«Mətanət A» işçilərin maaşının bir hissəsini depozit saxlayırmış: «İndi də pulu qaytarmır»

«Mətanət A» işçilərin maaşının bir hissəsini depozit saxlayırmış: «İndi də pulu qaytarmır» – MƏHKƏMƏYƏ VERİLDİ

Azərbaycanın tanınmış şirkətlərindən olan «Mətanət A»nın öz işçiləri ilə münasibətləri barədə maraqlı faktlar üzə çıxıb.

Nazirlik iş yerində ayrı-seçkilik və maaşlarda fərq barədə – AÇIQLAMA YAYIB, CƏRİMƏNİ XATIRLADIB

“Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verdi

FED.az biznes və maliyyə xəbərləri portalına məlum olub ki, şirkət öz əməkdaşlarına əməkhaqqının cüzi hissəsini kartla, qalanını nağd şəkildə ödəyir, maaşın bir hissəsini isə məcburi şəkildə «depozit» adı ilə özündə saxlayırmış.

Tikinti materialları istehsalı sahəsində ölkənin tanınmış şirkətində işçilərlə münasibətlər və alternativ mühasibatlıq sisteminin mövcud olması onun işçiləri ilə mübahisəsi zamanı – məhkəmədə üzə çıxıb.

«Mətanət A»nın keçmiş əməkdaşı, hazırda şirkətlə məhkəmə mübahisəsində olan Rəşad Ağayev FED.az-a müraciət edərək şirkətin onun pullarını ödəmədiyini və öz hüquqlarını qorumaq üçün «Mətanət A»nı məhkəməyə verdiyini bildirib.

Rəşad Ağayevin sözlərinə görə, o, «Mətanət A» şirkətində 2018-ci ilin sentyabrında işə başlayaraq burada 7 il satış təmsilçisi vəzifəsində çalışıb. Onun təqdim etdiyi əmək müqaviləsi 2018-ci il sentyabrın 3-də R. Ağayevlə şirkətin direktoru Əliyeva Solmaz İntiqam qızı arasında imzalanıb. Şikayətçi burada 2025-ci ilin iyulunadək işləyib.

«2018-ci ilin sentyabrindan 2025-ci ilin iyulunadək, 7 ildən artıq müddətdə “Mətanət-A” şirkətində korporativ və regional satış sahəsində çalışmışam. Bu illər ərzində müştərilərlə işləmiş, yeni satış nöqtələrinin yaradılmasında və şirkətin məhsullarının regionda satışının inkişafında iştirak etmişəm», – deyə R. Ağayev bildirir.

İşdən ayrılandan sonra isə şirkətlə işçi arasında mübahisə yaranıb – Rəşad Ağayev «Mətanət A» şirkətindən ona çatacaq əməkhaqqını – 21 min manatı istəyir, şirkət isə belə bir öhdəliyi olmadığını bildirir. Məhz bununla bağlı araşdırmada «Mətanət A»da əməyin qiymətləndirilməsi sisteminin vəziyyəti üzə çıxıb.

Maraqlı məqam işçinin əməkhaqqı ilə bağlıdır. R. Ağayevin təqdim etdiyi sənədlərə əsasən, onun şirkətdə aylıq əməkhaqqı ölkə üzrə minimum əməkhaqqı qədər, yəni ayda 400 manat nəzərdə tutulub. Onun sözlərinə görə, bu, kiçik maaş olsa da, «Mətanət A» şirkətində belə yanaşma ənənəvidir. Burada satış işçiləri aşağı stavka ilə maaş alır, onların əsas gəlirləri isə satışdan daxil olan vəsaitdən asılı olaraq verilən mükafatlardan – satış faizləri və ya bonuslardan formalaşır. Yəni satış işçiləri əsasən bonusa işləyirlər.

Amma Rəşad Ağayev işdən çıxdıqda məlum olub ki, “Mətanət-A” şirkəti ona vəd olunan, daha dəqiqi, şirkətin öz mühasibatlığında rəsmiləşdirilmiş bonusları verməkdən imtina edir: «İşdən çıxandan sonra aramızda ödənişlə bağlı mübahisə yarandı. Mübahisənin əsasını işlədiyim müddətdə əməkhaqqı və bonuslar təşkil edir. Mən həmin məbləğləri istəyirəm, qarşı tərəf bunu etmədiyinə görə məhkəməyə verdim».

Məsələnin mahiyyətində R. Ağayevə ödənilməli olan bonusların ödənilməməsi dayanır. Şikayətçi bildirir ki, əmək müqaviləsində yalnız rəsmi maaş (400 manat) göstərilsə də, şirkətin satış sektorunda işləyənlər bonuslar da alırlar. Fəaliyyət göstərdiyi 7 il ərzində ona da ödənişlər bu qayda ilə edilib – satış sahəsində çalışanların faizə əsasən bonus alması adi haldır və “Mətanət-A” şirkəti də istisna olmayıb. Amma işdən çıxdıqdan sonra şirkət əmək müqaviləsində bonus nəzərdə tutulmadığını əsas gətirərək əvvəldən qalan bonusları ödəməkdən imtina edib.

Şirkətin iddiasına görə, R. Ağayev “Mətanət-A” şirkətində satış təmsilçisi vəzifəsini icra edərək ayda 50-60-70 min manatlıq satış etməklə 7 il ərzində ayda 400 manat maaşla çalışırmış. R. Ağayev bildirir ki, vəziyyətin belə olmadığını, şirkətin ona hər ay ödəniş etdiyini və bu hesabla ona qalan borcu ödəməli olduğunu şirkətin özündə də yaxşı bilirlər, sadəcə, artıq işdən çıxdığından istifadə edərək ödənişdən yayınırlar. Ən maraqlı məqamlardan biri isə «Mətanət A»da işçilərin gəlirinin bir hissəsinin məcburi şəkildə «depozit» adı ilə kəsilərək şirkətdə saxlanmasıdır.

Məsələnin daha aydın olması üçün «Mətanət A»da bonus sisteminin necə qurulduğunu bilmək lazımdır.

Şikayətçinin FED.az-a təqdim etdiyi mühasibat sənədləri göstərir ki, burada işçilərə ödənilən məbləğlər əməkhaqqı müqaviləsində göstəriləndən tamamilə fərqli hesablanır və qat-qat artıq olub.

Məsələn, Rəşad Ağayevin sözlərinə görə, əmək müqaviləsində onun aylıq rəsmi əməkhaqqı 400 manat göstərilsə də, şirkətdə boya məhsulları üzrə satış təmsilçisi olaraq ona aylıq 600 manat məbləğində sabit (fix) əməkhaqqı müəyyən edilib.

Bundan əlavə, şirkətin satış sistemində işləyənlər aylıq satışlardan 3,5% həcmində bonus alırmışlar.

Bonus və maaşın yalnız 400 manatı (daha dəqiqi, vergilər çıxılandan sonra 360 manatı) kartla, qalan hissə isə nağd ödənilirmiş.

Əməkhaqqını «Mətanət A»nın maliyyə şöbəsi hesablayır, rəhbərlik tərəfindən təsdiq edildikdən sonra işçilərə ödəniş edilirmiş.

Beləliklə, faktiki olaraq R. Ağayevin aldığı əməkhaqqı yalnız əmək müqaviləsində göstərilən rəsmi əməkhaqqından ibarət olmayıb, şirkətdə tətbiq olunan əməkhaqqı sistemi əsasında hesablanmış sabit (fix) əməkhaqqı, bonuslar və digər mükafatların cəmindən formalaşıb.

Məsələn, tutaq ki, bir ay ərzində işçi tərəfindən 50 000 manatlıq satış edilib. Yeri gəlmişkən, R. Ağayevin sözlərinə görə, bu məbləğin yalnız kiçik hissəsi rəsmi şəkildə şirkətin bank hesabına köçürülürmüş, qalan, daha böyük hissə isə şirkətin kassasına nağd şəkildə ödənilirmiş – amma bu, başqa araşdırmanın mövzusudur. Beləliklə, əməkhaqqı belə hesablanırmış:

Sabit (fix) əməkhaqqı – 600 manat + dövriyyənin 3,5 faizi olan 1 750 manat = ümumi əməkhaqqı – 2 350 manat.

Bu məbləğin 235 manatı, yəni 2 350 manatın 10%-i «Mətanət A» şirkəti tərəfindən məcburi şəkildə işçidən alınaraq «Avans 1D» adlanan depozit kimi saxlanılırmış («Avans 1D» ifadəsindəki D hərfi depozit deməkdir – FED.az).

Qalan 2 115 manat məbləğdən 400 manat «Avans 1K» adı ilə rəsmi maaş kimi işçinin əməkhaqqı kartına, 1 715 manat isə nağd şəkildə işçiyə kassadan ödənilirmiş.

Şirkətdən işçilərə bildirilirmiş ki (əslində, bu qayda indi də davam edir), “Avans 1D” qrafasında göstərilən 10 faizlik tutulma gələcəkdə, işdən çıxandan sonra (!!!) işçiyə qaytarılacaq.

Deyilən hesablama qaydasını şikayətçinin FED.az-a təqdim etdiyi sənədlər də göstərir. Sənədlərdən görünür ki, məsələn, 2021-ci il oktyabrın 7-də R. Ağayev tərəfindən 52 572 manatlıq satış edilib. Bunun 3,5%-i 1 840 manat bonus kimi hesablanıb, əlavə olaraq ona 600 manat sabit maaş da nəzərə alınmaqla aylıq 2 440 manat əməkhaqqı yazılıb.

Bu məbləğdən qaytarılmış mallara görə 780 manat cərimə tutulub, eləcə də 400 manat (əmək müqaviləsindəki məbləğ) karta köçüb, 244 manat isə (yəni aylıq gəlirin 10%-i) depozit kimi şirkətdə saxlanılıb. Nəticədə həmin ay R. Ağayev «Mətanət A»nın kassasından nağd şəkildə 1 000 manat alıb.

Eyni hal 2021-ci ilin iyununda da baş verib – 70 834 manat satışa görə işçiyə 3,5% olmaqla 2 479 manat bonus hesablanıb, onun üzərinə 600 manat əlavə edilib – aylıq 3 079 manat maaş formalaşıb. Bunun 370 manatı müxtəlif cərimələrə çıxılıb, depozit kimi 307 manatı şirkətdə saxlanılıb (indiki məhkəmə həmin depozitin qaytarılmasına aiddir), 400 manat isə karta oturub. Nəticədə R. Ağayev şirkətin kassasından nağd şəkildə 2 000 manat alıb.

İndiki mübahisə də şirkətin saxladığı bonuslar, daha dəqiqi, bu «Avans 1D» ödənişlərinə görədir.

Bu yerdə ortaya 2 maraqlı sual çıxır.

Birincisi – «Mətanət A» şirkəti hər ay işçinin gəlirlərinin 10%-ni niyə özündə saxlayırdı? İkincisi, işçilər niyə buna etiraz etmir, pullarının kəsilməsinə razılaşırdılar?

Yeri gəlmişkən, bu suallar məhkəmədə də qalxıb – məsələni araşdıran hakim nəyə görə maaşın 10%-nin şirkətdə saxlanıldığını soruşub.

R. Ağayev bildirir ki, bu üsul «Mətanət A»nın çoxdan tətbiq etdiyi qaydadır. Şirkətdən işçilərə bildirirlərmiş ki, bu, şirkətin prosedur qaydasıdır. İşçi işdən çıxandan 3-6 ay keçdikdən sonra bu pulları şirkətin kassasından hissə-hissə ala bilər.

Şikayətçi bildirir ki, şirkətdə uzun müddət işləyəndə işçi özünü şirkətin ailəsinin üzvü sayır və belə məsələlərdə şirkətə etibar edir. Üstəlik, vaxtilə daha əvvəl işdən çıxanlar da həmin vəsaitləri tam və ya bir hissəsini hissə-hissə şirkətdən alıblar. Belə halları görən əməkdaşlarda etibar yaranıb və onlar bu məsələdə «Mətanət A»dan şübhələnməyiblər.

O cümlədən Rəşad Ağayevin özünə də bildirilib ki, 20 min manatlıq ödəniş aylara bölünəcək və işçi onu hər ay gəlib ala biləcək – bununla bağlı şirkət mühasibinin səs yazısı da var və o səs yazısı məhkəməyə təqdim edilib.

«Belə bir vəd verdilər, mən də etibar etmişəm, gözləmişəm ki, onlar pulumu qaytaracaqlar, çünki illər boyu işlədiyimiz şirkətdir və fikirləşirdim ki, belə etməzlər, amma qaytarmadılar. Bir ildən artıqdır işdən çıxmışam, bir manatımı da qaytarmayıblar. Nəticədə indi iş məhkəməyə gəlib çatıb».

R. Ağayevin sözlərinə görə, o, digər işçilərdən fərqli olaraq, hər ay aldığı məbləğin hesabını aparırmış. Burada onun aldığı maaşla yanaşı, «Mətanət A» şirkətinin ondan depozit ("Avans 1D" məsələsi) kimi tutduğu məbləğlər də əksini tapıb. Bundan əlavə, şikayətçi əməkhaqqı vedomostlarının surətlərini, dövriyyə məlumatlarını, şəxsi uçot qeydlərini aparıb.

Bu rəqəmlər əsasında aparılan hesablamaya əsasən, «Mətanət A»nın R. Ağayevə azı 21 min manat ödənilməmiş vəsaiti var. Şikayət və məhkəmə mübahisəsi də bu məbləğin üstündədir.

«Bu məbləğ 24-25 min manat da ola bilər, amma iddia ən aşağı məbləğdən – 21 min manatdan götürülüb», – deyə R. Ağayev FED.az-a bildirib.

Onun sözlərinə görə, şirkətin ona borclu qaldığını cavabdehin arxivində saxlanılan əməkhaqqı vedomostları, əməkhaqqı hesablamaları, 1C proqramındakı müvafiq məlumatlar və digər daxili mühasibat sənədləri əsasında dəqiqləşdirmək mümkündür. Məhkəmənin gedişində «Mətanət A» şirkətindən həmin sənədləri təqdim etmək tələb olunub.

R. Ağayev bildirib ki, o, əvvəlcə məsələni danışıqlar və ya müvafiq dövlət qurumlarına müraciət etmək yolu ilə həll etməyə çalışıb, amma bu, mümkün olmayıb, nəticədə iş məhkəməyə gedib çıxıb. Hazırda bu məsələyə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılır.

Yeri gəlmişkən, problemlə üzləşəndən sonra R. Ağayev 2026-cı ilin may ayında əmək mübahisəsi və ödənişlərlə bağlı LinkedIn sosial şəbəkəsində paylaşım edib. Paylaşımı görən “Mətanət-A” şirkəti ona qarşı məhkəmə iddiası qaldırıb – «şirkətin reputasiyasına zərər vurmaq» iddiası ilə. Amma

Nizami Rayon Məhkəməsi LinkedIn paylaşımı ilə bağlı məsələyə baxmağı dayandırıb, əsas diqqəti daha ciddi məsələyə – əmək mübahisəsinə yönəldib. Yəni məhkəmə hazırda yalnız bir işə – R. Ağayevin “Mətanət-A” şirkətinə qarşı iddiasına baxır.

Oktyabrın 6-da keçirilən məhkəmə iclasında məhkəmə “Mətanət-A” şirkətindən ödəniş və mühasibatlıq sənədlərini tələb edib. Növbəti məhkəmə iclası 26 noyabr 2026-cı il tarixinə təyin olunub.

R. Ağayev bildirir ki, belə hal “Mətanət-A” şirkətinin bir neçə işçisinin başına gəlib və onlar məhkəməyə müraciət edərək ədaləti bərpa edə bilib, ödənişlərini alıblar. «Çünki məhkəmədə də yaxşı başa düşürlər ki, əmək müqaviləsində belə kiçik məbləğin yazılması yalnız və yalnız vergidən yayınmaq üçün istifadə edilən üsuldur».

R. Ağayevin sözlərinə görə, 7 il işlədiyi şirkəti tərk etdikdən sonra ona ödənişdən imtina edilməsi onu təəccübləndirib: «Yeddi ildən artıq çalışdığınız şirkətlə əmək münasibətləriniz bitdikdən sonra illər ərzində aparılmış ödənişlərin düzgün hesablanıb-hesablanmadığını sübut etməli olduğunuzu təsəvvür edin. Bu, təkcə maliyyə məsələsi deyil. Həm də uzun sürən hüquqi proses, qeyri-müəyyənlik və insanın öz əmək hüquqlarına münasibətini yenidən düşünməsidir».

Şikayətçi başına gələnləri əsas götürərək digər şəxslərə də əmək müqaviləsi bağlayarkən ehtiyatlı olmağı, əmək hüquqlarını əvvəlcədən qorumağı tövsiyə edir.

«Bütün bunları ona görə bölüşürəm ki, mənim yaşadığım təcrübə digər işçilər üçün də faydalı ola bilər. İnsan çox vaxt düşünür ki, illərdir çalışdığı şirkətlə gələcəkdə hər hansı problem yaşamayacaq. Ona görə də bəzən müəyyən ödənişlərin, razılaşmaların və hesablamaların sənədləşməsinə lazımi diqqət yetirilmir. Amma mübahisə yarandıqdan sonra vəziyyət dəyişir».

Onun sözlərinə görə, xüsusilə əmək müqaviləsində göstərilən məbləğlə faktiki əldə olunan ödənişlər arasında fərq varsa, əlavə bonuslar hesablanırsa və ya əməkhaqqından müəyyən tutulmalar aparılırsa, bu məsələlərin hüquqi əsasını vaxtında dəqiqləşdirmək və müvafiq sənədləri saxlamaq son dərəcə vacibdir. Çünki bu gün adi görünən bir sənəd və ya yazışma gələcəkdə işçinin hüququnu müdafiə etmək üçün mühüm sübuta çevrilə bilər.

«Mənim məhkəmə işim hələ başa çatmayıb və yekun qərarı gözləyirəm. Amma artıq bu prosesin özündən bir nəticə çıxarmışam: Əmək hüquqlarını problem yarandıqdan sonra deyil, əmək münasibətləri davam etdiyi müddətdə qorumaq daha asandır», – deyə R. Ağayev bildirir.

Məqalədə göstərilən şikayət və detallarla bağlı məsələyə aydınlıq gətirmək üçün FED.az biznes və maliyyə xəbərləri portalı “Mətanət-A” şirkətinə 2 gün əvvəl sorğu verib, hələlik, şirkətdən bununla bağlı  sorğuya cavab daxil olmayıb, sorğu cavablandırılarsa, həmin cavab məqaləyə əlavə olunacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
⇪