə birlikdə bizdən üzrxahlıq etdiyinizi, “nə desəniz haqqınız var” - dediyinizi də unutmusuz?

 

Təşkilatınız qaçıb dağılmışdı. Sizin qurultay keçirməyə, hətta 10-15 nəfəri bir yerə toplamağa halınız var idi?

 

O zaman Müsavat Divanında bu məsələnin çılpaqlığı ilə açıqlanmasının, sizin rəzil durumunuzun, bizim yer verməyimizə baxmayaraq sizin belə imkanlarınızın olmaması üzündən guya yer tapa bilməməyiniz barədə bəhanə etdiyinizi ictimailəşdirilməsinin də tərəfdarları var idi. Mən bunu etmədim. Niyə etmədim?

 

Çünki, o zaman düşünürdüm ki, hakimiyyət də bunda maraqlıdır. O zaman sədriniz hələ həbsdə idi. Həm də, bizə dəfələrlə deyilən bu vəziyyətdən abırlı çıxmağımıza şərait yaradın, xahişinizi nəzərə aldım. Belə çıxır ki, o zaman xahişlərinizi nəzərə alaraq sizə sifətinizi qorumağa şərait yaratmaqla səhv etmişəm?”

 

Daha sonra N.Cəfərli Arif Hacılının dediklərini ağ yalan adlandırıb: “O vaxt real hansı çıxılmaz vəziyyətə düşmüşdü ki, sizdən vəziyyətdən çıxmağı istədi? Yer vermədiniz, elə həmin ay siz imtina edəndən sonra REAL özü ofisdə 416 nəfərlə qurultay elədi. Günah bizdədir, gərək o vaxt həqiqəti deyərdik. Sadəcə, sizin Erkini tanıdığınızı bilirəm, son 20 ildə ona nə təkliflər olub, nələrdən imtina edib, onu da bilirsiz. Yaxınlarının müalicəsini hakimiyyətdən xahiş edənlər bunu anlamaz”.

 

Daha sonra tərəflər bir-birini hakimiyyətdən mandat alaraq deputat olmaqda ittiham ediblər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi