Könül Nurullayeva: “Ermənistan rəsmiləri məğlubiyyət günahkarı axtarmaqdansa, üçtərəfli sülh sazişini icra etməlidir”

Könül Nurullayeva: “Ermənistan rəsmiləri məğlubiyyət günahkarı axtarmaqdansa, üçtərəfli sülh sazişini icra etməlidir” 

Üçtərəfli sülh razılaşmasından 5 ay vaxt keçməsinə baxmayaraq, Azərbaycanın kommunikasiyalarının açılması səylərinə Ermənistan tərəfindən müvafiq yanaşma müşahidə olunmur. Bu isə post-münaqişə dövründə də Ermənistanın qonşuluq münasibətlərinin bərpasında maraqlı olmadığını göstərir. Halbuki ötən il 10 noyabrda imzalanmış üçtərəfli saziş münasibətlərin tənzimlənməsi və bölgədə dayanıqlı sülhün təmin olunması üçün yeganə rəsmi sənəddir.

Bu sənədin müddəalarının icrası bölgədə sülhə yönəlik pozitiv dinamika əldə etməyə imkan verir. Lakin təəssüflə qeyd etməliyik ki, üçtərəfli bəyanatın imzalanmasından sonra diversiya qruplarının terror aktı törətmək məqsədilə, Azərbaycan ərazisinə göndərilməsi davam edir və qarşı tərəf sonradan bu terrorçuların “hərbi əsir” kimi azad olunmasını tələb etməklə destruktivlik nümayiş etdirir. Bu isə 30 ildən sonra dayanıqlı sülh üçün yaranmış perspektivlərə zərbədir. Eyni zamanda 5 aydır, azad olunmuş və minalanmış ərazilərin xəritələrinin verilməməsi də sülh prosesini pozur. Hazırda Ermənistanın daxilində baş verən daxili-siyasi xaos getdikcə kəskinləşir. Ermənistanın baş naziri Paşinyanın parlamentdəki çıxışından sonra vəziyyət daha da gərginləşib. 

Bütün siyasi qüvvələr bir-birini məğlubiyyətdə ittiham edir, “satqın” axtarışı hər gün daha da dərinləşir. İş o həddə çatıb ki, hətta ideoloji baxımdan bir-birinə yaxın olan Ter-Petrosyanla Paşinyan belə qarşılıqlı ittihamlar səsləndirir. Yəni, daxildəki xaos birbaşa sülh prosesinə təsir edir və əslində Ermənistanın məğlubiyyətinin miqyasını göstərir. Təbii ki, hazırda bölgədə münasibətlərin normal məcrada inkişafının yeganə çıxış yolunun 10 noyabr sazişinin icrası olduğunu Ermənistanda da yaxşı dərk edirlər. Lakin bununla belə, pozuculuq və işğalçılıq siyasətindən əl çəkmək istəməyən Ermənistan Azərbaycana və Türkiyəyə qarşı fobiyanı artırmaqla, *özünün dalan vəziyyətindən çıxmasına* mane olur. Eyni zamanda bölgədə sülhün yox, qeyri-sabitliyin yaranmasına səbəb olur. Bununla belə, fakt faktlığında qalır - üçtərəfli saziş Ermənistanın son şansıdır. Yenidənqurma, dinc qonşuluq, münasibətlərin bərpası inkişaf və əməkdaşlıq üçün yeni imkanlar açır.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi