“Məndən 400-500 manat pul tələb edirlər”

“Məndən 400-500 manat pul tələb edirlər” - Xaçmaz sakini sosial yardım ala bilmir

Hər zaman ictimai marağı üstün tutaraq, əhalini narahat edən problemləri obyektiv işıqlandıran KONKRET.az informasiya portalı, bu gün də öz ənənəsini davam etdirir.

Bu dəfə redaksiyamıza məktub ünvanlayan Xaçmaz rayon sakini Pərviz Qubadovun problemini araşdırmaq üçün onunla telefon əlaqəsi saxladıq.

Şikayətçi Pərviz Hacı oğlu Qubadov 1982-ci ildə anadan olub. 6 nəfər ailə üzvü olan Pərviz bildirdi ki, səhhəti ilə bağlı heç yerdə işləmədiyindən dolanışığı çox çətindir. Ona görə də, ünvanlı sosial yardım almaq üçün aprel ayından elektron formada müraciət etsə də, bugünədək heç bir cavab almayıb.

Şikayətçinin sözlərinə görə, 2016-2018-ci illərdə dövlət tərəfindən ona sosial yardım verilib. 2 il ünvanlı sosial yardım alıb. Lakin bu ildən Pərviz Qubadov ünvanlı sosial yardımdan məhrum edilib. Səbəb kimi isə həyat yoldaşının adına dövlət tərəfindən verilən pay torpağının olması göstərilib.

Şikayətçi deyir ki, torpağın hökumət tərəfindən verildiyini , əlində bunu təsdiq edən aktın olduğunu bildirsə də, onun sözlərinə məhəl qoyan yoxdur. Pərviz Qubadovdan yeni akt gətirməsi tələb olunub və şikayətçi iddia edir ki, bunun üçün ondan 400-500 azn civarında pul tələb edilib.

Şikayətçi bildirir ki, imkanı olmadığından bu məbləği verə bilməyib. Elə ona görə də yeni akt almayıb. Nəticədə isə sosial yardım almaq hüququndan məhrum edilib.

Pərviz Qubadov deyir ki, dəfələrlə gəlib yaşadığı yeri çəkib, onun şəraiti ilə tanış olublar. Lakin buna baxmayaraq elektron müraciətinə rədd cavabı verilir.

Mövcud problemlə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz Rayon Şöbəsinin müdiri Ceyhun Həmidovla əlaqə saxladıq. Şöbə müdiri saytımıza açıqlamasında bildirdi ki, rəhbərlik etdiyi idarədə vətəndaşlardan heç bir sənəd istənilmir. Hər şey elektron müraciətlə həll olunur.

Ceyhun Həmidov bildirdi ki, vətəndaş elektron formada müraciət etdikdən sonra , onun adı siyahıya düşür. Daha sonra vətəndaşın maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilir. Bundan sonra isə akt yazılır və həmin akta uyğun olaraq bütün məlumatlar sistemə daxil edilir. Əgər yazılan aktla, sistemdəki məlumatlar üst-üstə düşərsə, o zaman təyinat verilir.

Qurum rəsmisinin sözlərinə görə, vətəndaşın daxil etdiyi məlumatlar tam düzgün olmalıdır. Əks halda şöbə tərəfindən vətəndaşın maddi-məişət şəraiti yoxlanılarkən, məlumatlar uzlaşmayacaq və sosial yardımın verilməsində problemlər yaranacaq.

Odur ki, vətəndaş torpağın SUN (sığorta uçot nömrəsini) nömrəsini almalıdır. Bunun üçün yerli vergi idarəsinə müraciət olunmalı və sun nömrəsi alınmalıdır. Daha sonra müraciət edərkən həmin torpaq payını sistemdə göstərməlidirlər.

Ceyhun Həmidovun sözlərinə görə, torpağın mülkiyyətçisi dünyasını dəyişməyibsə, o zaman yeni akt almağa ehtiyac yoxdur. Sonda Ceyhun Həmidov bildirib ki, şikayətçini dinləməyə və qanuni proseduru izah edib, hər cür yardım göstərməyə hazırdır. Biz də ümid edirik ki, vətəndaşın şikayəti yerindəcə araşdırılacaq və məsələ öz müsbət həllini tapacaq. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi