Könül Nurullayeva: “Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir”

Könül Nurullayeva: “Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir” 

Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetləri sırasındadır. Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir.

Ümumiyyətlə, Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın hüquqi bazası olduqca genişdir.  Yeni imzalanan “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” da tərəflər arasında  enerji tərəfdaşlığını  daha da gücləndirir. Bu, Azərbaycan qazının sabit və təhlükəsiz şəkildə Aİ-yə çatdırılmasının təmin edilməsinə xidmət edir. Söhbət kommersiya məqsədəuyğunluğu və bazar tələbinə uyğun olaraq qaz tədarükünün diversifikasiyasını dəstəkləmək məqsədilə Xəzərin Azərbaycan sektorundakı təbii qazın Aİ-yə və potensial olaraq Qərbi Balkan ölkələrinə daşınmasından gedir. Bu fikirləri mətbuata verdiyi açıqlamasında Könül Nurullayeva deyib.

O,əlavə edib ki,məhz bu Memorandum vasitəsilə Azərbaycanın siyasi-iqtisadi iradəsi sayəsində reallaşan, bölgənin ən nəhəng enerji projesi - Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı da öhdəlik götürülür. Eyni zamanda tərəflər Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinin maliyyələşdirilməsini təşviq etməyə səy göstərəcəklər. Bu isə siyasi cəhətdən Aİ tərəfindən dəstəklənən belə geniş regional layihələrin beynəlxalq maliyyə institutları və nəhəng özəl şirkətlər tərəfindən sərmayə yatırma perspektivini artırır.


Yəni, Avropa İttifaqı Cənub Qaz Dəhlizini vacib təchizat marşrutu hesab edir və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Yeni mərhələdə Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmi ikiqat artırılacaq. Əsas hədəf kimi 2027-ci ilə kimi Aİ-ə ən azı illik 20 milyard m3 qazın ixrac edilməsi götürülür.  Gələn ildən artıq 12 milyard kubmetr qaz alacaq Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə kimi baxır.


Avropa İttifaqı eyni zamanda Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsindəki böyük potensialı yüksək dəyərləndirir.  Əsas hədəflərdən biri bərpaolunan enerjidən istifadə edərək ixrac üçün daha çox qazı təmin etməkdir. Yeni imzalanan Anlaşma Memorandumu vasitəsilə bu sahədə də əməkdaşlığın təməli qoyuldu. Avropa Komissiyasının Prezidenti  Ursula Fon der Lyayenin bəyanatında da qeyd olundu ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.


Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq isə böyük nailiyyətdir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər