Kamaləddin Qafarov: “Heydər Əliyev milli dövlətçilik təfəkkürünü formalaşdırdı”

Kamaləddin Qafarov: “Heydər Əliyev milli dövlətçilik təfəkkürünü formalaşdırdı” 

“Ölkə Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan olunması yaşadığımız bu ilə böyük önəm vermiş oldu.

Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da, ilk növbədə, bu dahi şəxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir. 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev mahiyyət etibarı ilə Azərbaycanın sadəcə müstəqilliyini deyil, eyni zamanda, vahid bir ölkə kimi varlığını qoruyub saxladı.

Ulu Öndər dağılmış və parçalanmaq üzrə olan bir dövləti yenidən qurdu. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqilliyinə nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir”.

Bu sözləri mətbuata müsahibəsində Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən birinin beynəlxalq mövqelərin möhkəmləndirilməsi olduğunu qeyd edib: “Müstəqilliyimizin ilk illərində bu müstəqilliyin qorunub-saxlanması və möhkəmləndirilməsi üçün tələb olunan zəruri şərtlərdən biri də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi idi. Həmin vaxt ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmaq üçün effektiv, praqmatik xarici siyasət kursu tələb olunurdu. Ulu Öndər Heydər Əliyev 1994-cü il martın 9-da Pekin İctimai Elmlər Akademiyasında çıxış edərkən demişdir: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Məhz bu məqsədlə Ümummilli lider Azərbaycanda ikinci dəfə hakimiyyətə gəldiyi ilk gündən dövlətin xarici siyasətini dəyişməyə, ölkənin strateji maraqları əsasında yeni xarici siyasi kurs müəyyənləşdirməyə başladı və qısa müddətdə buna nail oldu. Bu praqmatik kurs Azərbaycanın strateji maraqlarının digər region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırılmasına imkan yaratdı. Ulu Öndər xarici siyasəti Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri hesab edir və bu siyasətin sağlam, düşünülmüş və uzaqgörən şəkildə olmasını vurğulayırdı. Heydər Əliyevin müəllifi olduğu xarici siyasət kursu ölkəmizin tarixində ilk dəfə olaraq Azərbaycanın dünya dövlətləri birliyinə bərabər hüquqlu bağlantısını, ölkənin mənafelərini və dünya miqyasında bir müstəqil dövlət kimi tanınmasını təmin etdi.”
K.Qafarov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin də əsasında məhz Heydər Əliyev siyasi kursunun durduğunu vurğulayaraq deyib: “Ulu Öndərin 1993-2003-cü illər ərzində həyata keçirdiyi daxili və xarici siyasət kursunun ən mühüm prioritet istiqamətlərindən biri, əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün möhkəm zəminin hazırlanması olub. Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində söylədiyi nitqində Ulu Öndər demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” 2020-ci ilin noyabr ayının 10-da dahi liderin bu tarixi kəlamları həyata keçdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiya 2003-cü ildən etibarən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək milli birliyimizin daha da möhkəmlənməsinə öz misilsiz töhfəsini verdi. Torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi bunun ən bariz təcəssümü oldu. Əldə olunmuş tarixi Qələbə Heydər Əliyevin milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi.”

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi